Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1058/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2rşı istifadə etdiyi torpağın ev tikilən yerə işlənməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 (bundan sonra mətndə cavabdeh) qarşı istifadə etdiyi torpağın ev tikilən yerə işlənməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-073A (kod: 61005088) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı, X5, X3 və X7 verilən 0,09 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü hissəsi onların qanunu istifadəsindəki yaşadığı evinin həyatyanı sahəsinə uyğunlaşdırılmaqla mövcud uyğunluqların yoxlanılması işləri aparılmaqla aradan qaldırılıb rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1970-ci ildə Bərdə rayonu, Cəyirli kəndində ona ailə üzvləri ilə birlikdə 0,09 ha torpaq sahəsi verilmiş, torpaq sahəsində ev tikmişlər və 50 ildən çoxdur ki, həmin evdə yaşayırlar. Bərdə rayon X1 xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə JN-073A (kod: 61005088) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin evə qeydiyyat vəsiqəsi almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh mübahisələndirlən torpaq sahəsi ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyini və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyini bildirmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi sahə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahələri Cəyirli kəndinin müxtəlif istiqamətlərində yerləşdiyindən üst-üstə düşmür. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020ci il tarixli imtina bildirişi, torpağın mülkiyyətə verilməsinə dair JN-073A (kod: 61005088) nömrəli şəhadətnamə və Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli (ölümün qeydə alınması barədə) arayışı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-073A (kod: 61005088) nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Cəyirli kənd sakini X9, İddiaçı, X5, X3 və X6 adına Bərdə rayon X1 xx.xx.1999-cu il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi üçün 0,09 ha torpaq sahəsi verilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********95 nömrəli imtina bildirişindən görünür ki, faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmür. Belə ki, şəhadətnamədə göstərilən sahə Cəyirli kəndinin başqa istiqamətində yerləşir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən və hazırda iddiaçının istifadəsində olan 0,09 ha torpaq sahəsi Aqrar islahat zamanı iddiaçının, onun vəfat etmiş həyat yoldaşı X4 və digər ailə üzvlərinin adına verilmişdir. Göründüyü kimi Bərdə rayonu, Cəyirli kəndində yerləşən və hazırda iddiaçının istifadəsində olan 0,09 ha torpaq sahəsi Aqrar islahat zamanı iddiaçının vəfat etmiş həyat yoldaşı X9 və onun ailə üzvlərinin adına verilmiş, lakin şəhadətnamədə göstərilən torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü cavabdehin qüsurlu faktiki hərəkətləri nəticəsində kəndin başqa istiqamətində göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından cavabdehin qüsurlu faktiki hərəkətləri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhv kimi qiymətləndirilir. Cavabdeh orqan bu düzəlişi aparmaq öhdəliyini daşıyır. - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (Qanunun 2.2-ci maddəsi). - Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (Qanunun 4.1-ci maddəsi). - Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır (Qanunun 8.0.5-ci maddəsi). - Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir (Qanunun 16.1-ci maddəsi). - Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır (Qanunun 16.2-ci maddəsi). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin xidməti vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı istifadəsində olan 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbində haqlıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 JN-073A (kod: 61005088) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı, X5, X3 və X7 verilən 0,09 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü hissəsi onların istifadəsindəki yaşayış evinin yerləşdiyi həyətyanı sahəsinə uyğunlaşdırılmaqla rəsmiləşdirilməsi vəzifəsi həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1058/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1058/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver