Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1059/2024 25.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik qrupunun bərpa edilməsi” tələbi üzrə inzibati mübahisəyə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya xəstəliyi ilə bağlı təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 il Daşkəsən rayonu şahmat məktəbində məşqçi müəllim, son 4 ildə isə baş məşqçi müəllim vəzifəsində çalışmışdır. Qeyd olunan vəzifədə işlədiyi müddətdə bel-oma yırtığından əziyyət çəkirdi və buna görə də 2021ci ildə cərrahi əməliyyat olundu. Əməliyyatdan sonra bir neçə ay bülletendə olmasına baxmayaraq əsəbləri pozuldu və pensiyaya çıxdı. 2013-cü ildən pensiya təyin olundu. 9 il pensiya almağına baxmayaraq 2021-ci ilin 28 iyulunda pensiyası dayandırılmışdır. TSEK tərəfindən xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ona xx.xx.2022-ci il tarixdə üçüncü dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2026-cı il tarix göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı əlilliyin bərpa edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsinə səbəb olan 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi,İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsada müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” alt sistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir, lakin qərardan narazı olan vətəndaşın müraciəti əsasında agentlik tərəfindən yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. “Diaqnoz əlillik əlaməti təyin etməməsi “ barədə xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərar dəyişdirilərək “Tam reabilitasiya olunması” na dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırda irəli sürülmüş iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddiasında ona təyin edilmiş müddətli ikinci dərəcə əlilliyinin vaxtından əvvəl ləğv edilməsinə dair qərarın ona aid hissədə ləğvini və ona təyin edilmiş müddətli ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini tələb edir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarından şikayət vermə müddətini ondan asılı olmayan səbəblərdən buraxmışdır, belə ki, iddiaçının hüquqi savadı olmadığından o, ilkin olaraq başa düşə bilməmişdir ki, onun 2021-ci il tarixində 5 il müddətinə təyin edilmiş əlilliyin kəsilməsinə səbəb olan məhz cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı səbəb olmuşdur ki, belə ki, həmin qərarla ona 2026-cı il tarixə kimi təyin edilmiş müddətli ikinci dərəcə əlillik kəsilmişdir. O, dəfələrlə cavabdeh qurumda əyani müayinələrdə olmuş gah diaqnoz əlillik əlaməti təyin etmir, gah da tam reabilitasiya olunma barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə müddəti 5 il olmaqla ümumi xəstəlik səbəbi ilə diaqnozun mətni: L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığına görə c/m sonrakı vəz. Bel oma fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sağ ayaq pəncəsinin parezi. Astenonevrotik sind.754 ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh qurumun 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə iddiaçının əlilliyi “ Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə təyin edilmiş əlillik mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində “əlillik” təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı cavabdeh qurum tərəfindən əyani müayinəyə dəvət edilmiş, əyani müayinədə iştirak etmədiyi təqdirdə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən iddiaçının əlilliyi cavabdeh qurumun 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə iddiaçının əlilliyi “ Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə təyin edilmiş əlillik mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində “əlillik” təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Cavabdeh orqan iddiaçıya bildiriş ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bundan sonra cavabdeh orqan xx.xx.2022-ci ildə iddiaçını əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyi halda mövcud tibbi sənədlərə baxış keçirdərək İddiaçı xx.xx.2021 -ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etməməsinə dair 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş müddətli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda olması əsas gətirilmişdir,lakin bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusu ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən daxil olan 05 aprel 2024-cü il tarixli, 3-17-1/2-77745/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə pensiyası cavabdeh qurumun xx.xx.2022-ci il tarixli, **********8 nömrəli xidməti məruzəsinə əsasən dayandırılmışdır. Həmin xidməti məktuba baxış keçirdərkən məlum olmuşdur ki, cavabdeh qurum 220 nəfər şəxsin pensiya,müavinət və ya təqaüd ödənişinin araşdırma yekunlaşana qədər dayandırılmasını xahiş etmişdir. Məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilməməklə, iddiaçının barəsində əvvəl qəbul edilmiş müddətli əlillik təyinatı barədə qərarın əsaslılığını inzibati icraat çərçivəsində iddiaçını əyani müayinəyə cəlb etmədən mövcud sənədlər əsasında yoxlamış və həmin əlilliyin ləğvi və diaqnoz əlillik təyin etməməsi barədə 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı qəbul etmişdir. İnzibati icraat haqqında hüquq normalarının (prosessual normaların) düzgün tətbiqinə baxmayaraq, həmin qərar bununla yanaşı, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz inzibati akt sayılır. Belə ki, “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Eyni zamanda cavabdeh orqan məhkəməyə sənədlər təqdim etsədə İddiaçı xx.xx.2022-ci il tarixli əyani müayinə aktına əsasən müayinədən keçdiyini və xx.xx.2022-ci il tarixli əyani müayinə aktının İddiaçı barəsində olmasını sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki,“İnzibati icraat haqqında” Qanunun 11.1ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə "İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanı tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki ən azından "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından sonradan iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, məhz Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan təhlil aparılması barədə qərarın daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti - cavabdeh inzibati orqanının iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. "İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəlarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh orqan iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsas kimi sənədlər təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli əyani müayinə aktı İddiaçı barəsində deyil, X3 barəsindədir. Məhkəməyə təqdime edilən xx.xx.2022-ci il tarixli əyani müayinə aktına baxış keçirdən zaman məlum olmuşdur ki, həmən əyani müayinə aktı Tər-Tər, Ə.Paşayev küçəsi, 23,02 ünvanında qeydiyyatda olan X6 barəsindədir. Eyni zamanda həmən əyani müayinə aktının rekvizitləri qeyd olunmamış və müayinə aktı imzalanmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilin aparılması, həmin təhlil zamanı müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb edilərək əlilliklərinin qiymətləndirilməsi zərurətinin yarandığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı müddətli əlillik xx.xx.2021-ci il tarixdə təyin edilərkən necə ola bilər ki, əyani müayinə aktı xx.xx.2022-ci il tarixli olsun, eyni zamanda məhkəməyə təqdim edilmiş alt sistemdən çıxarışdan görünür ki, iddiaçı X4 xx.xx.2021-ci il tarixində əlillik təyin edilən zaman akt nömrəsi 3OLW05F0008 qeyd edilmişdir. Eyni zamanda məhkəmə sənədlər təqdim etsədə İddiaçı xx.xx.2022-ci il tarixli əyani müayinə aktına əsasən müayinədən keçdiyini və xx.xx.2022-ci il tarixli əyani müayinə aktının İddiaçı barəsində olmasını sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında bir neçə “diaqnoz əlillik əlaməti təyin etmir” və “tam reabilitasiya olunma barədə “ qərar olsa da, İddiaçı xx.xx.2016-cı il tarixdə müddəti 5 il olmaqla ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlilliyi məhz cavabdeh orqanın iddiaçı barəsində mövcud tibbi sənədlərə baxış keçirdərək 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə iddiaçının əlilliyi “ Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə təyin edilmiş əlillik mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində “əlillik” təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Daha sonra iddiaçı onun müddətli əlilliyinin 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə ləğv edildiyini bilmədən bir neçə dəfə əyani müayinədən keçmişdir,lakin iddiaçının xx.xx.2016-cı il tarixdə müddəti 5 il olmaqla ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlilliyi məhz cavabdeh orqanın iddiaçı barəsində mövcud tibbi sənədlərə baxış keçirdərək 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə ləğv edildiyindən məhkəmə tərəfindən də cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsinə səbəb olan 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsinə səbəb olan 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1059/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1059/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver