Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1065/2021 07.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 1991-ci il tarixdə Tərtər rayon Hərbi Komissarlığı vasitəsilə istifadə etdiyi avtobusun xidmətindən istifadə etmək şərtilə könüllü olaraq Tərtər Ərazi Özünü Müdafiə Batalyonu komandiri polkovnik leytenant Boris Zöhrabovun 23.04.1992-ci il tarixli, 70 §5 №-li əmri ilə Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun tərkibinə daxil olmuş və Batalyonun tərkibində xidmət etdiyi 12.05.1994-cü il tarixədək olan müddət ərzində ПАЗ-672 markalı, 64-08 AЖK nömrəli avtobusun xidmətindən istifadə etməklə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, barəsində hərbi cinayətlə bağlı heç bir cinayət işi və ya təhqiqat materialı olmamışdır. Qeyd olunanlara əsasən Tərtər ƏÖMB tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən müharibə veteranı sayılır, lakin o faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Tərtər rayon Hərbi Komissarlığına, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona ünvanlanmış 24.03.2021-ci il tarixli, 1/M-7349 №-li məktubda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 19.05.2020-ci il tarixli, 9/2-5616 nömrəli arayışına əsasən TƏÖMB-da 23.04.1992-ci il tarixdə 7 gün müddətində sürücü kimi məlumat olmasına baxmayaraq, «hərbi statusununz olduğu və hansı tarixə qədər sürücü vəzifənizdə olmağınız barədə məlumat aşkar olunmadığına görə ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı» bildirilmiş və bu səbəbdən də, həmin arxiv arayışı tam, hərtərəfli və qərəzsiz qiymətləndirilmək əvəzinə birtərəfli qiymətləndirilərək ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmamasına dair düzgün olmayan nəticəyə gəlinmişdir ki, bununla da onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmiş, lakin iddiaçıya verdiyi 24.03.2021-ci il tarixli imtina məktubunda, habelə məhkəməyə göndərdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçı hərbi qulluqçu statusuna malik olmayıb. Tərtər Ərazi Özünümüdafiə Batalyonunda 23.04.1992-ci il tarixdən 7 (yeddi) gün müddətində xidməti barədə məlumat olduğundan, onların hazırki mübahisə üzrə cavabdeh olmadığını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarına əsasən iddiaya cavab verməli qurumun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası, keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Göygöl, Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının ərazilərində aparılan X1 dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Beləliklə məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarına, habelə maddi hüquq normasına əsaslanaraq hesab edir ki, İddiaçı 23.04.1992-ci il tarixdən Tərtər ƏÖMB-da xidmət etdiyindən hazırki mübahisədə Müdafiə Nazirliyi cavabdeh ola bilməz. X1 dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı komissiyanın rəyinə əsasən verilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi Müdafiə Nazirliyinə qarşı mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1065/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1065/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver