Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1075/2021 07.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 27.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhər Polis İdarəsinin Nizami rayon şöbəsində istintaq bölməsinin rəisi vəzifəsində xidmət etmiş, SSRİ Daxili İşlər Nazirliyinin 298 nömrəli 1989-cu il tarixli və 84 nömrəli 1990-cı il tarixli əmrlərinin tələblərinə əsasən Gəncə şəhər Polis İdarəsinin 1990-cı il tarixli 125 nömrəli əmri ilə Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 31.08.1990-cı il tarixədək 50 gün müddətində döyüş zonasında xidməti ezamiyyətdə olmuş, 1991-ci ildən 1992-ci ilə qədər Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, 1992-ci ilə qədər Nizami rayon Polis şöbəsinin rəis müavini, həmin müddətdən 1994-cü ilə qədər Gəncə şəhər Polis İdarəsində xidmət üzrə rəis vəzifəsində çalışmış, 1994-cü ilin fevral ayından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində çalışmışdır. Qarabağda gedən döyüşlərdə dəfələrlə iştirak etməyinə baxmayaraq iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1990-cı ildə Qazax rayonuna ezam olunmuş, 1992-1994-cü illərdə Gəncə şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik xidməti bölməsinin rəisi işləmiş və şəxsi heyəti döyüş bölgələrinə aparıb təhvil etməklə məşğul olmuş, özü şəxsən döyüşlərdə iştirak etməmiş, yalnız polis qrupunu döyüş bölgələrinə təhvil verib qayıtmışdır. Əslində apardığı polis qrupları döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir, onun isə işi onları aparıb təhvil verməkdən ibarət olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 17.05.2021-ci il tarixli, 06/13-443 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə müvafiq komissiyada baxılmış və o, müraciətini əvəllər daxili işlər orqanlarında xidmət keçərkən 25.05.1990-cı il tarixli 125 nömrəli əmrlə Ermənistamla sərhəd kəndlərə xidməti ezamiyyətə göndərilməyi ilə əsaslandırmışdır. Məsələnin qanunvericiliyə uyğun araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə müvafiq sorğu ünvanlanmış və müəyyən edilmişdir ki, M.Nəzəfov 25.05.1990-cı il tarixli 125 nömrəli əmrlə pasport rejiminin yoxlanılması və qanunsuz silahların yığılması məqsədilə ezamiyyətdə olmuşdur. Odur ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən 25.05.1990-cı il tarixli 125 nömrəli əmrdə bu barədə birbaşa qeyd olunmadığına və İddiaçı tərəfindən onun döyüşlərdə iştirakını təsdiq edən digər sənədlər təqdim edilmədiyinə görə qanunvericiliyin tələbləri nəzərə alınaraq ona “müharibə veteranı” adının verilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə şəhər XDS İK-nin Daxili İşlər İdarəsinin 25.05.1990-cı il tarixli 125 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 31.08.1990-cı il tarixədək Azərbaycan SSR-nin Ermənistanla sərhəd kəndlərində erməni ordusu yaraqlılarının dinc Azərbaycan əhalisinə hücum etməsi ilə əlaqədar olaraq xidməti ezamiyyətə göndərilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 24.06.2020-ci il tarixli 120-2647N-3220 nömrəli məktubunda SSRİ DİN-in 298 nömrəli 1989-cu il tarixli və 84 nömrəli 1990-cı il tarixli əmrlərinin tələblərinə əsasən İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 1990-cı il tarixli 125 nömrəli əmri ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 31 avqust 1990-cı il tarixədək 50 gün müddətində döyüş zonasında xidməti ezamiyyətdə olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20.10.2020-ci il tarixli, 06/26-734 nömrəli məktubundan görünür ki, 25.05.1990-cı il tarixli 125 nömrəli əmrlə İddiaçı pasport rejiminin yoxlanılması və qanunsuz silahların yığılması məqsədilə ezamiyyətdə olduğuna görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qanunvericiliyin qeyd olunan normalarının məzmunundan da görünür ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş və bilavasitə döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı adı verilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünur iddiaçı həqiqətən Azərbaycan SSR-nin Ermənistanla sərhəd kəndlərinə xidməti ezamiyyətə göndərilmişdir. Buna baxmayaraq özünün məhkəmə iclası zamanı verdiyi izahatından aydın olur ki, o, polis qruplarını döyüş bölgələrinə aparıb təhvil verməklə bağlı ezam edilmiş, döyüşlərdə iştirak etməmişdir. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1075/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1075/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver