Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-107/2023 27.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü atası X3 1986-cı ildə Çernobıl AES Qəzasının ləğvi işlərində dərindən iştirak etmişdir və qəzanın ləğvi işlərində əlil olmuşdur. O, atasının Çernobılda olması ilə əlaqədar 2-ci dərəcə əlilliklə qiymətləndirilmişdir. Uzun illərdir əlillikdən və asma bronxit xəstəliyindən tez-tez tutmalarla əziyyət çəkir. Uzun müddətdir xəstəliyi ilə əlaqədar aldığı təqaüd hesabına daima müalicə olunmuşdur. Atası xx.xx.2006-cı ildə Çernobıl şüasından aldığı xəstəliklərdən uzun illər əziyyət çəkdikdən sonra rəhmətə getmişdir. O, uzun müddətdir təqaüd almağına baxmayaraq 2021-ci ilin fevral ayında Gəncə şəhər 2 saylı ərazi Poliklinikasında yoxlanış təyin edərək əliliyini ləğv etmişlər. Əlilliyin ləğvini onunla əsaslandırmışlar ki, asma-bronxit xəstəliyi ilə əlaqədar Bakı şəhər X1 müayinə olmalıdır. Müayinə olunduqdan sonra sənədləri toplayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, bütün bunlara baxmayaraq əlilliyi yenidən ləğv edilmişdir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kobud şəkildə onun hüquqlarını pozmuşdur və dəfələrlə həmin orqana və digər səlahiyyətli orqanlara yazılı və şifahi müraciətlərinə baxmayaraq əlilliyin bərpasından müəyyən əsassız bəhanələrlə imtina etmişlər. İşin şifahi məhkəmə baxışı iclası 27 yanvar 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyası Gəncə şəhər Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xroniki bronxit, təkrari asmatik sindrom. Anemiya (sim uşaq 2.1, 3.2 – uşaqlıqdan əlil) diaqnozu qoyulmuşdur. - Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli, 4139 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı xəstəlik və ya əliliyinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq, təqdim olunmuş sənədlərə əsasən, atasının Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanması ilə əlaqədar bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma tutmaları ilə tənəffüs çatmamazlığı anemiya, pielonefrit diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, diaqnoz əlillik əlaməti təyin etmədiyi səbəbi ilə imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomallaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlilik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Şəxsin əlillik vəziyyəti X2 adına Gəncə Şəhər Xəstəxanasının göndərişləri əsasında 2 dəfə (xx.xx.2021-ci ildə 0495003AAK16 nömrəli, xx.xx.2021-ci ildə 0495003AALEX nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən, ixtisaslaşmış müalicə məsləhət görüldüyündən “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrlərdə vətəndaş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında və Agentlikdə ətraflı əyani müayinə olunmuş və hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli, 4139 nömrəli ekspert rəyi ilə, İddiaçı xəstəlik və ya əliliyinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq, təqdim olunmuş sənədlərə əsasən, atasının Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanması ilə əlaqədar bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma tutmaları ilə tənəffüs çatmamazlığı anemiya, pielonefrit diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2014-cü ildə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomallaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlilik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Şəxsin əlillik vəziyyəti X2 adına Gəncə Şəhər Xəstəxanasının göndərişləri əsasında 2 dəfə (xx.xx.2021-ci ildə 0495003AAK16 nömrəli, xx.xx.2021-ci ildə 0495003AALEX nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən, ixtisaslaşmış müalicə məsləhət görüldüyündən “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrlərdə vətəndaş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında və Agentlikdə ətraflı əyani müayinə olunmuş və hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçının əlilliyin bərpa edilməsi təşkil edir. İddiaçının əlilliyini səbəbi isə Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli, 4139 nömrəli ekspert rəyi ilə, İddiaçı xəstəlik və ya əliliyinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq, təqdim olunmuş sənədlərə əsasən, atasının Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanması ilə əlaqədar bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma tutmaları ilə tənəffüs çatmamazlığı anemiya, pielonefrit kimi müəyyən edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun: 31-ci bəndinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydaları"nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin: 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur.
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,
2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər. 11-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Vətəndaşların öz əmək qabiliyyətini qismən və ya tamamilə itirməsinə Çernobıl qəzasının səbəb olduğu o halda etiraf edilmiş sayılır ki, həkim-əmək ekspert komissiyası (HƏEK.) belə bir səbəbin olduğunu təsdiq edir. Bundan əlavə məhkəmə işlə bağlı keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, T 501/2022 nömrəli ekspert rəyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə həmin rəyi sübut kimi qəbul etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Belə ki, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsindən görünür ki, sözügedən ekspertiza TSEK-in ekspertləri ilə birgə keçirilmişdir. Yəni, iddiaçıya əlilliyin bərpa edilməsindən imtina etmiş orqanın əməkdaşları yenidən iddiaçının əlilliyinin qiymətləndirilməsi prosesinə cəlb edilmişdir ki, bu hal öz-özlüyündə ekspert rəyinin obyektivliyini şübhə altına almaq üçün danılmaz faktdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov