Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1067/2022 01.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********154095 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin elektron kabinetinə daxil olmuş xx.xx.2022-ci il tarixli **********154095 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən cəmiyyət üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2019-dekabr 2021 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı hesab edir ki, vergi orqanının həmin qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlamasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş əsas olmadığı halda cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul etmişdir. Mübahisələndirilən inzibati aktdan göründüyü kimi növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən, yəni “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi” əsası ilə təyin edilmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçı tərəfindən gəlir və xərclərin gizlədilməsinə dair vergi orqanında olan mənbəyi bəlli məlumatın nə olması tam şəkildə qeyri-müəyyəndir və vergi orqanı iddiaçıya buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçıdan növbəti yoxlama həyata keçirmədən, birbaşa növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir ki, bu da qanunvericiliyinin tələblərinin pozulması deməkdir. Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı hər hansı səyyar vergi yoxlaması keçirməmiş, yəni təqvim ilində ilk öncə növbəti səyyar vergi yoxlaması təyin edir, növbəti yoxlama bitdikdən sonra həmin təqvim ilində 38.3-cü maddəsində göstərilən hallardan hər hansı biri aşkar edildikdə isə vergi orqanı əvvəlki yoxlamalar ilə yoxlanılmış hesabat dövrlərini də əhatə edə bilən növbədənkənar səyyar vergi yoxlaması həyata keçirir. Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlaması o halda həyata keçirilir ki, həmin təqvim ilində vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş olsun. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli **********154095 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğvinə dair iddia tələbini mübahisələndirmə haqqında iddia hesab etmişdir. Lakin xx.xx.2022-ci il tarixli qərar sadəcə olaraq səyyar vergi yoxlamasının başlanması qərarıdır. Sözügedən qərar özülüyündə iddiaçı üçün hər hansı öhdəlik müəyyənləşdirmir və hüquqi nəticələrə səbəb olmur. Məhz inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından inzibati aktın elementlərini səciyyələndirmir. İddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün hesab edilməməlidir. Həmçinin vergi orqanı tərəfindən 2020 və 2021-ci illər üzrə iddiaçı cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş cari əlavə dəyər vergisi üzrə bəyannamələr də təhlil edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə bir sıra kənarlaşmalar aşkar edilmişdir. İddiaçı cəmiyyət 2020-ci il ərzində alış aktına əsasən 16386383,10 manat məbləğində metal məmulatları almışdır. Həmçinin İddiaçı MMC 2020-ci il üzrə təqdim etdiyi cari mənfəət vergisi bəyannaməsində 1,776,571.70 manat məbləğində ümumi gəlirdən çıxılan xərcinin olduğunu bəyan etmişdir. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində tərtib edilmiş ******* manat məbləğində alış aktlarının onun xərc sənədləri kimi qəbul edilməsi üçün həmin əməliyyatların aparılmasının həqiqiliyi qanunvericiliyin tələbləri daxilində yoxlanılmalıdır. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinin dispozisiya şərtlərinə əməl edilməsi hazırki işdə görsənmədiyi üçün vergi orqanı üçün həmin məlumatlar iddiaçı tərəfindən vergitutma obyektlərinin gizlədilməsi əlamətləri kimi çıxış edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. -38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********154095 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar qəbul edilmiş və sözügedən qərarla iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə əlaqədar növbədənkənar səyyar vergi yoxlamasıdır. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt hesab olunmurlar. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir, vergi məsuliyyətinin yaranması üçün vergi orqanının bu barədə qərarı tələb olunur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil qaydada mübahisələndirilə bilməzlər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1067/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1067/2022
01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver