Məhkəmə qərarları › İş №2-1(114)-107/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-107/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-107/2025 27.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 nömrəli əmrinə əsasən gizir İddiaçı xx.xx.2020-ci il tarixindən döyüş tapşırığının (N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 02 nömrəli döyüş əmri) icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmiş, hərbi hissənin qazan və ərzaq təminatından çıxarılmış, 10 (on) günlük quru, 55 (əlli beş) günlük isti ərzaq payı ilə təmin edilmişdir.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 312 nömrəli əmrinə əsasən gizir İddiaçı 2-ci xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer, müalicəyə, Fizuli rayon xəstəxanasına (Fizuli rayonu) xx.xx.2020-ci il tarixindən gəlmiş hesab edilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 336 nömrəli əmrinə əsasən gizir İddiaçı 2-ci xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer, müalicədən, Silahlı Qüvvələrin Baş Kliniki hospitalından (Bakı şəhəri) xx.xx.2020-ci il tarixindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

4. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 6757 nömrəli Çıxarış epikrizində göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixdə Xocavənd rayon ərazisində partlayış travması almışdır (Təsdiqedici sənəd: N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 2024 nömrəli Travma haqqında arayış).

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 769 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən X1 qoyulmuş “Partlayış travması (xx.xx.2020), sol baldır nahiyəsinin çoxsaylı kor qəlpə yaralanmaları nəticəsində sol arxa qamış arteriya və venasının arteriorvenoz fistulasına görə aparılmış sol arxa qamış arteriyasının stent graft implastasiyası cərrahi əməliyyatından (xx.xx.2021) sonrakı vəziyyət, fokal AVF alıntısı, sol aşağı ətraf baldır və ayaq pəncəsinin qan dövranının və funksiyaların mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli ikincili təbil pərdəsi, sağtərəfli qarışı tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 67 nömrəli əmri ilə əmr edilmişdir ki, gizir İddiaçı, hərbi hissə komandirinin sərəncamında olan 2-ci xüsusi əməliyyat taborunun sabiq tibb məntəqəsinin rəisi-feldşer, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 24 fevral 2022-ci il tarixli 023 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyyata buraxıldığına görə, 2022-ci ilin növbəti məzuniyyəti 62 (altmış iki) gün verilməklə, 04 may 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 04 nömrəli əmri ilə "1-ci" məharət dərəcəsi"verilmişdir. Gizir İddiaçı, 2022-ci il yanvar-mart ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. Gizir İddiaçı ehtiyyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinatı verilsin. Əsas: Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 24 fevral 2022-ci il tarixli 23gm nömrəli əmrindən çıxarış (d/o-239).

7. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir.

8. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1433 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində “Vətən müharibəsində” N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş və yaralanmışdır.

9. İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə, Nazirliyin xx.xx.2022-ci il tarixli 15/1591 nömrəli, xx.xx.2022-ci il tarixli 15/2429 nömrəli və xx.xx.2023-cü il tarixli 15/1818 nömrəli məktubları ilə cavab verilərək bildirilmişdir ki, onun hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi - feldşer vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Əlavə olaraq, Vətən müharibəsi dövründə hansı fəaliyyətlər icra etməyi barədə N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubuna əsasən, onun hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyətini icra etmədiyi məlum olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

10. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 908 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə kəşfiyyat subyekti olduğuna görə müalicə və müayinə olunması üçün 2270,97 manat məbləğində birdəfəlik müavinət, məzuniyyət pulu ödənilmişdir.

11. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində “Vətən müharibəsində” N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş və yaralanmışdır.

12. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 8/1568 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi Azərbaycan Respublikasl Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Əlavə olaraq, Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyətini icra etmədiyi məlum olmuşdur. Həmin məktuba əlavə edilmiş: - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyyatda olan gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunda yaralanmış hərbi qulluqçulara tibbi yardımın göstərilməsi və tibb müəssisəsinə təxliyyə edilməsi fəaliyyətlərini icra edərək döyüş tapşırıqlarında iştirak etmişdir. Gizir İddiaçı Vətən müharibəsində əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir.

13. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 837 nömrəli və xx.xx.2024-cü il tarixli 851 nömrəli arayışlarında göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir. 1-ci suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı Vətən müharibəsində N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xidmət etmiş və xüsusi tapşırıqların yerinə yetirməsində iştirak etmişdir. 2-ci suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xidmət edərək vəzifəsi yaralılara ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyyə olunmasından ibarət idi. 3-cü suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanı olmamışdır. 4cü suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına verilən xidməti vəsiqə ilə təmin olunmamışdır. 5-ci suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı xidmət dövründə daşıdığı hərbi geyim formasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyəti müəyyən edən fərqləndirmə nişanı olmamışdır.

14. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 262/45 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir. 1-ci suala cavab olaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına xüsusi xidməti vəsiqə verilməsi nəzərdə tutulmamışdır. 2-ci suala cavab olaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına mənsubiyyəti müəyyən edən fərqlənmə nişanı nəzərdə tutulmamışdır.

15. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/175 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 769 nömrəli “Xəstəlik haqqında” şəhadətnamə (qərar) vardır və halhazırda qüvvədədir.

16. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 260/501 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1433 nömrəli, xx.xx.2023-cü il tarixli 908 nömrəli, xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışlarda qeyd olunan məlumatlar əsassızdır. Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". 2015-ci ildən etibarən hər il üzrə verilmiş Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında" əmrləri ilə N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyi vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında" müvafiq əmrində qeyd olunmadığından kəşfiyyat subyektinin əməkdaşı hesab oluna bilməzdi. Həmçinin bildirilir ki, İddiaçı 2020-ci ildə hərbi hissədə tutmuş olduğu vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin eyni adlı xx.xx.2019-cu il tarixli 00159 nömrəli əmri ilə təsdiq olunmuş siyahıda göstərilmədiyindən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab olunmasa da belə ona 2020-ci il üçün iki qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilmişdir. Belə ki, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümlədən İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Bununla yanaşı bildirilir ki, İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer vəzifəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı öz vəzifəsindən irəli gələn işlərin icrası ilə məşğul olmuşdur. O, xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat, pusqu, basqın) həyata keçirməyə cəlb edilməmiş və ona komandanlıq tərəfindən belə əmrlər verilməmişdir. Eyni zamanda ona vələn müharibəsi dövründə kəşfiyyat fəaliyyəti yerinə yetirən hansısa qrupun tərkibində düşmən dərinliklərinə (işğaldan azad olunmayan ərazilərdə düşmən arxasına) keçmə və həmin ərazilərdə xüsusi tapşırıqlar yerinə yetirmə barədə əmr verilməmişdir. Gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer olaraq xidməti vəzifəsini yerinə yetirən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır.

17. Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet saytından əldə edilmiş məlumatdan görünür ki, Xocavənd rayonunun Tağaverd kəndi xx.xx.2020-ci il tarixdə işğaldan azad edilmişdir.

18. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 4/2-2846 nömrəli cavab məktubuna əlavə edilmiş Əməliyyat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 25-7/2-910/2025 nömrəli məktubunda bildirilmişdir ki, Xocavənd rayonu, Tağaverd kəndinin və həmin kəndlə qonşu olan digər kəndlərin işğaldan azad edilməsi ardıcıllığı və tarixi barədə məlumatlar daxil olan döyüş məlumatlarına əsasən aşağıdakı kimidir: Moşxmaat (Baharlı) yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Sarkisaşen (Çağadüz) yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Azıx yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Şexer yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Meçtaqlar (Böyük Tağlar) yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Taqaverd yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Zardanaşen yaşayış məntəqəsi – xx.xx.2020-ci il; Maçkalaşen (Cütçü) yaşayış məntəqəsi – xx.xx.2023-cü il; Qerqer (Qarqar) yaşayış məntəqəsi – xx.xx.2023-cü il; Sxtoraşen (Şıxdursun) yaşayış məntəqəsi – xx.xx.2023-cü il; Qırmızıbazar yaşayış məntəqəsi – xx.xx.2023-cü il.

19. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 262/357 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin taborun tibb məntəqəsinin rəisi-feldşer vəzifəsində olmuş və Vətən müharibəsində iştirak etmiş digər vəzifəsindən asılı olmayaraq hərbi qulluqçular kimi, ona da silah təhkim olunmuşdur. N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər, Cəbrayıl, Hadrut, Hocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

20. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 260/906 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissədə mövcud olan əməliyyat məlumatlarına istinadən 2-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonun işğal altında olan Aşağı Tağaverd və Yuxarı Tağaverd kəndləri, onlara qonşu olan Zardaraşen kəndi xx.xx.2025-ci il tarixdə, digər qonşu kəndlər olan Mədətkənd, Moşxmaat və Çanaqçı kəndləri isə xx.xx.2025-ci il tarixdə düşməndən azad edilmişdir. II. Məhkəmədə icraat

21. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra) xx xxx 1994cü ildə Ağstafa rayonunda anadan olmuşdur. 2013-cü ildən müddətdən artıq hərbi xidmətə başlamışdır. Vətən müharibəsindən sonra, 2022-ci ilin may ayında yaralanmağı ilə İİİ əlillik dərəcəsi alaraq pensiyaya çıxmışdır. 2018-2019-cu illərdə iddiaçı xüsusi təyinatlı qüvvələrinin təməl kursununu bitirib, 2019-cu ilin may ayından 2022-ci ilin may ayına qədər xüsusi əməliyyat briqadasının xüsusi əməliyyat taborunda tibb məntəqə rəisi vəzifəsində xidmət edib, xüsusi kəşfiyyat və əks kəşfiyyat tapşırıqları yerinə yetirilib. 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilə kimi baş vermiş "Vətən müharibəsində" iddiaçı N saylı Hərbi Hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat fəaliyyəti) yerinə yetirmiş və yaralanmışdır. İddiaçı ona xəsarət (yaralanma, travma, kontuziya) almış kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi kompensasiya verilməsi üçün Müdafiə Nazirliyinin N hərbi hissəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi N oktyabr 2022-ci il tarixli 15/2429 məktubu ilə ona kompensasiya verilməsindən imtina edilmiş və bildirilmişdir ki, iddiaçının hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi Müdafiə Nazirliyinin 2020-ci il tarixli əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. İddiaçının Vətən müharibəsi dövründə hansı fəaliyyət icra etməsi ilə bağlı N saylı hərbi hissəyə verilmiş sorğuya cavab olaraq 01 oktyabr 2022-ci il tarixli 3392 nömrəli məktubla iddiaçının kəşfiyyat fəaliyyəti icra etməməsi məlum olub. Daha sonra, iddiaçı Müdafiə Nazirliyinə müraciət etsə də, Müdafiə Nazirliyi də 10 iyul 2023-cü il tarixli məktubu ilə eyni əsasları gətirib ona kompensasiyanın ödənilməməli olduğunu qeyd etmişdir. Aşağıdakıları görə hesab edirlər ki, cavabdehin qeyd olunan imtinası qanunsuzdur. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq edilmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri anlayışı da yuxarıda adını çəkdikləri qanunla müəyyən edilmişdir. Həmin qanunun 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" 28 yanvar 2005-ci il tarixli 186 saylı Fərmanının 1.4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləridir. İddiaçının Vətən müharibəsi dövründə xidmət etdiyi N saylı Hərbi Hissənin xüsusi əməliyyat taboru kəşfiyyat fəaliyyətini həyata keçirən struktur olduğu üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti idi. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində kompensasiya almaq hüququ kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşlarına şamil edildiyi üçün, iddiaçı da kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olan N saylı Hərbi Hissənin xüsusi əməliyyat taborunun əməkdaşı olduğu üçün belə kompensasiya almaq hüququ var idi. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları arasında hər hansı fərqləndirməyə yol vermir və kompensasiya almaq hüququnu belə subyektlərin bütün əməkdaşlarına şamil edir. Əlavə olaraq N saylı Hərbi Hissədən verilən arayış onu da təsdiq edir ki, iddiaçı həmin hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat fəaliyyəti) yerinə yetirilməsində iştirak etmiş, üstəlik bu tapşırığı yerinə yetirilməsi zamanı yaralanmışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçıya kompensasiya verilməsindən imtina etməsi qanunsuz və əsassız olub.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

24. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

25. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

26. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

27. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

28. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

31. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etyməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

32. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

33. Cavabdeh orqan tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlanmış və etiraz onunla əsaslandırılmışdır ki, hazırki inzibati mübahisəni bilavasitə tənzimləyən maddi hüquq normalarının tələbi müvafiq sahəvi qanunvericilikdə aşağıdakı qaydada tənzim edilmişdir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"nın 2.2-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçının hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir.

34. Cavabdehin etiraza əlavəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, hazırki halda araşdırılmalı olan məsələ iddiaçının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri baxımından belə fəaliyyət subyektinin əməkdaşı, eləcə də ona münasibətdə müvafiq kompensasiyanın ödənilməli olub- olmamasının müəyyən edilməsidir. Bu baxımdan, həmin Qanuna diqqət yetirilməlidir. Qanunun: 1.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3-cü maddəsinə əsasən digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. 14.2ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıya 20.12-ci maddədə göstərilən kompensasiyanın ödənilməsi üçün iki şərt mövcud olmalıdır: 1) O, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmalıdır; 2) Xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) almalı və ya xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəyməlidir. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 260/501 nömrəli cavab məktubunda aşağıdakılar göstərilmişdir: N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1433 nömrəli, xx.xx.2023-cü il tarixli 908 nömrəli, xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışlarda qeyd olunan məlumatlar əsassızdır. Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azerbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". 2015-ci ildən etibarən hər il üzrə verilmiş Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında" əmrləri ilə N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyi vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında" müvafiq əmrində qeyd olunmadığından kəşfiyyat subyektinin əməkdaşı hesab oluna bilməzdi. Həmçinin bildirirəm ki, İddiaçı 2020-ci ildə hərbi hissədə tutmuş olduğu vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin eyni adlı xx.xx.2019-cu il tarixli 00159 nömrəli əmri ilə təsdiq olunmuş siyahıda göstərilmədiyindən kəşfiyyat ve əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab olunmasa da belə ona 2020-ci il üçün iki qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilmişdir. Belə ki, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümləden İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Bununla yanaşı bildirilir ki, İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer vəzifəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı öz vəzifəsindən irəli gələn işlərin icrası ilə məşğul olmuşdur. O, xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat, pusqu, basqın) həyata keçirməyə cəlb edilməmiş və ona komandanlıq tərəfindən belə əmrlər verilməmişdir. Eyni zamanda ona Vətən müharibəsi dövründə kəşfiyyat fəaliyyəti yerinə yetirən hansısa qrupun tərkibində düşmən dərinliklərinə (işğaldan azad olunmayan ərazilərdə düşmən arxasına) keçmə və həmin ərazilərdə xüsusi tapşırıqlar yerinə yetirmə barədə əmr verilməmişdir. Gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer olaraq xidməti vəzifəsini yerinə yetirən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır. Göründüyü kimi, iddiaçı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun subyekti deyildir. Həmçinin, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümləden İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Bu isə, həmin şəxslərin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulmuş subyektlər kimi qiymətləndirilməsinə və ya hesab edilməsinə özü-özlüyündə əsas vermir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1674/2024 nömrəli qərarı) Beləliklə, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı sırasına aid edilmədiyindən iddiaçıya münasibətdə birinci şərt ödənilməmişdir. İkinci şərtə münasibətdə isə bildirilir ki, iddiaçı xidməti vəzifələrin icrası zamanı xəsarət - travma alsa da, onun icra etdiyi həmin xidməti vəzifəsi məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının fəaliyyəti olmamışdır. Odur ki, iddiaçı, ümumiyyətlə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından hazırki iddia sübuta yetirilmiş sayıla bilməz. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı ona xidməti vəzifələrin icrası zamanı xəsarət almış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı kimi kompensasiya verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.

35. İddiaçı sonuncu şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

36. İddiaçının vəkil olan nümayəndəsi Vəkil sonuncu şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxaılmasını xahiş etmişdir.

37. Yekun məhkəmə qərarının elan olunması xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

38. İddiaçı yekun məhkəmə qərarının elan olunmasında iştirak etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

39. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 312 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 336 nömrəli əmri; - Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 6757 nömrəli Çıxarış epikrizi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 769 nömrəli xəstəlik haqqında şəhadətnaməsi; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 67 nömrəli əmri; - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs üzrə məlumat; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1433 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 15/1591 nömrəli, xx.xx.2022-ci il tarixli 15/2429 nömrəli və xx.xx.2023-cü il tarixli 15/1818 nömrəli məktubları; - N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 908 nömrəli arayışı; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 8/1568 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubu; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 837 nömrəli və xx.xx.2024-cü il tarixli 851 nömrəli arayışları; - N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 262/45 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/175 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 260/501 nömrəli cavab məktubu; - Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet saytından əldə edilmiş məlumat; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 4/2-2846 nömrəli cavab məktubu və ona əlavə edilmiş Əməliyyat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25- 7/2-910/2025 nömrəli məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 262/357 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

40. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

41. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə, Nazirliyin xx.xx.2022-ci il tarixli 15/1591 nömrəli, xx.xx.2022-ci il tarixli 15/2429 nömrəli və xx.xx.2023-cü il tarixli 15/1818 nömrəli məktubları ilə cavab verilərək bildirilmişdir ki, onun hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi - feldşer vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Əlavə olaraq, Vətən müharibəsi dövründə hansı fəaliyyətlər icra etməyi barədə N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubuna əsasən, onun hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyətini icra etmədiyi məlum olmuşdur. Ona görə də kompensasiyanın ödənilməsi mümkün deyil.

42. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız sayır və həmin qənaətini aşağıdakılarla əsaslandırır.

43. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

44. Azərbaycan Respublikası Prezidentinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əkskəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" 28 yanvar 2005-ci il tarixli 186 saylı Fərmanının 1.4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləridir.

45. “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarına görə: Bənd 1.1. Bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Bənd 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Bənd 2.4. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman; g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. Bənd 2.5. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; c) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman.

46. Cavabdeh orqan iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı sırasına aid edilmədiyini və onun icra etdiyi həmin xidməti vəzifənin məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının fəaliyyəti olmadığını əsas gətirərək, ona xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiyanın verilməsindən imtina etmişdir.

47. Lakin məhkəmə bununla razılaşmayaraq, qeyd edir ki, İddiaçı gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunda yaralanmış hərbi qulluqçulara tibbi yardımın göstərilməsi və tibb müəssisəsinə təxliyyə edilməsi fəaliyyətlərini icra edərək döyüş tapşırıqlarında iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir.

48. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 20.7-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir.

49. İddiaçı da 44 günlük Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildə yaralanmışdır və yaralandığına görə «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsində qeyd edilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət almışdır və bu da özü özlüyündə iddiaçının kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşı olduğunu sübut edir.

50. N nömrəli hərbi hissə məhkəmənin sorğusuna cavab məktubunda (xx.xx.2025-ci il tarixli 260/501 nömrəli) iddiaçıya 2020-ci il üçün iki qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilməsinin səbəbini Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyəti ödənilməsi ilə əlaqələndirmişdir.

51. Həmin hal ağlabatan sayılaraq, qəbul olunsa belə, iddianın rədd edilməsinə əsas deyildir. Belə ki, məhkəmənin hazırkı qənaətə gəlməsinin yeganə səbəbi iddiaçıya həmin müavinətin ödənilməsi deyildir. Ona görə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu, Tağaverd kəndində yaralanmaqla, həmin yaralanmaya görə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir.

52. Məhkəmənin əldə etdiyi sənədlərlə isə, Xocavənd rayonu, Tağaverd kəndi və ətraf (qonşu) kəndlərin xx.xx.2020-ci il tarixdən daha sonralar işğaldan azad edildiyi müəyyən edilmişdir ki, bu da iddiaçının işğaldan azad edilməmiş ərazilərdə düşmənlə təmasda (habelə düşmən arxasında) olduğunu göstərir.

53. Cavabdehin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissə ümumqoşun orduya aid deyil, xüsusi təyinatlı qüvvələrə aid edilir. Lakin N saylı hərbi hissədə tutulan bütün vəzifələr kəşfiyyat subyekti hesab edilmir. Əmrin qeyd hissəsində göstərilənlər düşmən arxasında yaxud düşmənlə birbaşa təmasda olub kəşfiyyat yaxud kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirən şəxslərə şamil edilir, yəni əmrdə adı çəkilməyən şəxslər yalnız komandanlığın əmri ilə həmin fəaliyyətə cəlb olunduqları zaman kəşfiyyat subyekti hesab edilə bilərlər. Daha da açıqlansa, yalnız kəşfiyyatçı bölmələrində xidmət edən kəşfiyyatçılar, hansı ki onlar düşmənlə birbaşa təmasda olmadıqları üçün əmrdəki siyahıda adları yoxdur, yalnız həmin şəxslər komandanlığın əmri ilə düşmənlə birbaşa təmasda, ön cəbhədə yaxud onun arxasında bu fəaliyyəti icra etdiyi zaman kəşfiyyat subyekti hesab edilirlər.

54. Həmin tarixli məhkəmə iclasında İddiaçı cavabdehin nümayəndəsinin qeyd etdikləri ilə bağlı bildirmişdir ki, tibb məntəqə rəisi döyüş zamanı hücumdadırsa 1 km arxada, müdafiədədirsə 3 km arxada fəaliyyət göstərməlidir və onun vəzifəsi təxliyyə etmək olmamışdır. Təxliyyə manqası tamam başqadır. O, düşmən dərinliklərində olmuş, fəaliyyəti 2-ci xüsusi əməliyyat taborunun tibb məntəqə rəisi kimi kəşfiyyatçılarla birlikdə olmuşdur. Yəni, onun vəzifəsi düşmən arxasında yaxud düşmənlə təmasda yaralanan kəşfiyyatçıları döyüş meydanından çıxarmaq və təxliyyə manqası gələnədək yerində ilkin tibbi yardımı həyata keçirmək olmuşdur. Onların xüsusi əməliyyat taboru işğaldan azad edilməmiş ərazilərdə olmuş, onun yaralanmağı da məhz düşmən arxasında baş vermişdir, hansı ki, həmin yaralanmaya görə ona hazırda əlillik təyin edilmişdir. Əgər, tibb məntəqə rəisi düşmənlə təmasda (onun arxasında) kəşfiyyat fəaliyyətini həyata keçirən subyekt deyilsə, hansı əsasla o düşmən arxasına göndərilmişdir?

55. Cavabdehin nümayəndəsi X2 iddiaçının qeyd etdikləri ilə bağlı bildirmişdir ki, kəşfiyyat subyektləri sayılan vəzifələrin siyahısı konkret olaraq müdafiə nazirinin əmri ilə müəyyən edilir və orda tibb xidməti ilə bağlı hər hansı bir vəzifə yoxdur. Müdafiə Nazirliyi isə sözügedən əmri rəhbər tutur və iddiaçını kəşfiyyat subyekti hesab etmir. Ola bilər ki, iddiaçı bölmə ilə birlikdə işğal altında olan əraziyə keçmiş və hər hansı bir fəaliyyətlə məşğul olmuşdur, lakin bu hal da nəzərə alına və buna görə iddiaçı kəşfiyyat fəaliyyətinin subyekti hesab edilə bilməz. Subyekti yalnız müdafiə naziri öz əmrində müəyyən edir.

56. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 2020-ci il oktyabrın 5-6 aralığında Hadrutun alınmasında əməliyyat olub, həmin əməliyatda hərbi hissənin tərkibində düşmənin arxasına keçmişlər, yəni azad edilmiş ərazilərdə deyil düşmənin nəzarəti altında olan torpaqlarda kəşfiyyat subyekti kimi fəaliyyəti olub. Xocavənd rayonu Tağaverdi kəndi 44 günlük döyüşlərdə alınmamışdır. Hadrutdan sonra Tuğ kəndinə, daha sonra Tağaverdi kəndinə getmişlər. Tağaverdi kəndində 4 tərəfləri də düşmən olmuşdur. Bu da onların düşmənin arxasında olmaqlarını sübut edir.

57. Cavabdehin yeganə və ən əsas dəlili ondan ibarətdir ki, iddiaçının hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi - feldşer vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir.

58. Sözügedən əmr tam məxfi olduğundan iş materiallarına əlavə edilməsi mümkün olmamış, yalnız cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə gətirilmiş və iclasda elan edilmişdir.

59. İclas zamanı müəyyən edilmişdir ki, sözügedən əmrin 12-ci bəndinin 2-6-cı yarımbəndlərində N saylı hərbi hissənin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin tutduğu vəzifələr əks olunmuş və iddiaçının tutduğu vəzifə - tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi həmin yarımbəndlərdə yoxdur.

60. Bununla yanaşı, həmin əmrin qeyd hissəsində bildirilir ki, əmrin hüquqi qüvvəsi aşağıda göstərilən hallarda da tətbiq edilir:

1. Komandanlığın sərəncamına əsasən xüsusi təyinatlı qüvvələrin əlahiddə ümumqoşun ordunun və ordu korpuslarının motoatıcı, dağatıcı, mexanikləşdirilmiş briqadaları kəşfiyyat orqanlarının siyahıda göstərilməyən vəzifələrinə, həmçinin əlahiddə ümumqoşun ordu, ordu korpuslarının ehtiyatda olan motatıcı briqadalarının kəşfiyyat orqanları, birinci eşalon briqadaları müdafiə zolağında və ya düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat, kəşfiyyat-diversiya fəaliyyətini icra etdikləri müddətdə;

2. Ulduz işarəsi ilə siyahıda göstərilən vəzifələrin heyətləri il ərzində düşmənin yerləşdiyi ərazilərdə və birinci eşolon briqadalarının müdafiə zolağında kəşfiyyat fəaliyyətini həyata keçirdiyi müddətdə

61. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə cavabdeh orqanın istinad etdiyi əmrin qeyd hissəsi tətbiq edilməklə, onun 44 günlük müharibə dövründə hərbi hissənin müvafiq komandirlərinin kəşfiyyat xarakterli döyüş tapşırıqlarını yerinə yetirməsi, həmin fəaliyyət zamanı yaralanması və aldığı xəsarətin (yaralanmanın) xidmətini davam etdirməsinə yol verməməsi səbəbi ilə ehtiyata buraxılması nəzərə alınmalıdır.

62. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçı İkinci Qarabağ müharibəsi zamanı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 7-ci maddəsində nəzərdə tutulan Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektilərinin vəzifələrini icra etmişdir.

63. Ona görə də, iddia təmin edilməli və ona xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməlidir.

64. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

65. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar üç illik pul təminatı məbləğində kompensasiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar