Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1076/2021 13.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1992-ci ilin yanvar ayında 818 saylı Gəncə ərazi özünümüdafiə batalyonunun şəxsi heyətinin sıralarına daxil olmuş, 29.07.1992-ci il tarixdə Həsənqaya kəndində kürək nahiyəsindən və çiynindən yaralanmışdır. 1993-cü ilin yanvar ayının 2-də N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Fərrux dağı əməliyyatında iştirak etmiş və qarın nahiyəsindən yaralanmış, 230 saylı hərbi hospitalda müalicə və müayinə olunmuşdur. Ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 18.09.2020-ci il tarixli 1/Y-8730 nömrəli məktubla ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görə də ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi (vəkili) X2 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 17.04.2017-ci il tarixli 9/2-6561 nömrəli arayışına əsasən İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin 10.08.1992-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində hərbi xidməti, yaralanmağı və hərbi hissədən xaric olması barədə təsdiq edən sənədlər aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsalarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 10.11.2017-cİ il tarixli 71 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 17.04.20017-ci il tarixli 9/2-6561 nömrəli arayışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 07.09.2020-ci il tarixli 262 nömrəli arayışı, epikriz, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 06.04.2021-ci il tarixli 1/Y-8730 nömrəli imtina məktubu və cavabdehin 16.05.2021-ci il tarixli 11/2281 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 06.04.2021-ci il tarixli 1/Y-8730 nömrəli məktubunda göstərilir ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 18.09.2020-ci il tarixli iclasında baxılmış və 712 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 10.11.2017-ci il tarixli 71 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: Gəncə şəhər Kəpəz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə hərbi prokurorluğunun 24.12.2015-ci il tarixli HP15/4723 nömrəli məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 19.01.1993-cü ildə aldığı və 20.01.1993-cü ildən 12.02.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Xayalığın və sağ qasıq nahiyəsinin dəlib keçən güllə yarası. Yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət. Sağtərəfli travmatik orxoepidedimit» (Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin 12.09.2017-ci il tarixli 1928 saylı göndərişi, 12.09.2017-ci il tarixli 522 saylı arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş 18.04.1994-cü il tarixli çıxarış epikriz, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 17.04.2017-ci il tarixli 9/2-6561 nömrəli Arxiv Arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 21.05.1992-ci il tarixli 153 nömrəli əmində İddiaçı İsrafil oğlunun 1-ci bölüyə atıcı təyin edilməsi barədə məlumat vardır. Əmrdə adı Gülmiyyət, atasının adı İsrafil yazıldığından, məlumatın İddiaçı aid olduğunu təsdiq edə bilmirlər. N nömrəli hərbi hissə komandirinin 10.08.1992-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması və hərbi hissədən xaric olunması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə məlumat verilə bilmir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 07.09.2020-ci il tarixli 262 nömrəli arayışında göstərilmişdir ki, istefada olan əsgər 1957-ci il təvəllüdlü İddiaçı Kirovabad ŞHK-ğı tərəfindən 20.05.1977-ci il tarixdə xəstəliklər cədvəlinin İ qrafasının 24-cü maddəsinin «b» bəndinə (SSRİ MN-nin 185 nömrəli 1973-cü il tarixli əmri) əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 17.04.2017-ci il tarixli 9/2- 6561 nömrəli Arxiv Arayışında qeyd edilmişdir: «Verilir sıravi İddiaçısmayıloviçə ondan ötəri ki, N nömrəli hərbi hissə komandirinin 21.05.1992-ci il tarixli 153 nömrəli əmində İddiaçı İsrafil oğlunun 1-ci bölüyə atıcı təyin edilməsi barədə məlumat vardır. Əmrdə adı Gülmiyyət, atasının adı İsrafil yazıldığından, məlumatın İddiaçı aid olduğunu təsdiq edə bilmirlər. N nömrəli hərbi hissə komandirinin 10.08.1992-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması və hərbi hissədən xaric olunması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə məlumat verə bilmirik». Gəncə ərazi özünümüdafiə bataloyunu tərəfindən verilmiş 09.07.1992-ci il tarixli 89 nömrəli arayışdan göstərilmişdir ki, X4 ərazi özünü müdafiə batalyonunda döyüşçü kimi iştirak etmiş, döyüşlərdə iki dəfə yaralanmışdır. Məhkəmə yuxarıda sadalanan faktları tədqiq edərək hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Gəncə ərazi özünü müdafiə batalyonunun tərkibində xidmət keçərkən həqiqətəndə «Xayalığın və sağ qasıq nahiyəsinin dəlib keçən güllə yarası. Yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət. Sağtərəfli travmatik orxoepidedimit» diaqnozu ilə 20.01.1993-cü ildən 12.02.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunması təsdiq olunur. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçı müalicə nəticəsində sağaldıqdan sonra xidmətini davam etdirmək üçün hərbi hissəsinə göndərilməmiş və onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair heç bir sübut yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının yaralanması ilə əlaqədar müalicədən sonra xidmət yerinə qayıtmaması, hərbi xidməti barədə məlumatın olmaması və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmaması kimi halların mövcudluğu iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün kifayət qədər əsas verir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1076/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1076/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver