Məhkəmə qərarları › İş №2-1(114)-108/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-108/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-108/2022 15.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X17, X18, X7) qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxslər X6, X17, X18, X7) 05.08.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mərhum X14, mərhum X4, X2, X8, X9, X3 adına verilmiş dövlət reyestrində 17.08.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Şəmkir rayonu Ələsgərli kənd sakini X12 JN-181 saylı Dövlət aktına əsasən Yunis Abdullayevə və onun ailəsi üzvlərinə məxsus olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 7.45 ha torpaq sahəsinin 5 hektarını 09.10.2003-cü il tarixdə Şəmkir rayonu 2 saylı notariat konturunda 4Ə-05-511 nömrəli reyesterdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında köhnə məzənnə ilə 6.000.000 manata satın almışdır. Həmin torpaq sahəsi ümumilikdə 11.67 hektar olmuşdur. JN-181 saylı KOD 50403018 nömrəli torpağa mülkiyyət hüquqlarına dair dövlət aktında göstərilmişdir ki, 11.67 hektar torpaq sahəsinin 7.45 hektarı 181 saylı hissədə, 4.22 hektarı isə 181A hissəsində qeyd olunmuşdur. 2003-cü ildə hazırkı vaxtadək həmin torpaq sahəsi onun istifadəsində olmuş, və torpaq sahəsinə sahiblik etmişdir. 21.05.2016-cı ildə satın aldığı torpaq sahəsinə dair bölgü eskizi tərtib edilmiş və həmin eskiz 01.02.2017-ci ildə Alıyeva (Abdullayeva) Laləzər Murğuz qızının və X2 iştirakı ilə Şəmkir rayon 1 saylı Notariat Konturunda təsdiq edilmişdir. Bir neçə ay bundan əvvəl 09.10.2003-cü il tarixində satın aldığı 5 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq üçün müraciət etdikdə həmin əraziyə dair 2016-cı ildə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mərhum X14, mərhum X4, X2, X8, X9 və X3 adına 11.6746 ha torpaq sahəsinə dair mülkiyət hüququnu təsdiq edən çıxarış verildiyi bildirilmiş və ona aid hissədə yəni 5 hekar torpaq sahəsinə dair çıxarış almağı mümkün olmamışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X28 02.09.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 17.08.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(114)-1755/2021 nömrəli qərardadı ilə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X16 17.08.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi barədə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Üçüncü şəxs X6 məhkəməyə 25.10.2021-ci il tarixdə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə ərizə təqdim edərək, alqı-satqı müqaviləsində və bölgü eskizində çəkilmiş imza ona məxsus olmadığını bildirərək, ərizədə olan imzanın müvafiq qaydada araşdırılması məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2-1(114)-1755/2021 nömrəli qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X17, X18, X7) qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1709 nömrəli, 07.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2-1(114)-1755/2021 nömrəli işin 97-ci vərəqəsində olan 21.05.2016-cı il tarixli bölgü eskizində “X1” qrafasındakı imza, i/v 98də olan 09.10.2003-cü il tarixli müqavilədə “3.Абдуллаjев” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Абдуллаjев” yazısı –X6 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 15 fevral 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi (vəkil) məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X28 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək cavabdeh tərəfindən mərhum X14, mərhum X4, X2, X8, X9, X3 adına verilmiş dövlət reyestrində 17.08.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsuz AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Şəmkir rayon məhkəməsinə ünvanladığı 24.05.2021-ci il tarixli **********52 nömrəli və X23 ünvanladığı 16.07.2021-ci il tarixli **********14 nömrəli məktubların surətləri; - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 17.08.2016-ci il tarixli 084636 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin surəti; - İddiaçı ilə X26, X13, X6 və X17 arsında bağlanmış 09.10.2003-cü il tarixli, 4Ə-05- 511 nömrəli torpağın alqı-satqısına dair müqavilənin surəti; - JN-181 Kod 50403018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surəti; - RX seriyalı, ******* nömrəli, 17.08.2016-cı il tarixli qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - 09.10.2003-cü il tarixli 4Ə-05-511 nömrəli Daşınmaz Əmlakların Alqı-Satqı Müqaviləsinə əsasən 7.450769 ha torpaq sahəsinin 21.05.2016-cı il tarixli bölgü eskizi; - 08.04.2005-ci il tarixli, AZ-İ 142174 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - 30.07.2020-ci il tarixli, 1398 nömrəli ölüm haqqında arayışın surəti; - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 20.08.2021-ci il tarixli **********59 nömrəli məktubu və 23.08.2021-ci il tarixli **********70 nömrəli etirazı; - Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 12.09.2021-ci il tarixli, 05/01-4091/11 nömrəli məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.01.2022-ci il tarixli 4/1709 nömərli ekspert rəyi. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 16.07.2021-ci il tarixli **********14 nömrəli məktubunda X10 alqı-satqı yolu ilə əldə etdiyi 5.0 ha torpaq sahəsinə dair digər şəxslərin adlarına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğu, hər hansı əmlaka dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi yalnız məhkəmənin qərarı əsasında aparıldığı və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyinin tövsiyyə olunduğu, 24.05.2021-ci il tarixli **********52 nömrəli məktubunda isə Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 11.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X2, X8, X11 və digər ailə üzvlərinin adlarına JN-181 saylı ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edildiyi, həmin akt əsasında 11,67 ha torpaq sahəsinə dair X2, X8, X11 və digər ailə üzvlərinin adlarına 17.08.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verildiyi, 11.67 ha torpaq sahəsinin 5.0 ha hissəsinin İddiaçı adına özgəninkiləşdirilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsində məlumat aşkar edilmədiyi qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X19 ilə X26, X15, X6 və X5 arasında 09.10.2003-cü il tarixində 4Ə-05-511 nömrəli torpaq alqı satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən iddiaçı Şəmkir rayon Ələsgərli kəndində yerləşən X26 və onun ailə üzklərinə məxsus 5 ha torpaq sahəsini satın almışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq üçün müraciət etdikdə həmin əraziyə dair 2016-cı ildə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mərhum X14 və ailə üzvlərinin adına 11.6746 ha torpaq sahəsinə dair mülkiyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Belə ki, iş materialına əlavə olunmuş 09.10.2003-cü il tarixli 4Ə-05-511 nömrəli alğı satqı müqaviləsinədən görünür ki, İddiaçı köhnə məzənnə ilə 6.000.000 manata Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 7.45 ha torpaq sahəsinin 5 ha hektarını satın almış, müqavilə X26, X13, X6, X17 və İddiaçı tərəfindən imza olunmuşdur. İş materialına əlavə olunmuş 08.04.2005-ci il tarixli, AZ-İ 142174 nömrəli ölüm haqqında şəhadətnamənin və 30.07.2020-ci il tarixli, 1398 nömrəli ölüm haqqında arayışın surətlərindən görünür ki, X13 07.03.2005-ci il tarixdə, X26 isə 03.06.2015-ci il tarixdə vəfat etmişlər. İş materialına əlavə olunmuş JN-181 Kod 50403018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən məlum olur ki, mərhum X14, mərhum X4, X2, X8, X9 və X3 adı qeyd olunmuş və RX seriyalı, №0899323, 17.08.2016-cı il tarixli qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materialına əlavə olunmuş 21.05.2016-cı il tarixli torpaq sahəsinə dair bölgü eskizindən görünür ki, torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, 01.02.2017-ci ildə Şəmkir rayon 1 saylı Notariat Konturunda təsdiq edilmiş və İddiaçı, Alıyeva (Abdullayeva) Laləzər Murğuz qızı və X6 tərəfindən imza edilmişdir Məhkəmənin 25.10.2021-ci il tarixli, 2-1(114)-1755/2021 nömrəli qərardadı ilə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının nəticəsindən də aydın olur ki, 21.05.2016-cı il tarixli bölgü eskizi ilə 09.10.2003-cü il tarixli alqı satqı müqaviləsi eyni şəxs- yəni, X6 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 646-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı: - İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: - 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı X20 ilə X26 və onun ailə üzvləi arasında notariat qaydasında 09.10.2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçıya 5 hektar torpaq sahəsi satılmışdır. Həmçinin müəəyən olunmuşdur ki, üçüncü şəxslərə JN-181 saylı “ Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 11,67 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə 17.08.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi qeyd edilən qeydiyyat torpaq sahəsinin 5 ha hissəsi satıldıqdan sonra həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı almış olduğu torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində vaxtında qeydiyyata aldırmamışdır. Həmçinin məhkəmə araşdırması nəticəsində üçüncü şəxs X6 vəsatət verərək, torpaq sahəsinin 09.10.2003-cü il tarixli alqı-satqı müqviləsində və torpaq sahəsinin bölgü eskizindəki imzaların ona məxsus olmamasını iddia etmiş və məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı əsasında həyata keçirilmiş ekspertiza rəyindən müəyyən olunmuşdur ki, həm alqı-satqı müqaviləsində, həm də bölgü eskizində olan imzalar Abdullayev Xanoğlan oğluna məxsusdur və onun tərəfindən icra olunmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində aprılmış 17.08.2016-cı il tarixli ********** qeydiyyat nömrəli qeyd iddiaçının hüquqlarını pozduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X17, X18, X7) qarşı 17.08.2016-cı il tarixli ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 17.08.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış qeydin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar