Məhkəmə qərarları › İş №2-1(114)-1076/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1076/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1076/2024 15.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı analoji vakant vəzifəyə təyin edilmə və məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə Şəhər İcra Hakimiyyəti aparatında Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə analoji vakant vəzifəyə təyin edilməsi və xx.xx.2022-ci il tarixdən təyin olunan günədək məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-xx.xx.1997-ci il tarixlərdə X1 dövrünə təsadüf edən həqiqi hərbi xidmətdə qulluq etmişdir. Onun əmək fəaliyyəti aşağıdakı kimidir: -xx.xx.1992-xx.xx.1993- ci il tarixlərdə Səbail rayonu kommunal kredit təsərrüfat idarəsində mühasib; -xx.xx.1997-xx.xx.1997-ci il tarixlərdə "Rüstəm” müstəqil vəkillər kollegiyasında vəkil köməkçi vəzifəsində; -xx.xx.1997-xx.xx.1998-ci il tarixlərdə Suraxanı rayon Maliyyə şöbəsində idarəetmə aparatı üzrə iqtisadçı; -xx.xx.1999xx.xx.1999-cu il tarixlərdə Bakı Lokomotiv deposunda hüquqşünas; -xx.xx.2002xx.xx.2002-ci il tarixlərdə X2 Su Cəmiyyəti Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satış müəsəssində 9-cu dərəcəli su müfəttişi; -xx.xx.2015-xx.xx.2018-ci il tarixlərdə Gəncə Şəhər İcra Hakimiyyətində, xx.xx.2005-ci il tarixdən xx.xx.2016-ci il tarixədək stajçı kimi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin aparıcı Məsləhətçisi; -xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətində Natəvan qəsəbəsinin İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi dövlət qulluğuna qəbul edilmişdir; xx.xx.2018-ci il tarixlərdə 3-cü (üçüncü) dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; -xx.xx.2018xx.xx.20022-ci il tarixlərdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Natəvan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə keçirilərək, 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; xx.xx.2021-ci il tarixdə Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezdentinin xx.xx.2022-ci il tarixli 1641 nömrəli Fərmanını rəhbər tutaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümunəvi strukturu və ştat vahidinin ləğv olunduğunu nəzərə alaraq xx.xx.2012-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümunəvi strukturu və ştat vahidinin ləğv olunduğundan həmin orqanın bazasında Gəncə şəhər İcra Hakimiyyəti aparatında yeni analoji vakant vəzifələr yaradılmışdır. Bu səbəbdən o, Gəncə şəhər İcra Hakimiyyəti aparatında yeni analoji vakant vəzifəyə təyin olunmağını istəyir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə Şəhər İcra Hakimiyyəti aparatında başçının müavini vəzifəsinə təyin edilməsi və xx.xx.2022-ci il tarixdən təyin olunan günədək məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi, iddiaçının iddia tələbinin Gəncə Şəhər İcra Hakimiyyəti aparatında başçının müavini vəzifəsinə təyin edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Gəncə Şəhər İcra Hakimiyyəti aparatında başçının müavini vəzifəsinə təyin edilmə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanının üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar. İddiaçının tələbinin xx.xx.2022-ci il tarixdən təyin olunan günədək məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbi Gəncə Şəhər İcra Hakimiyyəti aparatında başçının müavini vəzifəsinə təyin edilməsi hissəsinə münasibətdə mümkün hesab edilmədiyindən iddiaçının xx.xx.2022-ci il tarixdən təyin olunan günədək məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddiasının hüquqi əsası yoxdur. hazırki tələbi analoji vakant vəzifəyə təyin edilmə və məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsindən ibarətdir. İddiaçının Hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər İcra Hakimiyyəti aparatında başçının müavini vəzifəsinə təyin edilməsi və xx.xx.2022-ci il tarixdən təyin olunan günədək məcburi iş buraxma dövrünün əmək haqqısının ödənilməsi öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar