Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1065/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 Bayram oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehə qarşı “Cavabdeh Mühafizə Alayında xidmət etdiyi 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin noyabr və dekabr ayları, 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün – ümumi olaraq 09 ay üzrə ödənilməmiş kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ədliyyə orqanlarında xidmət etdiyi 2020-ci il tarixdən 2023-cü il tarixinə qədər olan dövrlərdə ona ödənilməli olan 4500 manat kirayə və köçürülmə pulu və geyim formasının əvəzinə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2021-ci il tarixində Ədliyyə orqanlarında xidmətə başlamışdır. ünvan 1 ünvanında qeydiyyatda olmağısına baxmayaraq, 2020-ci ildən 2023-cü ilə qədər Bakı şəhərində yerləşən 3 saylı İstintaq Təcridxanasında xidmət etmişdir. 2023-cü il tarixdə qulluq illərinə görə pensiyaya çıxmağı ilə əlaqədar olaraq, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından işdən azad edilərək ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Xidmət etdiyi müddət ərzində hüquqları pozulmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmiş, ona tələbi ilə bağlı imtina cavabı verilmiş və kirayə və köçürülmə pulunun kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Məktubda qeyd olumuşdur ki, qulluqda olduğu müddətdə yaşadığı müvəqqəti mənzilin kirayəsi üçün 945 manat və istifadə etmədiyi məzuniyyət illərinə görə 2912 manat 96 qəpik kompensasiya hesablanaraq onun cari hesabıma köçürülmüşdür. İddiaçı hesab edir ki, imtina əsassızdır. Göründüyü kimi, o, 2020-ci ildən 2023-cü ilə kimi Bakı şəhərində xidmət etmişdir. Bakı şəhərində xidmət etdiyi dövrdə kirayə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 34 ünvanında və ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 2020-ci ildən 2023-cü ilə kimi xidmət etdiyi dövrdə, 2020-ci ildə 3 ay, 2021-ci ildə 3 ay, 2022-ci ildə 4 ay, ümumilikdə 10 ay kirayə haqqı, hər ay üçün 450 manat, ümumilikdə 4500 manat ona verilməmişdir. Yaşayış yerindən uzaqda xidmət etmiş, həmçinin xidməti dövründə geyim əşyaları ilə də tam təmin olunmamışdır. Yaşayış yerindən uzaqda xidmət etməsinə baxmayaraq ona hər hansı bir kompensasiya ödənilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il, 2-1(114)-1065/2025 nömrəli qərardadı ilə iddia tələbi “Cavabdeh Mühafizə Alayında xidmət etdiyi 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün, 2021-ci ilin aprel, oktyabr, noyabr və dekabr ayları üçün, 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün - ümumi olaraq 10 ay üzrə ödənilməmiş kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il, 2-1(114)-1065/2025 nömrəli qərardadı ilə iddia tələbi “Cavabdeh Mühafizə Alayında xidmət etdiyi 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin noyabr və dekabr ayları, 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün – ümumi olaraq 09 ay üzrə ödənilməmiş kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı "kirayə, köçürülmə pulunun və geyim forması əvəzinə kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən Penitensiar xidmətdə kiçik rəis heyəti qismində qulluğa qəbul edilmişdir. Qulluq müddətində xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 2 saylı istintaq təcridxanasının rejim-nəzarət şöbəsinin nəzarətçi və böyük nəzarətçisi, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Mühafizə alayının 9-cu atıcı bölüyünün MTAQ üzrə texniki nəzarətçisi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 saylı istintaq təcridxanasının rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləmişdir. Penitensiar xidmət üzrə xx.xx.2023-cü il tarixli 657/k saylı əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.12-ci maddəsinə müvafiq olaraq (qanunla nəzərdə tutulmuş digər hallarda) qulluq illərinə görə pensiyaya cıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası" nın 8-ci bəndində qeyd olunub ki, işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq keçmə yerinə köçməsini və ev əşyalarının (əmlakın) daşınmasını təsdiq edən sənədlər (təyin olunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir. Həmin Qaydaların 9-cu bəndinə əsasən birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyin olunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 12 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası" analoji ictimai münasibətləri tənzimləyir. Qeyd olunan Qaydalarda əməkdaşlara mənzil kirayəsi pul kompensasiyası əməkdaşın raportu və müvafiq sənədlər əsasında ödənilir. (Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən işçinin qulluq keçdiyi müvafiq qurumun yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış; mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə və sair. Qeyd etmək lazımdır ki, müəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir. İddiaçı işlədiyi dövrdə köçürülmə pulu barədə rəsmi müraciət etməmişdir. Belə ki, köç pulunun əvəzinə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət olunmadığından kompensasiyanın ödənilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi müqavilənin bağlandığı müddətdən, yəni 2020-2023-cü illər ücün kirayə pulu Penitensiar Xidmət tərəfindən ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 Bayram oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İşin halları Bakı şəhəri 15 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə 3M-22 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə müqaviləsi) müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən mənzil X1 tərəfindən İddiaçı kirayəyə verilmişdir. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə 3M-724 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə müqaviləsi) müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 34 ünvanında yerləşən mənzil X2 tərəfindən İddiaçı kirayəyə verilmişdir. Azərbaycan Respublikası Cavabdeh təəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətin icrası məqsədilə qulluqda olduğu müddətdə yaşadığı müvəqqəti mənzilin kirayəsi üçün 945 (doqquz yüz qırx beş) manat 00 qəpik və istifadə etmədiyi məzuniyyət illərinə görə 2912 (iki min doqquz yüz on iki) manat 96 qəpik kompensasiya hesablanaraq Penitensiar Xidmət tərəfindən onun cari hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi məqsədilə 2020, 2021 və 2022-ci illər üzrə Penitensiar Xidmət tərəfindən hazırlanmış dövlət büdcəsinin layihəsinin 222420 "Kirayə haqqı maddəsinə ******* manat vəsait tələb olunduğu halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Penitensiar xidmətin 2020, 2021 və 2022-ci illər üzrə büdcə smeta xərclərinin müvafiq xərc maddəsinə 800000 manat vəsait ayrılmışdır. Bu səbəbdən kirayədə yaşayan əməkdaşların bir qisminə o cümlədən, İddiaçı 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında kirayə pulu ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cavabdeh Mühafizə Alayının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Mühafizə alayında qulluq edən əməkdaş İddiaçı kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı 2020-ci il il (yanvar-sentyabr), 2021-ci il (yanvar-oktyabr) və 2022-ci il (yanvar-avqust) tarixlərdə İddiaçı "xxxx"ASC-də olan **********933239113 nömrəli bank hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37. Penitensiar xidmətin əməkdaşlarına verilən təminatlar 37.7. Müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı Cavabdeh Mühafizə Alayında xidmət etdiyi 2020, 2021 və 2022-ci illər üzrə ödənilməmiş kirayə pulunun ödənilməsini xahiş edir. İşin hallarından müəyyən olunur ki, İddiaçı ədliyyə orqanlarında xidmət etmiş, 2019cu ildə iş yeri dəyişdirilərək Bakı şəhərində yerləşən Cavabdeh Mühafizə Alayında xidmətə göndərilmişdir. İddiaçı xidmət etdiyi dövrdə Bakı şəhərində kirayə müqavilələri əsasında müvafiq mənzillərdə qalmışdır. İddiaçı kirayədə yaşadığı üçün cavabdeh tərəfindən ona aylıq müvafiq kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı məktub və arayışdan görünür ki, İddiaçı 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin noyabr, dekabr və 2022ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında kirayə pulu ödənilməmişdir. Cavabdeh orqan bu halı maliyyə vəsaitinin çatışmaması ilə əsaslandırmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 37.7-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd olunan normasından görünür ki, xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına kompensasiya ödənilir. Kompensasiyanın hər hansı bir səbəbdən ödənilməməsinin mümkünlüyü isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhərində xidmət etdiyi dövrdə ödənilməmiş kirayə pulu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Cavabdehin Mühafizə Alayında xidmət etdiyi 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin noyabr və dekabr ayları, 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün – ümumi olaraq 09 ay üzrə ödənilməmiş kirayə pulunun ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Cavabdehin Mühafizə Alayında xidmət etdiyi 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin noyabr və dekabr ayları, 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün – ümumi olaraq 09 ay üzrə ödənilməmiş kirayə pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdehə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1065/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1065/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver