Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1066/2020 17.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 X4 Qazax rayon filialına qarşı təhsil müddətinin və işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı illəri və 1998-2001-ci illərdə X5 Komissiyasının üzvü kimi işlədiyi illərin sosial sığorta stajına hesablanması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil alaraq zoomühəndis ixtisası almış, xx.xx.1978-ci ildən isə əmək fəaliyyətinə başlamış və həmin vaxtdan xx.xx.2002-ci ilədək Qazax rayon Orta Salahlı sovxozunda müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı DSMF-nin Qazax rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 X4 Qazax rayon filialına qarşı 1973-1978-ci illərdə X2 İnsitutunda əyani təhsil aldığı müddətin, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması və pensiya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 X4 Qazax rayon filialına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2006-cı il tarixədək yaşına görə tələb edilən iş stajı və yaxud xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığına görə İddiaçı pensiya təyin edilməsindən imtina edilmişdir. -İddiaçı məxsus ИТ ******* nömrəli, xx.xx.1989-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X5 Komissiyasının üzvü kimi işləmişdir. -İddiaçı məxsus Ю 292475 nömrəli, xx.xx.1978-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı müddətin və əmək kitabçasına əsasən işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də , cavabdeh orqan xx.xx.2006-cı il tarixədək yaşına görə tələb edilən iş stajı və yaxud xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığına görə İddiaçı pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Beləliklə təqdim edilmiş əmək kitabçasından görünür ki iddiaçı həqiqətən xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək X5 Komissiyasının üzvü kimi işləmişdir. Məhkəmə qeyd olunan əmək kitabçasını mötəbər sübut kimi qəbul edir. Həmçinin məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə iddiaçının sosial sığorta stajı barədə təqdim etdiyi sənədlərə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 22 il 1 ay işlədiyi müddət və 5 il təhsil müddəti olmaqla ümumilikdə 27 il 1 ay sığorta stajı qazanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Odur ki, iddiaçının 1973-1978-ci illərdə X2 İnsitutunda əyani təhsil aldığı müddətin və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması və pensiya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1973-1978-ci illərdə X2 İnsitutunda əyani təhsil aldığı müddətin və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 X4 Qazax rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1066/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1066/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver