Məhkəmə qərarları › İş №2-1(114)-1060/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1060/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1060/2021 04.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Qaraağacı bələdiyyəsinə qarşı (üçüncü şəxslər Tərtər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti, Tərtər rayon Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) pay torpaq sahəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Tərtər rayon Qaraağacı bələdiyyəsinə qarşı 26.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 adına qanunla müəyyən edilmiş qaydada və ölçüdə pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 18.01.1997-ci il tarixədək valideynlərinin yanında yaşamış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27.08.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 3.33 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilsə də, mərhum atası X2 adına pay torpaq sahəsi verilməmişdir. İddiaçı hesab edir ki, aqrar islahat keçirilən zaman mərhum atasının adının kolxozun özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında göstərilməməsi sonuncunun sağlığında hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İV-ЖГ 442536 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 18.01.1997-ci il tarixdə vəfat etmişdir. -Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər rayon Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.08.2019-cu il tarixli, 436 nömrəli arayışından görünür ki, Tərtər rayon Qaraağacı kəndində aqrar islahat aparılan zaman X3 pay torpaq sahəsi verilməmişdir. -Tərtər rayon Qaraağacı bələdiyyəsinin 11.09.2019-cu il tarixli, 34 nömrəli arayışından görünür ki, Tərtər rayon Qaraağacı kəndində aqrar islahat aparılan zaman X6 vəfat etdiyinə görə ona pay torpaq sahəsi verilməmişdir. -Tərtər rayon Qaraağacı bələdiyyəsinin 05.04.2021-ci il tarixli, 35 nömrəli məktubundan görünür ki, Tərtər rayon Qaraağacı kəndində aqrar islahat aparılan zaman həmin dövrə qədər vəfat etmiş kənd sakinlərinin adı islahat siyahısından çıxarılmış və onlara pay torpaq sahəsi verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad edərək onun mərhum atasına verilməmiş pay torpaq sahəsinin verilməsi öhdəliyinin bələdiyyənin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh orqan iş materiallarında olan müvafiq arayışında qeyd etmişdir ki, Tərtər rayon Qaraağacı kəndi üzrə aqrar islahat aparılan zaman həmin dövrə qədər vəfat etmiş kənd sakinlərinin adı islahat siyahısından çıxarılmış və onlara pay torpaq sahəsi verilməmişdir, bu səbəbdən də iddiaçının mərhum atasına pay torpaq sahəsi verilməmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının atası X6 18.01.1997-ci il tarixdə vəfat etmiş, Tərtər rayon Qaraağacı kəndi üzrə aqrar islahat isə 1998-ci ildə aparılmışdır. Deməli həmin kənd üzrə aqrar islahat aparılan zaman mərhum X2 adı torpaq payı almaq hüququ olan subyektlərin siyahısında ola bilməzdi. Başqa sözlə ölmüş şəxsə pay torpaq sahəsinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -12.1-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan Fərmanla X1 hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5 maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -7.3 maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, eləcə də bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında torpaq islahatı zamanı torpaq payı almayan vətəndaşlara əvəzsiz torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır, eyni zamanda Tərtər rayon Qaraağacı bələdiyyəsi X1 hüquqi varisi olmadığından onun həmin orqan tərəfindən iddiaçının mərhum atasına verilməmiş pay torpaq sahəsini öz hesabına konpensasiya etmək öhdəliyi də yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Tərtər rayon Qaraağacı bələdiyyəsinə qarşı pay torpaq sahəsinin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar