Məhkəmə qərarları › İş №2-1(114)-1065/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1065/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1065/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli, 3-17-1/2-K-232696/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmiş, belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə ona münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20326,44 manat təşkil etmişdir. Sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş 6 ay) çatdıqdan sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır, buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək (1 il 9 ay 28 gün ) Texniki Peşə məktəbində orta texniki peşə təhsili aldığı müddətin, xx.xx.1985-cü ildən xx.xx.1988-ci ilədək (2 il 8 ay 20 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (lil 9 ay 19 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 3 ay 15 gün) AR MN-nin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək (24 il 21 gün) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (infeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2022-ci ildən hal-hazıradək 1 (bir) il (1 ay ) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işlədiyi müddətlərin, ümumilikdə xx.xx.2006-cı ilədək 16 il 8 ay 10 gün ümumi, 9 il 18 gün xüsusi (güzəştli) şərtlərlə iş stajının, pensiya hüququnun yarandığı xx.xx.2021-ci ilədək isə 31 il 8 ay 1 gün ümumi, 24 il 9 ay 27 gün xüsusi ( güzəştli ) şərtlərlə iş (sığorta) stajının ona sığorta stajı kimi hesablanması və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1966-cı ildə anadan olmuş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək (1 il 9 ay 28 gün ) Texniki Peşə məktəbində orta texniki peşə təhsili almış, əmək fəaliyyətinə xx.xx.1985-ci ildən başlamışdır. Belə ki, xx.xx.1985-cü ildən xx.xx.1988-ci ilədək (2 il 8 ay 20 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (lil 9 ay 19 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 3 ay 15 gün) AR MN-nin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək (24 il 21 gün) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək (11 ay) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işləyir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1041№-li arayışda və güzəştli arayışda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Əmək kitabçasında göstərilən əmək fəaliyyəti əmək müqaviləsinə dair Elektron İnformasiya sistemi Portalından çıxarılmış bildirişlərlə təsdiq edilir. Beləliklə, əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş güzəştli arayışda olan qeydlərə əsasən o xx.xx.2006-cı ilədək 16 il 8 ay 10 gün ümumi, 9 il 18 gün xüsusi (güzəştli) şərtlərlə iş stajına, pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2021-ci ilədək isə 31 il 8 ay 1 gün ümumi, 24 il 9 ay 27 gün (xüsusi ) güzəştli şərtlərlə iş (sığorta) stajına malikdir. xx.xx.2006-cı ilədək 16 il 8 ay 10 gün ümumi, 9 il 18 gün xüsusi ( güzəştli) şərtlərlə iş stajına, 55 yaşının tamam olduğu pensiya hüququnun yarandığı xx.xx.2021-ci ilədək isə 31 il 8 av 1 gün ümumi, 24 il 9 ay 27 gün xüsusi (güzəştli) şərtlərlə iş (sığorta) stajına malik olduğundan, xx.xx.2006-cı ildən qüvvəyə minmiş « Əmək pensiyaları haqqında » Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ №-li Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 3(üç) mühüm şərtdən (55 yaşma çatmaq, azı 20 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) ikisi (azı 20 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) mövcud olmuş, üçüncü sərt olan 55 yaşna çatmaq isə xx.xx.2021-ci il tarixdə mövcud olmuşdur. Bu səbəbdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 10 oktyabr 2021-ci il tarixdə yaranmışdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.2022-ci il tarixədək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) azı 20 il sığorta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməli, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2021 -ci ıl tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20326,44 manat təşkil edirdi. Beləliklə dördüncü şərt ödənilmir. Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 58 yaş 06 ayının ( 63 yaş 06 ay - 5 il) tamam olduğu xx.xx.2025-ci il tarixdə çatacaqdır. Beləliklə dördüncü şərt ödənilmir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -57yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.2017-ci il tarixədək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır. 1) tələb olunan yaş həddinə çatmalı (52 yaş), 2) azı 20 il sığoıta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməli. Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 52 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 52 yaşı xx.xx.2018-ci il tarixdə tamam olması səbəbindən birinci şərt ödənilmir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək penisiyasını 2021-ci il tarixdən tələb etdiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə mümkün olduğundan, iddiaçının güzəştli şərtlərlə iş stajı çatsa da, iddiaçının hazırki tələbi üzrə pensiya kapitalı mövcud tələbin ödənilməsi üçün kifayət etmir, buna görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K- 232696/2023 nömrəli imtinası, cavabdehin xx.xx.2023-ci il tarixli etirazı, cavabdehin 23 fevral 2024-cü il tarixli, 3-17-1/2-43714/2024 saylı məhkəmə sorğusuna cavab məktubu və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə əsasən iddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, 1985-1990-cı illərdə zavodda işləmiş, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 3 ay 15 gün) AR MN-nin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək (24 il 21 gün) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək (11 ay) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işləyir. İddiaçı hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (qadınlar üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər: 1. 55 yaşının tamam olması; 2. azı 20 il sığorta stajına malik olması; 3. 20 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Göstərilən tələblərdən ilk üçü iddiaçı tərəfindən ödənilsə də, sonuncu tələb ödənilmir. Belə ki, məhkəmənin sorğusuna cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 43714/2024 saylı cavab məktubuna əsasən iddiaçının pensiya kapitalı 1992-ci ilə qədər 4089,4 manat, 1992-dən 2006-ya qədər 9371,5 manat, 2006-dan sonra 10646,22 manat olmaqla ümumilikdə 24107,12 manat təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı azı 20 il sığorta stajına malik olması və onun 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması cavabdeh tərəfindən mübahisələndirilməmiş və İddiaçı azı 20 il sığorta stajına malik olması və onun 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması qəbul edilmişdir. Cavabdeh tərəfindən yalnız İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə istinad edərək iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Göründüyü kimi, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 46800,00 manat tələb olunduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24107,12 manat olmuşdur. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin hamısı mövcud olmadığında onun hazırkı tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar