Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1077/2021 24.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci il tarixdə könüllü olaraq Gəncə batalyonunun, daha sonra çağırış vərəqəsi üzrə N saylı hərbi hissənin tərkibində pulemyotçu vəzifəsində hərbi xidmət keçmişdir. 1991-1994-cü illərdə döyüşlərdə iştirak etməsinə, hərbi hissədə ev növbəsində durmasına, hərbi xidmətdə olduğu müddətdə iş yerindən əmək haqqı alması barədə müxtəlif arayışların verilməsinə baxmayaraq dövlət tərəfindən müəyyən edilmiş güzəştlərdən və imtiyazlardan istifadə edə bilmir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmiş, lakin həmin inzibati orqan 12.03.2021-ci il tarixli 1/A-6309 nömrəli məktubla bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) X2 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 15.04.1985-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, Gəncə batalyonu komandiri tərəfindən verilmiş 03.02.1992-ci il tarixli 41 nömrəli və 02.08.1993-cü il tarixli 2552 nömrəli arayışlar, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 21.10.1993-cü il tarixli arayış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.11.2016-cı il tarixli, 9/2-12611 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.03.2021-ci il tarixli 1/A-6309 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.03.2021-ci il tarixli 1/A-6309 nömrəli imtina məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 17.02.2021-ci il tarixli iclaslarında baxılmış və 409 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İddiaçıya məxsus 15.04.1985-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin 6 və 7-ci səhifələrində iddiaçının 26.06.1993-ci il tarixli 67 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması və 26.06.1993-cü il tarixdən 30.07.1993-cü il tarixə kimi Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə iştirak etdiyi göstərilsə də, lakin onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə hərbi biletində heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.11.2016-cı il tarixli, 9/2-12611 nömrəli Arxiv Arayışından görünür ki, həqiqi hərbi xidmət keçmək üçün gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 29.06.1993-cü il tarixli 67 nömrəli əmrilə (Əsas: pr-1, səh-57, sıra-69) 25.06.1993-cü il tarixdən şəxsi heyət siyahısına, bütün növ təminatlara qoyulmaqla, pulemyotçu vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin 16.12.1991-10.08.1992-ci il tarixli dövrü əhatə edən əmirlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır və N nömrəli hərbi hissədə sonrakı xidmət dövrü göstərilmədiyi üçün arxiv sənədlərində araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim olunmuş Gəncə batalyonu komandiri tərəfindən verilmiş 03.02.1992-ci il tarixli 41 nömrəli və 02.08.1993-cü il tarixli 2552 nömrəli arayışları və N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 21.10.1993-cü il tarixli arayışı nəzərdən keçirib həmin sübutlara tənqidi yanaşaraq qeyd edir ki, iddiaçının Gəncə batalyonunun və N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi işin mübahisəsiz tərəfi olsada, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin yuxarıda qeyd edilən tələblərinə əsasən iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması onun hərbi biletində və ya arxiv arayışında qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1077/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1077/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver