Məhkəmə qərarları › İş №2-1(114)-1074/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1074/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1074/2025 02.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi) qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə kitabda qeydə alınmış JN-619A nömrəli (50605028 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatından görünür ki, torpağın ümumi sahəsi 401.1 kv.m-dir (suvarılan sahə 401.1 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı 15 mart 2002-ci il tarixdə DTXKnin Daşkəsən rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.

2. İddiaçı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 5683/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin 29 kv.m hissəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin (0.5 metr) yaxınlığından yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 6/10 kV-luq) elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonun Xoşbulaq kəndində yerləşən JN 619A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin çıxarışla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli, 01 saylı qərarı ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0.04 ha torpaq sahəsi ona verilmişdir. Mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinə dair "torpağın mülkiyyətə verilməsi haqqında" JN-619A saylı, KOD50605028 nömrəli şəhadətnamə işlənmişdir. "Torpağın mülkiyyətə verilməsi haqqında" JN-619A saylı, KOD50605028 nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0.04 ha torpağ sahəsindən 1998-ci il tarixdən hal-hazır ki, dövrə qədər istifadə edir. İstifadəsində olan Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0.04 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir.

5. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış,əlavə olaraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin 29 kv.m hissəsinin Ərazi in elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus (Usubov Fizuli xx.xx.2007-ci il tarixli, **********75 reyestr nömrəli çıxarış) torpaq üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin (0.5. metr) yaxınlığından yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 6/10 kV-luq) elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələbləri”nə riayət edilməmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. 2. 3 və 4. Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN-619A (kod-********) nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmamışdır. Bu səbəbdəndə həmin 0.04 ha torpaq sahəsinin mülkiyyətini, kateqoriyasını və təyinatını müəyyən eymək mümkün olmamışdır.

5. İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları, rəyə əlavə edilmiş cizgi planında əks olunmuşdur. 6.İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsi üzərində tikili müşahidə olunmamışdır. 7.JN-619A (kod-********) nömrəli Şəhadətnamə ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmaması səbəbindən, həmin 0.04 ha torpaq sahəsinin ayrıldığı zaman hansı kateqoriyaya aid olmasını müəyyən eymək mümkün olmamışdır. 8.İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsi, DT və XK-nin Daşkəsən rayon şöbəsinin tərtib etdiyi torpaq sahəsinin (miqyas 1:1000) planı ilə uyğunluq təşkil etmir. Belə ki, iddiaçının naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsinin uzunluğu 31 - 32 metr, eni isə 13 - 20 metr təşkil edir. Daşkəsən rayon şöbəsinin tərtib etdiyi (miqyas 1:1000) plandakı 0.04 ha torpaq sahəsinin (sərhəd uzunluğu məsafəsinə əsasən) uzunluğu 22 metr, eni isə 16 metr təşkil edir. 9.İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsi, JN-619A (kod-********) nömrəli Şəhadətnamə ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmaması səbəbindən, həmin koordinatlar daxilində yerləşməsini müəyyən eymək mümkün olmamışdır. Əlavə olaraq qeyd edilir ki, İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsi. Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2005-ci il tarixli yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir, İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TCKİİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla 498.0 kv.m hissəsi fərdi yaşayış evi, 13.0 kv.m hissəsi həyətyanı torpaq sahəsi və 3.0 kv.m hissəsi isə infrastruktur (yollar və küçələr) sahəsidir. İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuşdur. (Bax plan 2). İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsinin 29.0 kv.m hissəsi. Elektron kadastr sistemi məlumatlarında **********75 reyestr nömrəli Çıxarışa əsasən Usubov Fizuli llyaz oğlunun mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 29.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 10.Rəy hazırlanarkən, İddiaçı naturada təqdim etdiyi 514.0 kv.m torpaq sahəsinə, Elektron kadastr sistemi məlumatlarına. Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2005-ci il tarixli yerquruluşu sxeminə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsaslanılmışdır. Məhkəmənin qərardadı ilə cavabdeh qismində iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər nümayəndəsinin iştirak, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun faktiki istifadəsində olan 374 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-619A 50605028 kodlu şəhadətnaməyə əsasən Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0,04 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi faktiki torpaq sahəsinin 29 kv.m hissəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi və faktiki torpaq sahəsinin (0.5 metr) yaxınlığından yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 6/10 kV-luq) elektrik xəttinin keçməsi təşkil edir. xx.xx.2026-cı il tarixli məhkəmə iclası zamanı cavabdeh orqanın mütəxəssisi Elmar Aslanovun rəy üzrə izahatı verərək qeyd etmişdir ki, torpaq sahəsinə ilkin baxış zamanı rəydə torpaq sahəsinin 514.0 kv.m olması qeyd edilsə də, sonradan yenidən baxış zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 400 kv.m olması müəyyən edilmişdir. Torpaq sahəsi TEKUİS və AzCAD məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağıdır.Torpaq sahəsinin 29.0 kv.m hissəsində üst-üstə düşmə mövcuddur, rəydə 3 kv.m hissəsinin yol infrastruktur sahə ilə üst-üstə düşməsinin olması qeyd edilsə də, lakin 3 kv.m yol infrastrukturuna düşən hissə **********75 reyestr nömrəli çıxarışın daxilindədir, iddiaçının faktiki istifadəsində olan 374 kv.m torpaq sahəsi ilə bağlı heç bir digər şəxslə üst-üstə düşmə və yol infrastruktur sahə ilə üst-üstə düşmə halı mövcvud deyildir. Eyni zamanda iddiaçı məhkəmə iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun faktiki istifadəsində olan 374 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etdikdən sonra yenidən cavabdeh orqanın mütəxəssisi Elmar Aslanov ilə rəydəki halları aydınlaşdırılmış,Elmar Aslanov bir daha izahatında qeyd etmişdir ki, Torpaq sahəsi TEKUİS və AzCAD məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağıdır, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdikdən sonra torpaq sahəsinin ölçüsündə azalma verdiyindən hazırki iddia etdiyi 374 kv.m torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. xx.xx.2026-cı il tarixli məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi X1 şəhadətnamənin elektron baza məlumatlarında kök sənədinin öz əksini tapmadığını qeyd etmiş, məhkəmənin sualına cavab kimi dövlət aktının mübahisələndirilmədiyini qeyd etmişdir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1862/2023, xx.xx.2024- cü il tarixli 2-1(102)-3/2024 nömrəli qərarları). Hazırkı işin halları üzrə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 374 kv.m həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, bununla bağlı Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və halhazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçılar hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı faktiki istifadəsində olan 374 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar