Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1072/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4568/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət edən əsgər kimi xidmət etmiş, xidmət zamanı onda xəstəliklər əmələ gəlmişdir. Hərbi Həkim Komissiyasının Qərarı ilə sülh dövründə yararsız müharibə dövründə məhdud yararlı qismində ordudan tərxis olunmuşdur. Qərarda onun xəstəliyinin xidmət dövrünə təsadüf etməsi də vurğulanmışdır. Daşkəsən Rayon Xəstaxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndəriş göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ona imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əlavə müayinə və müalicəyə ehtiyacı var müalicə potensialı tükənməyib. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, iddiaçı tərxis olunduqdan sonra səhhəti ilə bağlı heç yerdə işliyə bilmir. Həmçinin, cavabdeh imtina verərkən hərbi həkim komissiyasının qərarında göstərilən nüansları diqqətə almamışdır. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2018-ci ildən davamlı olaraq stasionar müalicə almış, son 1 ildir ev şəraitində müalicə qəbul edir. Cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 0250003AAEGL nömrəli göndərişdən görünür ki, “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən İddiaçı əlillik vəziyyəti barədə məlumatlar “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin reyestri”nə daxil edilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 224 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş diaqnoz xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır və o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş T206/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişlərində qeyd edilən "K86.2-mədəaltı vəzinin kistası, mədəaltı vəzin quyruq və boyun hissəsinin qarın boşluğuna nüfuz edən irinləmiş kistası. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Ağırlaşma: E56- Digər vitaminlərin çatmamazlığı, həzm funksiyasının pozulması fonunda kəskin avitaminoz, görmə və fiziki aktivliyin pozulması ilə; R64-kaxeksiya, kəskin arıqlama; K83.1-öd axacağının tıxanması, öd yolunun stenozu fonunda yaranan mexaniki sarılıq, öd kisəsi və qaraciyərin böyüməsi ilə; K59-bağırsağın digər funksional pozğunluqları, öd və mədəaltı vəz çıxacağının stenozu fonunda həzm funksiyasının kobud pozulması (boyu 165 sm, çəki 62 kq); Yanaşı xəstəliklər: F45.3-vegetativ sinir sisteminin somatoform disfunksiyası, qabarıq asteno-nevrotik sindrom" diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin maddələrini aid etmək mümkün deyil. İddiaçı həmin diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmış, daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona əlillik dərəcəsi verilməsini xahiş etsə də, əlavə müalicəyə ehtiyac olması səbəbindən ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş diaqnoza əsasən onun əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən imtina edilmişdir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 müraciət etmişdir. T206/2022 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Göründüyü kimi, iş üzrə alınmış müvafiq ekspert rəyi ilə də müəyyən olunur ki, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyin edilməsinə əsas vermir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1072/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1072/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver