Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1078/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0214 əç nömrəli əmrilə hərbi xidmətdən “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılaraq işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki,xx xxx 2018-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Gəncə Qorizonu hərbi polisinin mühafizə bölüyünün, 3-cü mühafizə taqımının 3-cü manqasına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş, atıcı vəzifəsinə təyin olunmuşdur. Xidmətə başladığı ilk vaxtlardan nümünəvi davranışı ilə kollektivin hörmətini qazanmışdır. Anasının xəstəliyi ilə əlaqədər olaraq onun müalicəsi və ona qulluq etmək üçün, eləcə də həyat yoldaşı uşağı dünyaya çətin gətirdiyinə görə onlara köməklik edib baxmaq üçün iş yerinə müraciət edib öz hesabına məzuniyyət istəmiş, ailə vəziyyəti ilə bağlı işdən də öz arzusu ilə çıxacağını onların nəzərinə çatdırsa da, cavabdeh orqanın vəzifəli şəxsləri onun üç illik müqaviləsinin olduğunu, bu səbəbdən də işdən çıxara bilmədiklərini bildirmişlər. İddiaçıdan başqa onların qulluğunda duran şəxs olmadığına görə işə gedə bilməmiş, nəticədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 1-ci müavini Silahlı Qüvvələrin Baş Qərarqah rəisinin xx.xx.2018-ci il tarixli 0214 əç nömrəli əmrilə hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə və "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) eytiyyata buraxılaraq işdən azad edilmişdir. Hesab edir ki, cavabdeh orqanın onun işdən azad olunması barədə əmri qanunsuz və əsassızdır. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, habelə izahatında bildirmişdir ki,hazırda mübahisələndirilən əmrdən 1 ay müddətində şikayət verməli olduğunu bilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə İddiaçı iddia ərizəsinə dair xx.xx.2020-ci il tarixli, 11/2090 nömrəli etiraz göndərilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır və 1 il 4 ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir, həmçinin iddia müddətinin keçməsi nəzərə alınaraq iddia mümkün hesab edilməməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0214 əç nömrəli əmrilə hərbi xidmətdən “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə göndərilmişdir. İddiaçı müddətin bərpasına dair ərizəsində də qeyd etmişdir ki, mübahisələndirilən əmrdən 1 ay müddətində şikayət verməli olduğunu bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qanunun tələblərini bilməməsi onu mövcud vəziyyətdə yaranmış hüquqi nəticədən azad etmir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddia müddətinə dair normalara riayət edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, işlərə baxılarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da həmin inzibati aktın mübahisələndirmə müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə iddiaçının prosessual müddətinin üzürlü hesab edilməsi barədə ərizəsi təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1078/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1078/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver