Məhkəmə qərarları › İş №2-1(114)-1059/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1059/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1059/2025 19.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X1 və X3 Xidmətinə qarşı kiçik həcmli gəmi üçün mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X1 və X3 Xidmətinə qarşı Yaz-M204B №624787 nömrəli, BMK-130 tipli kiçik həcmli gəmi üçün mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X1 və X3 Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-1871/2-S-4xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Xidmətin qeydiyyat-reyestr sənədlərinə əsaəsn “Yaz-M204B 624787” nömrəli “BMK-130” tipli kiçikhəcmli gəmi Xidmətdə qeydiyyata alınmamışdır.

2. İddiaçı kiçik həcmli gəmi üçün mülkiyyət hüququnun verilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X1 və X3 Xidmətinə etidiyi müraciətə, həmin Xidmətin xx.xx.2024-cü il tarixli 3-18-71/2-S-153/2-28/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 26 iyul 2007-ci il tarixli 073 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı Qaydaları"nın 2.2. bəndinə əsasən: gəmi sahibləri və ya onların adından qanunvericiliyə müvafiq olaraq etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndələri tərəfindən gəmilərin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilir. gəmi sahibi tərəfindən doldurulmuş ərizə kartı; - gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd; - Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd. - gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır): - qaimə; - alqı-satqı və ya bağışlanma müqaviləsi; - vərəsəlik haqqında şəhadətnamə; - xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd (Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən təsdiq edilməlidir); - Xidmət tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı; zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti; - gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş rüsumun ödənilməsini təsdiq edən sənəd; - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər. Ərizədə qeyd etdiyi katerin X1 və X3 Xidmətində dövlət qeydiyyatına alınması üçün yuxarıda göstərilən sənədləri təqdim etməyi xahiş edilir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X1 və X3 Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Yaz-M204B №624787 nömrəli, BMK-130 tipli kiçik həcmli gəmi üçün mülkiyyət hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində 1987-ci il istehsalı olan Yaz-M204B №624787 nömrəli BMK-130 tipli kiçik həcmli gəmi var. Həmin gəmi 30 ildən çoxdur ki, onun mülkiyyətindədir. Həmin gəmini alan zaman gəmiyə aid bütün sənədləri alsa da, 25 il bundan əvvəl evindən digər sənədlər itən zaman gəmiyə aid bütün sənədlər də itmişdir. O, savadsız olduğundan gəminin qeydiyyata alınmalı olmasından xəbərsiz olmuşdur. O, son zamanlar gəminin qeydiyyata alınması üçün müvafiq orqanlara müraciət edən zaman ondan gəminin sənədlərini tələb etmişlər.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Yaz-M204B №624787 nömrəli, BMK-130 tipli kiçik həcmli gəminin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

10. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

14. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. İddiaçı hazırki tələbində Yaz-M204B №624787 nömrəli, BMK-130 tipli kiçik həcmli gəmi üçün mülkiyyət hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

16. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

17. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

18. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli kiçik həcmli gəmiyə dair mülkiyyət hüququnun verilməsi üçün iddiaçının həmin gəmiyə dair hüquqmüəyyənedici sənədi olmalıdır ki, cavabdeh orqanın imtinası nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

19. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

20. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 26 iyul 2007-ci il tarixli 073 nömrəli ƏMR-i ilə təstiq edilmiş "Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı Qaydaları"nın 2.2. bəndinə əsasən gəmi sahibləri və ya onların adından qanunvericiliyə müvafiq olaraq etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndələri tərəfindən gəmilərin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilir. - gəmi sahibi tərəfindən doldurulmuş ərizə kartı; - gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd; - Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd. - gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır): - qaimə; - alqı-satqı və ya bağışlanma müqaviləsi; - vərəsəlik haqqında şəhadətnamə; - xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd (Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən təsdiq edilməlidir); - Xidmət tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı; - zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti; - gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş rüsumun ödənilməsini təsdiq edən sənəd; - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər.

21. Hazırki işdə isə, mübahisə predmeti olan gəminin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil.

22. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

23. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

25. Məhkəmə onu da qeyd edir ki, iddiaçının sözügedən gəmiyə dair hər hansı hüquqmüəyyənedici sənədləri olmadığından və o, həmin sənədləri itirməsi halına istinad etdiyindən o, həmin gəmiyə sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbi ilə ərazi aidiyyat qaydalarına riayət etməklə, müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar