Məhkəmə qərarları › İş №2-1(114)-1073/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1073/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1073/2025 25.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Göygöl Mənzil Kommunal X3, X7 ) qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: xx.xx.1992-ci il tarixli 103 nömrəli orderə əsasən X8 2 nəfər ailə üzvü ilə birlikdə Məhrəsə bağı MTK "xxxx" ünvanında yerləşən ümumi sahəsi 47.4 kv.m olan, blok 1, mərtəbə 1, 3 nömrəli, üç otaqlı mənzil yaşayış evinə köçmək hüququna malikdir. X18 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Kirovabad şəhər Fəhlə deputatlar Soveti İcariyyə Komitəsinin 10 iyun 1975-ci il tarixli protokolundan çıxarışa əsasən Məhrəsəbağı mikrorayonunda yerləşən blok 1, mərtəbə 1, mənzil 3-də yerləşən üçotaqlı mənzilin X9 (ailə tərkibi 3 nəfər, X13-bacısı, X11-bacısı) ayrılması qərara alınmışdır. Gəncə Şəhər Mənzil Kommunal X3nin xx.xx.2025-ci il tarixli 5-1-1/2-721/2025 nömrəli məktubuna əsasən Gəncə şəhəri 14 №-li "Nizami” Mənzil Tikinti Kooperativində 3 №-li mənzil Kirovabad Şəhər İcraiyyə Komitəsinin xx.xx.2025-ci il tarixli 53 №-li orderdə X9 verilmiş və həmin orderdə X1 mənzilə hüququ olan tək şəxs kimi göstərilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-5936/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, mənzil üzərində mübahisə olduğu və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, ərizənizə mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının (2 №-li forma), ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ oian 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsinin əlavə edilmədiyi aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 3 saylı mənzilin onun yəni X6 adına özəlləşdirilməklə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kirovabad şəhər X19 İcrayyə Komitəsinin 10 iyun 1975-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarış əsasən, Kirovabad şəhər Şurasının 26 yanvar 1971-ci il tarixli, 3 nömrəli qərarına əsasən, Məhrəsə Bağı mikrorayonunda tikilmiş 90 mənzili "xxxx" kooperativ evində 72 mənzilə dair kooperativ üzvlərinə orderlər verilməsi təsdiqlənmişdir. İcraedici komitə tərəfindən "xxxx" tikinti kooperativinin mənzil üzvlərindən qardaşı X9, (bacıları X15 və X11) blok 1, mərtəbə 1, 3 nömrəli, üç otaqlı mənzil verilməsi qərara alınmışdır. Belə ki, ünvan 1 ünvanda yerləşən 3 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən 2 nömərli forma lazım olduğu bildirilmişdir. Bundan sonra o, 1 X28 Xidmətinə müraciət etmiş, lakin onun ünvan 1 ünvanda qeydiyyatda olmadığı üçün müvafiq arayış verilməmişdi. Bundan başqa “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında nəzərdə tutulmuş mənzilə dair müvafiq order, kirayə müqaviləsi və yaxud sərəncam ərizəyə əlavə edilməmişdir. Lakin qeyd olunan mənzilə dair xx.xx.2024-cü il tarixli Arxiv Arayışı təqdim olunmuşdur ki, bu da öz növbəsində mənzilə dair hüquq müəyyənedici sənəd olaraq təqdim edilmişdir. İnzibati orqan isə buna şübhə ilə yanaşmış arayışın mötəbərliyini əsaslı hesab etməmişdir. Nəzərinizə çatdırıram ki, qeyd olunan mənzili bacısı X15 birlikdə mülkiyyət hüquqları üzrə bütün öhdəlikləri yerinə yetirmiş və ümimi təsərrüfatı idarə etmişlər. Təqdim olunmuş xx.xx.2024-cü il tarixli Arxiv Arayışından görünür ki, o, qardaşı X14 və bacısı X15 həmin evdə qeydiyyatdadırlar və qardaşı X14 vəfat etmişdir. Qardaşımız Elxan evlənməmiş və övladı olmamışdır. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış,əlavə olaraq qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2- 1(114)-2056/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış, DƏDRX tərəfindən icra edilərək, X4 adına çıxarış verilmişdir. Mübahisəli mənzil Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə46 nömrəli alqı-satqı müqaviləsi ilə Kifayət Vəliyeva tərəfindən Ramil Babayeva satılmışdır, sonuncu isə həmin mənzili xx.xx.2021-ci il tarixdə adına rəsmiləşdirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-576/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından hazırki Rəna Məmmədova və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan birinci instansiya məhkəməsi 2-1(114)-1732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində Kifayət Vəliyevanın adına qeyd alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar apellyasiya instansiya məhkəməsində Rəna Məmmədova və İddiaçı apellyasiya şikayəti əsasında ləğv edilmiş, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsinin sözü gedən qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1128/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-973/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1548/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmuşdurAzərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasını 2(102)-4390/2023 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarına əsasən iddiaçı X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1548/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. xx.xx.2025-ci il tarixində X10 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşdirilməsinə razılıq vermişdir. Məhkəmənin qərardadı ilə cavabdeh qismində iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş,səbəbləri barədə məlumat təqdim etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin tam olmadığını, belə ki, orada qeydiyyatda olmasına dair Forma 2 arayışı təqdim etməli olması qeyd edilmiş, iddiaçı tərəfindən isə arayış təqdim edilməmişdir və həmin ünvanda yaşamadığını bildirərək, təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.1992-ci il tarixli 103 nömrəli orderinə əsasən Məhrəsəbağında yerləşən ümumi sahəsi 47.4 kv.m olan, blok 1, mərtəbə 1, 3 nömrəli, üç otaqlı yaşayış mənzili X8 və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmiş, cavabdeh orqan mənzil üzərində mübahisə olduğu və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması və sənədlərin tam olmamasına istinad edərək imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Məhkəmə qeyd edir ki, Gəncə Şəhər Mənzil Kommunal X3nin xx.xx.2026-cı il tarixli, 5-1-1/2-199/2026 saylı məktubu ilə müəyyən edilir ki, xx.xx.1975-ci il 53№li orderinin tarixi, mexaniki səhv olaraq xx.xx.2025-ci il kimi yazılmışdır. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur. Hazırkı işdə də iddiaçının qardaşıX8 mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.1992-ci il tarixli orderlə Gəncə şəhəri, Məhrəsə bağı ünvanında yerləşən ümumi sahəsi 47.4 kv.m olan, blok 1, mərtəbə 1, 3 nömrəli, üç otaqlı mənzil İddiaçı yaşamaq üçün verilmişdir. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar