Məhkəmə qərarları › İş №2-1(114)-1067/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1067/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1067/2021 22.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Daşkəsən rayon Təhsil şöbəsi) qarşı əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi iş buraxmaya görə yəni 25.10.2016-cı il tarixdən 18.05.2020-ci il tarixə kimi əmək haqqının ödənilməsinə, maddi ziyanın ödənilməsi üçün 5 (beş) min manat, mənəvi ziyanın ödənilməsi üçün 50 (əlli) min manat məbləğində kompensasiya verilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil nazirinin 25.10.2016-cı il tarixli 11/974 saylı əmri ilə işdən azad olunmuşdur. Həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, çoxsaylı məhkəmə çəkişmələrindən sonra Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 5 fevral 2018-ci il tarixli, 2-1(104) 155/2018 saylı qərarı ilə barəsində verilmiş sözügedən əmr ləğv edilmişdir. Məhkəmənin qərarı hüquqi qüvvəyə mindikdən sonra Təhsil Nazirliyi yenidən işə bərpa olunmağına dair 22 may 2018-ci il tarixdə F372 saylı əmr imzalamışdır. Ancaq Təhsil Nazirliyinin işə bərpa barədə verdiyi əmri faktiki olaraq icra edilməmişdir. Yenidən çoxsaylı şikayətlər, çoxsaylı müxtəlif tələblərlə məhkəmə çəkişmələrindən sonra, nəhayət, 18.05.2020-ci il tarixdə məhkəmə qərarı əsasında Təhsil Nazirliyinin 22.05.2018-ci il tarixli F372 saylı əmr defakto icra edilmişdir. Göründüyü kimi Təhsil Nazirliyinin əsassız əmri ilə 3 il 7 ay işsiz qalmışdır. O, ilk dəfə yalnız Təhsil Nazirliyinin işdən azad etmə əmrini mübahisələndirmiş, haqlı olduğunu, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyini məhkəmənin qanuni qüvvəyə mindiyi qətnaməsi ilə sübut etdikdən sonra Əmək Məcəlləsinin 195, 197-ci maddələrinin tələblərinə əsaslanaraq əldən çıxan gəlirini, yəni buraxılmış müddət üçün əmək haqqının ödənilməsini hüquqi baxımdan (de-yure) işdə faktiki olaraq (de-fakto) isə işə bərpa olunmasa da cavabdehdən 22.08.2018-ci il tarixli ərizəsi ilə tələb etmişdir. 27.08.2019-cu il tarixdə cavabdeh şəxsən ərizəsini alsa da cavab verməmişdir. Cavabdeh tərəfindən 25.10.2016-cı il tarixdən 18.05.2020-ci il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı tələb etməkdə haqlıdır. Cavabdehin 25.10.2016-cı il tarixli əmrini məhkəmə qaydasında mübahisələndirməyi ilə bağlı vəkil tutmağını, bununla bağlı hüquq mühafizə orqanlarına, aidiyyəti dövlət orqanlarına çoxsaylı müraciətlər etmək məcburiyyətində qaldığı üçün çəkdiyi poçt xərclərini, məhkəmə iclaslarında iştirak üçün Gəncə-Daşkəsən, Daşkəsən-Gəncə, Bakı-Daşkəsən, Daşkəsən-Bakı gediş gəliş haqlarının ödənilməsi üçün o, 5 (beş) min manat maddi ziyan çəkmiş və bu ziyanın ödənilməsi tələbində də haqlıdır. Məktəb direktoru olaraq 3 il 7 ay işsiz qalmış, hətta məhkəmə qərarı icra edilməmiş, Təhsil naziri işə bərpa əmrinin icrasını uzun müddət təmin etməmişdir. Bu isə onda uzun müddət davamlı psixoloji gərginlik, ümidsizlik, ədalətsiz bir ölkədə yaşadığı kimi mənfur və pessimist hisslərə qapılma kimi təsirlər yaratmış, bütün ali orqanlara, ölkə Prezidentinə yazdığı şikayətlərin nəticəsiz qalması, Təhsil Nazirliyinin bütün orqanlara “guya onun işə bərpa edilməyi” barədə yalan məlumat verməsi, onu intihar etmək haqda fikirləşməyə vadar etmişdir. Hesab edir ki, cavabdehin təqsirindən hüquq pozuntusuna məruz qalmaqla uzun müddət mənfi-psixoloji sarsıntı və gərginlik təsiri altında yaşamağa məcbur qalmışdır. Ona görə də mənəvi ziyan tələbi hissəsində də iddia tələbi əsaslı və qanunidir. Gəncə İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadı ilə Daşkəsən rayon Təhsil şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Göründüyü kimi iddiaçı tələbində inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin, onun F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddətə buraxılmış müddət üçün əmək haqqının, maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və bu iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanuna görə iddiaçı dövlət qulluqçusu hesab edilmir. Onun F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində işlədiyi və hazırda bərpa olunduğu direktor-müəllim vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. Ona görə də, iddiaçı dövlət qulluqçusu olmadığından onun buraxılmış müddət üçün əmək haqqının, maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə tələbi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun baxılmalı olmadığından və cavabdehin yerləşdiyi yer üzrə baxılmalı olduğundan aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. - 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 49 olduğundan və həmin ərazi Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Daşkəsən rayon Təhsil şöbəsi) qarşı əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar