Məhkəmə qərarları › İş №2-1(114)-1083/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1083/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1083/2022 03.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X3 xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət illərinin, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir Elektrotestində elektrik montyoru və 1985-1995-ci illərdə R.Əliyev adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X8 iddiaçının əridir, o, xx.xx.2021-ci ildə vəfat etmişdir. Valeh Abdullayev xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir Elektrotestində elektrik montyoru və 1985-1995-ci illərdə R.Əliyev adına soxozda fəhlə işləmişdir. Sonuncu vəfat etdiyindən iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X5 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən iddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün mərhum əri X3 15 il sığorta stajının olması tələb olunur, lakin sonuncunun cəmi 6 il 7 ay sığorta stajı var (sovxozdakı iş stajı istisna olmaqla). Belə ki, mərhum Valeh Abdullayevin 1985-1995-ci illərdə “R.Əliyev” adına sovxozda işlədiyini iddia etdiyi illər əmək kitabçasında olmadığından həmin illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, sovxozda qismən əmək haqqı aldığına görə əmək haqqı aldığı dövr üzrə cəmi 3 il sığorta stajı yaranmış olur. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş, NZ ******* nömrəli hərbi biletdən görünür ki, X8 xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş, ИT-l ******* nömrəli xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, X8 xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir Elektotestində elektrik montyoru vəzifəsində işləmişdir. -Gədəbəy Rayon Dövlət Arxivinin 230 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, X8 1985-1995-ci illərdə « R.Əliyev » adına sovxozda işləmiş və əmək haqqı almışdır. -surəti işə əlavə edilmiş, Б 483187 nömrəli xx.xx.1988-ci il tarixli diplomdan görünür ki, X8 xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək heyvandarlıq komplekslərinin mexanizatoru peşəsi üzrə peşə təhsili almışdır. -surəti işə əlavə edilmiş xx.xx.2003-ci il tarxili, ll-AZ 032157 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X1 Kəmalə Firudin qızı ilə xx.xx.2003cü ildə nikah bağlamış, arvada “Süleymanova” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2003-ci il tarxili, AZ-İ 334743 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X9 xx.xx.2001-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarxili, AZ-İ 601655 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 081686 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. -AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktububdan görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X3 1985-1995-ci illərdə “R.Əliyev” adına sovxozda işlədiyi müddətlərə dair qeydlər əmək kitabçasında öz əksini tapmadığından cavabdeh tərəfindən həmin illər onun sosial sığorta stajına daxil edilməmiş və nəticə etibarilə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının mərhum ərinin sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə 1985-1995-ci illər üzrə sığorta stajı ilə bağlı qeyd edir ki, iddiaçının mərhum əri göstərilən hər il üzrə bəzi aylarda əmək haqqı almasına baxmayaraq, məhkəmə onun həmin sovxozun işçisi olmaqla əmək fəaliyyəti göstərməsini nəzərə alıb hər ilin tam il kimi sosial sığorta stajı üzrə hesablanmasını məqsədəmüvafiq hesab edir. Beləliklə iddiaçının mərhum ərinin iş stajını təsdiq edən müvafiq sənədlərə əsasən müəyyən olunur ki, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (müddətli həqiqi hərbi xidmət müddəti) -2 il 3 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (Şəmkir Elektotestində elektrik montyoru vəzifəsində işlədiyi müddət) – 2 il 5 ay, 1985- 1995-ci illərdə sovxozda işlədiyi müddət üzrə 11 il olmaqla ümumilikdə 15 il 5 ay sığorta stajı yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. -17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Beləliklə müəyyən olunur ki, iddiaçının mərhum ərinin sığorta stajı 15 ildən çoxdur və o, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, iddiaçının mərhum əri X3 xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət illərinin, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir Elektrotestində elektrik montyoru və 1985-1995-ci illərdə R.Əliyev adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət illərinin, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir Elektrotestində elektrik montyoru və 1985-1995-ci illərdə “R.Əliyev” adına sovxozda fəhlə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar