Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1084/2022 03.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək stajının sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 oktyabr 2021-ci il tarixli «Yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması haqqında» məktubu ilə əmək kitabçasında qeyd olunmuş 17.04.1985ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında fəaliyyət dövrün araşdırması zamanı əmək kitabçasında işdən azad olma əmrinin tarixi, tarixi qeyd edilmədiyindən və 18 saylı regional ərazi filialı tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli akta əsasən arxiv sənədləri, əmr kitabları və əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmiş və İddiaçı 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun 28 il 09 ay 02 gün əmək stajının sosial sığorta stajına daxil edilməsini və 01.06.2021-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə 11.04.2022-ci il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuş, 12.06.1973-cü ildən 04.10.1976-cı ilə kimi ( 3 il, 03 ay, 22 gün) Xanlar (indiki Göygöl) TTSdə işində işləmiş, 04.10.1976-cı ildən 05.01.1979-cu ilə kimi (2 il, 3 ay, 01 gün) həqiqi hərbi xidmətdə olmuşdur. 05.01.1979-cu ildən 04.05.1985-ci ilə kimi ( 6 il, 04 ay, 01 gün) dülgər işində işiəmişəm. 17.05.1985-ci ildən 22.02.1996-cı ilə kimi (11 il, 03 ay, 05 gün) Göygöl sanatoriyasında çilingər işində işləmişdir. 31.03.1996-cı ildən 27.10.2001-ci ilə kimi (5 il, 07 ay, 04 gün) Gəncə şəhəri, Kəpəz rayonu Hacıkənd qəsəbəsi üzrə 98-ci peşəkar Yanğın Hissəsində yanğın söndürən vəzifəsində işləmişdir. 65 yaşı 01.06.2021-ci ildə tamam olmuş və yaşa görə əmək pensiyası almaq məqsədi ilə Göygöl DSMF-yə sənədlərini təqdim etmiş, həmin sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Cavabdehin ona ünvanladığı məktubla əsassız olaraq imtina etmiş və iddiaçının təqdim etdiyi sənədlərdə, əmək kitabçasə və hərbi biletin surətlərinə əsasən sığorta stajı 01.01.2006-cı ilədək 17 il 2 ay 24 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (17 il, 2 ay, 24 gün sığorta kapitalı 12774,55 manat olmaqla 28800 manata sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir, eyni zamanda əmək kitabçanın surətində qeyd olunmuş 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında fəaliyyət dövrün araşdırma zamanı əmək kitabçasında işdən azad əmrinin tarixi, nömrəsi qeyd edilmədiyindən və 18 saylı Regional ərazi filialı tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli akta əsasən arxiv sənədləri, əmr kitabları və əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrləri sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmiş, həmçinin X1 X4 sisteminə 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək fərdi hesabınıza pensiya kapitalı qeydə alınmamış, iddiaçıya yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmin sanatoriyada işləməyinə dair əmək kitabçasında iş daxil olmağına və çıxmağına dair sanatoriyanın möhürləri vurulub və əmək kitabçasının həmin hissəsində yəni, bənddə 17.05.1985-ci il tarixdə işə götürüldüyü halda texniki səhvə yol verilərək 5-ci ay yerinə 4-cü ay kimi qeyd olunub və 22.02.1996-ci ildən işdən çıxma barədə tarix göstərilsə də əmr nömrəsi qeyd edilməyib və bu da sanatoriyanın rəhbərliyinin səhlənkarlığıdır. 01.02.2021-ci il tarixdən yaşa görə ona 130 manat müavinətin təyin edilməsi barədə məlumatı olmayıb və imtina məktubunu ilə tanış olduqda müavinətin təyin olunmasını bilmişdir. İmtina məktubunda 01.02.2021-ci il tarixdən yaşa görə 130 manat müavinət təyin edildiyi qeyd edilsə də, müavinəti almamış və həmin tarixdən təyin edilməsinə inanmır, ona görə ki, 65 yaşım 01.02.2021-ci il tarixdən 01.06.2021-ci il tarixdə tamam olub və həmin tarixdən də 5 ay keçmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında 17.04.1985-ci il tarixdən 22.02.1996-cı il tarixədək Göygöl sanatoriyasında işləməsinin qeyd olmasına baxmayaraq həmin illərin yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi imkan xaricindədir. 01.01.2006-cı il tarixədək olan 17 il 02 ay 24 gün sığorta stajı və fərdi hesabın sığorta hissəsində 12774,55 manat pensiya kapitalı vardır. İddiaçının 25 il sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətləri, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 19.10.2021-ci il tarixli, **********3 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2. maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67. maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69. maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır Yuxarıda qeyd edildiyi kimi imtina məktubunda cavabdeh inzibati orqan iddiaçının işlədiyi illərin qarşılıqlı yoxlanmasının mümkün olmamasına, iddiaçıya məxsus əmək kitabçasında işdən azad olma əmrinin tarixinin və nömrəsinin qeyd edilməməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması, həmçinin əmək kitabçasında işdən azad olma əmrinin tarixinin və nömrəsinin qeyd olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus əmək kitabçasında göstərilən əmək fəaliyyətinin şübhə altına alınması üçün işdə tutarlı sübut aşkar olunmamış və cavabdeh orqan tərəfindən də təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən də görünür ki, İddiaçı 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Adıçəkilən qaydanın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında işləməsinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. İddia ərizəsində İddiaçı həmçinin ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2020-ci il 1 iyulundan - 2021-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 01.06.2021-ci il tarixdə 65 yaşı tamam olmuş, 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında işlədiyi dövr də daxil edilməklə, cəmi 28 il 09 ay 02 gün sığorta stajı vardır və məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı 17.04.1985-ci ildən 22.02.1996-cı ilədək Göygöl sanatoriyasında çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov