Məhkəmə qərarları › İş №2-1(114)-1067/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1067/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1067/2024 09.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək ona müharibə veteranları üçün ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2013-cü il tarixdə M/V 056549 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona sosial müavinət ödənilməyə başlanılmışdır.

2. İddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş və hər ay ödənilməsi davam etdirilir.

3. İddiaçı ona ödənilməmiş əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ- 283586/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, ona xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Ona xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənildiyi üçün eyni zamanda “Müharibə veteranı” adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay müavinətin də təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilir.

5. Cavabdeh orqanın nümayəndəsinin iclasda təqdim etdiyi iddiaçının müavinət işindəki sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir.

6. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək ona müharibə veteranları üçün ödənilməmiş sosial müavinətin ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, müharibə veteranıdır. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsindən müharibə veteranı kimi müavinat alır, lakin qanunla müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, onun hərbçi yoldaşlarına həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. İddiaçı məhkəmə iclasında xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi oxunması və xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək ona müharibə veteranları üçün ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı əvvəlki 3 illik dövr üçün müharibə veteranlarına verilən sosial müavinətin ödənilməsi barədə ərizə ilə xx.xx.2023cü il tarixdə cavab orqana müraciət etmiş və cavabdeh orqan hərəkətsizlik göstərərək, onun müraciətini cavablandırmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2- İ-283586/2023 nömrəli imtina məktubu ona göndərilmişdir. Odur ki, məhkəmə tərəfindən hazırkı tələblə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III.Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdirlər. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır.

20. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həqiqətən də ona İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2008-ci il tarixindən xx.xx.2021ci il tarixinədək müavinət almışdır.

22. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, bu barədə imtina məktubuyla eyni məzmunlu yazılı etiraza oxşar izahat verərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-283586/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli M\V 056549 №-li veteran vəsiqəsi; - İddiaçının müavinət işindəki sənədlər.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2013-cü il tarixdə 056549 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə komunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən isə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir.

26. Hazırkı mübahisə həmin təqaüdün müharibə veteranı adının verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır.

27. İddiaçı ona ödənilməmiş 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, ona xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənildiyi üçün eyni zamanda “Müharibə veteranı” adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay müavinətin də təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

28. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənildiyindən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

29. Belə ki, “Sosial müavinətlər haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.

30. Məhkəmə qeyd edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Lakin bu halda sosial müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.

31. Hazırkı iş üzrə icraat materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Bu halda iddiaçıya pensiya aldığı həmin dövr üçün sosial müavinətin ödənilməsi yolverilməz olduğundan əvvəlki 3 il üçün sosial müavinəti tələb etmək hüququnun olması da istisna edilir.

32. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar