Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1059/2023 09.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı avtomobilin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "Lexus GS300" markalı, 2008-ci il buraxılışlı, JTHBG96S085062562 ban nömrəli, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Lizinq alan X1 arasında 08 fevral 2018-ci il tarixli JVN801/0389 saylı Daxili Lizinq müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürürülməsi haqqında sazişə əsasən iddiaçı lizinq alan kimi iştirak etmişdir. xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının 1801/0389 saylı daxili lizinq müqaviləsi üzrə borcu yoxdur, öhdəlik tam olaraq yerinə yetirilmişdir. **-PN-*** dövlət nömrə nişanlı LEXUS markalı, GS300 modellli (buraxılış ili 2008-ci il, ban nömrəsi JTHBG96S085062562, rəngi- gümüşü) minik avtomobili "xxxx" MMC-nin mülkiyyətindən çıxardaraq İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz edilməmişdir. İddiaçı 2008-ci il buraxılışlı, JTHBG96S085062562 ban nömrəli, **-PN-*** dövlət qeydiyyat nişanlı "Lexus GS300" markalı avtomobil üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması məqsədi ilə ərizə və ərizəsinə əlavə etdiyi digər rəsmi sənədlərlə birlikdə cavabdeh orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2022-ci il tarixdə 36687-1222 nömrəli məktubla ona imtina cavabı vermişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, avtomobili 2018-ci ildə lizinq müqaviləsinə əsasən almışdır, sonradan ödəniş qurtardıqdan sonra öz adına qeydə aldırarkən ona məlum oldu ki, ban nömrəsi ilə bağlı problem var. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AD 131974 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, **-PN-*** dövlət nömrə nişanlı LEXUS markalı, GS300 modellli (buraxılış ili 2008-ci il, ban nömrəsi JTHBG96S085062562, rəngi-gümüşü) minik avtomobili "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Ekolizinq MMC-nin xx.xx.2021-ci il tarixli, PB-01/321 nömrəli məktubunda bildirilir ki, "xxxx" MMC ilə Lizinq alan X1 arasında 08 fevral 2018-ci il tarixli №1801/0389 saylı daxili lizinq müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında sazişə əsasən İddiaçı lizinq alan qismində iştirak etmişdir, xx.xx.2021-ci il tarixindən etibarən lizinq alan İddiaçı 1801/0389 saylı daxili lizinq müqaviləsi üzrə borcu yoxdur, öhdəlik tam olaraq yerinə yetirilmişdir, **-PN-*** dövlət nömrə nişanlı LEXUS markalı, GS300 modelli (buraxılış ili-2008-ci il, ban nömrəsi- JTHBG96S085062562, rəngi- Gümüşü) minik avtomobilin "xxxx" MMC-nin mülkiyyətindən çıxardaraq İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz edilmir. -surəti işə əlavə edilmiş Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqal şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əməlində "Lexus GS300" minik markalı, 90 PN-910 dövlət qeydiyyat nişanlı avtomobilə bağlı hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə onun barəsində cinayət işi başlanması rədd edilmişdir. -Baş X3 İdarəsinin xx.xx.2022-ci il tarixli 36687-1222 nömrəli məktubunda bildirilir ki, "Lexus GS300" markalı, 2008-ci il buraxılışlı, JTHBG96S085062562 ban nömrəli nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən həmin avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması qeyri-mümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Lizinq alan X1 arasında 08 fevral 2018-ci il tarixli №1801/0389 saylı Daxili lizinq müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında sazişə əsasən İddiaçı lizinq alan qismində iştirak etmişdir, xx.xx.2021-ci il tarixindən etibarən lizinq alan İddiaçı tərəfindən öhdəlik tam olaraq yerinə yetirilmişdir, "xxxx" MMC sözügedən nəqliyyat vasitəsinin onun mülkiyyətindən çıxarılaraq İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, iddiaçı "Lexus GS300" markalı, 2008-ci il buraxılışlı, JTHBG96S085062562 ban nömrəli nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat hərəkətlərinin aparılması məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən həmin avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki işin hallarından müəyyən olunur ki, sözügedən avtomobil ilk dəfə xx.xx.2018ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Daha sonra 08 fevral 2018-ci il tarixli №1801/0389 saylı Daxili lizinq müqaviləsinə uyğun olaraq xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında sazişə əsasən avtomobil iddiaçı tərəfindən əldə edilmişdir. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili qanuni yolla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək mülkiyyətçinin konstitusion hüququdur və iddiaçı bu hüququndan istifadə edərək qanuni yolla əldə etdiyi avtomobilə dair müvafiq qeydiyyat hərəkətlərinin aparılmasını tələb edir. Məlumdur ki, nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. -2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. İşin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, bir halda ki, faktiki olaraq həmin avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları mövcuddur, eləcə də, iddiaçının əməlində həmin avtomobillə bağlı hər hansı bir cinayət tərkibinin əlamətləri olmamışdır, belə olan halda cavabdeh orqan tərəfindən həmin əmlak üzərində iddiaçının sərəncam hüquqlarını məhdudlaşdırması qanunsuz hesab edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, sözügedən avtomobilin dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. **-PN-*** dövlət nömrə nişanlı LEXUS markalı, GS300 modellli (buraxılış ili 2008-ci il, ban nömrəsi JTHBG96S085062562, rəngi-gümüşü) minik avtomobilin İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1059/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1059/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver