Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1066/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin 11.03.2021ci il tarixli, 1/Q-6239 saylı məktubu ilə İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-1990-cı illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və ehtiyata buraxılmışdır. Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 02.02.1993-cü il tarixdən Tərtər rayon Hərbi Komissarlığı vasitəsilə həqiqi hərbi xidmətə çağırılmış, 02.02.1993-cü il tarixdən (Tərtər Ərazi Özünümüdafiə Batalyonu komandiri mayor Sərdar Həmidovun 12.02.1993-cü il tarixli, əmr № 182, §2, sıra 6) 07.11.1994-cü il tarixədək (əmr № 110) Tərtər ƏÖMB-da (N nömrəli hərbi hissədə) həqiqi hərbi xidmətdə olmuş, 02.02.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək Tərtər ƏÖMB-nun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda (Tərtər bölgəsində) erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, belə döyüşlərdə 2 (iki) dəfə yaralanaraq mart 1993-cü ildən noyabr 1993-cü ilədək əvvəlcə qısa müddətdə Ağdam Rayon Qaradağlı kəndində yerləşən hospitalda, sonra Bakı şəhərində Travmatologiya İnstitutunda, daha sonra isə X1 (red. Sahil metrosu yaxınlığında yerləşən tibb müəssisəsində əməliyyat olmuş və onu əməliyyat edən cərrah Səmədov, həkim Ədilə Ağayeva olmuşdur) müayinə və müalicədə olmuşdur. N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli, 1N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyət siyahısından və qazan təminatından çıxarılmışdır. Barəsində hərbi cinayətlə bağlı heç bir cinayət işi və ya təhqiqat materialı yoxdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “Q”, sıra 927, məlumatda hərbi hissəyə daxil olunması barədə qeydiyyat aparılmamışdır) İddiaçı Tərtər RHK-dan çağırılması və komandirin 07 noyabr 1994-cü il tarixli 1N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli 1N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Tərtər RHK-dan çağırılmış, atıcı, sıravi İddiaçı Tərtər ƏÖMB komandirinin 12 fevral 1993-cü il tarixli 182 №-li əmrilə (əsas: § 2, səh 60, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1993-cü il, yanvar-sentyabr, noyabr-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 10.05.1994-cü il tarixli 1N nömrəli nizami hissə üzrə əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 11.03.2021-ci il tarixli, 1/Q-6239 nömrəli məktubu; - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti; - NZ ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - Tərtər rayon prokurorluğunun 01.04.2020-ci il tarixli 19HP1323 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 31.01.2020-ci il tarixli, 9/2-1448 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.05.2020-ci il tarixli, Q-4806 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 05.05.2021-ci il tarixli, 9/2-3712 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş Tərtər ƏÖMB komandirinin 12.02.1993-cü il tarixli 182 nömrəli əmrindən və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 25.05.2021-ci il tarixli, 9/2-4074 nömrəli məktubu. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 31 yanvar 2020-ci il tarixli, 9/2-1448 nömrəli arxiv arayışında sıravi İddiaçı Tərtər ƏÖMB komandirinin 12 fevral 1993-cü il tarixli 182 nömrəli əmrilə (əsas: səh-60, §-2, sıra-6) şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-25, sıra-927) Tərtər RHK-dan çağırılmış İddiaçı komandirin 07.11.1994-cü il tarixli 1N nömrəli əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır. Lakin N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli 1N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin fevral, may 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması və müalicə alması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 25.05.2021-ci il tarixli, 9/2-4074 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında (əsas: əlifba kitabı “Q”, sıra 297, məlumatda hərbi hissəyə daxil olunması barədə qeydiyyat aparılmamışdır) İddiaçı Tərtər RHK-dan çağırılması və komandirin 07 noyabr 1994-cü il tarixli 1N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli 1N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Tərtər RHK-dan çağırılmış, atıcı, sıravi İddiaçı Tərtər ƏÖMB komandirinin 12 fevral 1993-cü il tarixli 182 №-li əmrilə (əsas: § 2, səh 60, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1993-cü il, yanvar-sentyabr, noyabr-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 10.05.1994-cü il tarixli 1N nömrəli nizami hissə üzrə əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmaması olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8- ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Məhkəmə araşdırılmalarından müəyyən edilir ki, Tərtər ƏÖMB komandirinin 12 fevral 1993-cü il tarixli 182 nömrəli əmrilə atıcı, sıravi İddiaçı batalyonun şəxsi heyətinin siyahısına daxil edilsə də, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1993-cü il, yanvar-sentyabr, noyabr-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 10.05.1994cü il tarixli 1N nömrəli nizami hissə üzrə əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1066/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1066/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver