Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-106/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1982-ci il tarixdə Xanlar rayon Üçtəpə kəndində anadan olmuşdur. “AZEMİS” Elektron Məhkəmə Sistemdəki məlumatlara əsasən iddiaçı xx.xx.2003-cü il tarixdən həmin kənddə qeydiyyatdadır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 31 nömrəli rəyə əsasən fərdi mənzil tikintisi məqsədilə iddiaçıya satışa çıxarılan 1x600 kv.m torpaq sahəsi Göygöl rayon Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası Əkin BEF, İ-keyfiyyət qrupuna aid olmaqla 100-ballı torpaq sahəsidir. Torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqələrinin baş planına, ərazinin planlaşdırılmasına və tikintisi layihələrinə uyğundur. Həmin yer başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməmişdir. Elektrik, rabitə, nəqliyyat qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmir. İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısına görə xx.xx.2012-ci il tarixdə 656 manat Üçtəpə bələdiyyəsinə, 492 manat isə Göygöl bələdiyyəsinə ödənilmişdir. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş və bələdiyyə sədri tərəfindən təsdiq edilmiş akta əsasən iddiaçıya (və digər şəxslərə) torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı protokolqərarına əsasən İddiaçı və digər 5 nəfərə bələdiyyə ərazisindən 0,47 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2012-ci il tarixdə bələdiyyə orqanının nümayəndəsinin, iddiaçının, rayon (şəhər) torpaq şöbəsi mütəxəssisinin iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2012-ci il tarixdə Göygöl rayon torpaq şöbəsində 382 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi ilə bağlı xx.xx.2012-ci il tarixdə Dövlət torpaq kadastrı kitabında 246 nömrə ilə uçota alınmış A seriyalı 408297 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədin 3-cü səhifəsində torpaq sahəsinin kadastr göstəriciləri, Torpaq sahəsinin qaiməsində (sertifikatı) torpaq sahəsinin ölçüsü 609 kv.m göstərilmişdir. Qərar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Gəncə Regional Ədliyyə İdarəsinə göndərilməmişdir (sonuncunun xx.xx.2023-cü il tarixli, 02/86 nömrəli məktubuna əsasən). İddiaçı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmiş, müraciət xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1434/2023 nömrəli məktubda bildirmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki 0.0691 ha torpaq sahəsinin, sənəd üzrə 0.06 ha torpaq sahəsindən çox olduğu və yerdə qalan 0.0091 ha torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Göygöl rayonu Üçtəpə bələdiyyəsi tərəfindən 0,06 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci ii 23 oktyabr tarixli, 466-İİİQD nömrəli Qanununa edilmiş dəyişikliyə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinə "Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər" sözləri əlavə edilmişdir. Göygöl rayonu Üçtəpə bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan xx.xx.2012-ci il tarixində müraciət qəbul edilmiş, xx.xx.2012-ci il tarixində, 08 saylı qərara əsasən "Torpaqların alqı-satqısına dair" Akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanurunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2553/2023 və 3-21-3-33/2-2595 nömrəli məktublarına əsasən İdarənin istifadəsində olan yeni uçot xəritəsinə ("AZCAD" və "TEKUİS") istinadən, xx.xx.2012-cü il tarixli, 246 nömrəli (A 408297) "Torpaq sahəsinin planı və ölçüsü"də göstərilən 600 m2 torpaq sahəsinin Göygöl bələdiyyəsinə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid olduğu, lakin həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi üzərində heç kəsin hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2012-cù il tarixli, 246 nömrəli (A 408297) "Torpaq sahəsinin planı və ölçüsü"də göstərilən 600 m2 torpaq sahəsinin 8 m2 hissəsi X5 məxsus (**********09 reyestr nömrəsi) torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyənləşdirilmişdir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə (poçta verildiyi tarix) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha torpaq sahəsinin qeydə alınması”nı xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ərizəsində yuxarıda qeyd olunan halları qeyd etmiş və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 157.1 və 178.1-ci maddələrinə istina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3727/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda imtinanın əsasını iddiaçının 6 sotdan artıq torpaq sahəsi istifadə etməsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl rayonu Üçtəpə bələdiyyəsi iştirakı adi olan, X4 isə iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə alınmış mütəxəssis və ekspert rəylərinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Üçüncü şəxs Göygöl rayonu Üçtəpə bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Üçüncü şəxs Göygöl rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş mütəxəssis rəyinə əsasən Göygöl rayonu Üçtəpə bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli 08 saylı qərarı ilə, iddiaçıya satılmış, Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinin A 408297 nömrəli plan və ölçü sənədinə əsasən 0.06 ha torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirilb-dəyişdirilməməsi barədə, elektron baza və arxiv sənədlərində məlumat mövcud deyildir. İddiaçının naturada təqdim etdyi faktiki istifadəsində olan 0.065 ha sahənin, 0.06 ha hissəsi A 408297 nömrəli plan və ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, istifadəmizdə olan elektron baza materiallarında, məlumat aşkarlanmadı. Qeydə alınması nəzərdə tutulan (iddiaçının naturada təqdim etdyi faktiki istifadəsində olan) torpaq sahəsinin, hər-hansı digər şəxslərin, mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərldə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmadı. Rəy hazırlanarkən, naturada təqdim olunan faktiki istifadə sahəsinə, A 377865 nömrəli "Torpaq sahəsinin plan və ölçü" sənədindəki koordinatlara, daşınmaz əmlaklara (torpaq sahəsi və tikili) dair istifadəmizdə olan elektron məlumat bazasına, Göygöl (Xanlar) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (KOD ********) yerquruluşu planına və Göygöl rayonu Üçtəpə kənd ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsinə istinad olunmuşdur. Məhkəmə iclasında dinlənilən Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi Sevindik Həsənov rəylə bağlı bildirmişdir ki, bələdiyyə qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi satılmış, lakin plan ölçü sənədinin torpaq sahəsinin qaiməsi hissəsində 609 kv.m qeyd olunmuşdur. İddiaçının faktiki istifadəsində 6,5 sot torpaq sahəsi vardır. Fərdi yaşayış evi də 6 sot torpaq sahəsi üzərində yerləşir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7701 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarı ilə bələdiyyənin ehtiyat fond torpağından 0,06 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödənişlər edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2012-ci il tarixdə 382 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə iddiaçıya bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan iddiaçının istifadəsində artıq torpaq sahəsi olmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh quruma faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı deyil, bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində hüquqların qeydə alınmasıla bağlı müraciət etmişdir. Həmçinin, işdəki mütəxəssis rəyinə əsasən iddiaçıya verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin hazırda, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahə olması, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı, torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev