Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1084/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə doğulmuşdur. xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin tərkibində X3 divizionunda baş çavuş vəzifəsində hərbi qulluq keçmişdir. İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə qulluq etdiyi N nömrəli hərbi hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 687 №-li əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmiş və maddi texniki təminat tapşırıqlarını icra etmişdir. Əmrdə Gəncə şəhəri və X4 Limanı, Dəllər aerodromu, Şəmkir və Yenikənd su elektrik stansiyaları, cəmləşmə rayonları, hərəkət marşrutları, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etmək, düşmənin havadan divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısının almaq, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etmək tapşırığı verilmişdir. İddiaçı həmin əmrə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə baş çavuş vəzifəsində iştirak etmiş, maddi texniki təminat tapşırıqlarını icra etmişdir. Onunla birgə döyüş əməliyyatlarını yerinə yetirən döyüş yoldaşlarının çoxuna “Müharibə veteranı” adı verilmişdir. Ona isə həmin adın verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehın ona “Müharibə veteranı” adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona “Müharibə veteranı” adı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3449/2024 nömrəli qərardadı ilə iddia tələbi ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarına cəlb edilərək, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyini bildirərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə iş materiallarında olan İddiaçı adına tərtib edilmiş N nömrəli hərbi hissənin arayışməlumatından görünür ki, sonuncu Vətən müharibəsi zamanı Gəncə, Şəmkir və Samux şəhərində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Gəncə, Şəmkir və Samux şəhərlərində N nömrəli hərbi hissədə X3 bölmələrinin tərkibində döyüş əməliyyatlarının maddi-texniki üzrə tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı X3 bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, digər təminat növləri üzrə (maddi-texniki təminat) tapşırıqları yerinə yetirmişdir. Lakin onun döyüş əməliyyatları zamanı xidmət etdiyi bölmənin yerləşdiyi ərazi olan Gəncə, Şəmkir və Samux şəhərləri “Müharbə veteranı, silahlı qüvvələr vetranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 139 nömrəli Əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 aprel 2016-cı il tarixli, 0113 gm nömrəli əmri ilə 7-ci S-125-2-TM zenit raket divizionunun baş çavuşu vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Tərtər rayonu) gəlmiş hesab olunmuş, 14 may 2016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında Əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli, 022 nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi və verilmiş tapşırıqların icra edilməsi məqsədi ilə, N nömrəli hərbi hissə tərkibində KM Gəncə, 1-ci divizion - Zəlimxan, 2-ci divizion - Təzəkənd, 3-cü divizion - Könüllü, 4-cü divizion - Səməd Vurğun, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası Əlimərdanlı və 41-ci batareyası Pirili olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, Gəncə şəhərini və X4 limanını, Dəllər aerodromunu, Şəmkir və Yenikənd su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, ölkə dərinliklərinə irəliləməsinə yol verməməsi, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İcevan- Qazax-Şəmkir, Berd-Tovuz-Şəmkir, Vardenis-Gədəbəy-Şəmkir, Vardenis-Daşkəsən- Gəncə, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi; Döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlərin tam həyata keçirilməsi; 3-cü divizionu - 4-cü divizionu - Səməd Vurğun, 2-ci divizionu – Təzəkənd, N nömrəli hərbi hissənin 1-ci divizionunun 13-cü batareyası Qaramusalı ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində Şimal-Qərb, Qərb və Cənub-Qərb istiqamətlərindən Gəncə şəhərini, Gəncə hava limanını, 3 OK və 6 OK qoşun qruplaşmalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmiş; Cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin 3-cü divizonunun şəxsi heyəti qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 75 nömrəli Əmrindən çıxarışdan görünür ki, 3-cü bölmənin baş çavuşu, baş gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 50 (əlli) təqvim günü məzuniyyət verilməklə 02 may 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsinə göndərilmişdir. Baş gizir İddiaçı 2023-cü ilin yanvar-mart aylarındakı xidmətə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. Baş gizir İddiaçı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 0301 nömrəli əmri ilə “2-ci məharət dərəcəsi” verilmişdir. Baş gizir İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti və 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. O, 2023-cü ilin növbəti məzuniyyətindən 40 (qırx) gün istifadə etmiş və növbəti məzuniyyətə görə ona bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. xx.xx.1997-ci il tarixli, AO ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir. (əsas N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 426 nömrəli arayışı) N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, ehtiyatda olan baş gizir İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparılması zamanı Vətən müharibəsində iştirak etmişdir. ““Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən X3 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” Arayış-məlumata əsasən, N nömrəli hərbi hissənin baş giziri baş çavuş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrləri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırığını yerinə yetirmişdir. Həmin dövrdə şəxsin X3 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyyat mövqelərə manevrinə cəlb edilmişdir. Gəncə, Şəmkir və Samux istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarını havadan dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində divizionun düşmənin atəş zərbələrinin altından çıxarılmasında, start mövqeyinin düşmənin diversiya qrupunun qəfl basqınından müdafiə edilməsində, döyüşün arxa cəbhə təminatında iştirak etmişdir. Müdafiə nazirinin Katibliyi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş arayış məlumatına əsasən, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş gizir İddiaçı həqiqətən, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hərbi hissənin nəzdində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bölmənin baş çavuşu vəzifəsində iştirak etmiş və maddi-texniki təminat tapşırıqlarını icra etmişdir. Döyüş əməliyyatları zamanı onunla birgə xidmət edən bəzi hərbi qulluqçulara “Müharibə veteranı adı verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 503 nömrəli arayışına əsasən, divizion qeyri məxfi sənədlərdə bölmə yazılır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 504 nömrəli arayışına əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin 02 may 2018-ci il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin 7-ci divizionunun adı 3-cü divizion adı ilə əvəz edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X3, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsidir. İddiaçı hazırkı tələblə Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinanın əsası kimi qeyd etmişdir ki, İİ Qarabağ Müharibəsi zamanı iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci abzasına əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X3, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi qeyd olunan normada X3 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə ərazi tələbləri nəzərdə tutulmamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Belə ki, İddiaçı məxsus AO ******* nömrəli hərbi biletdən, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparılması zamanı Vətən Müharibəsində iştirak etmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 139 nömrəli Əmri ilə, 14 may 2016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 75 nömrəli Əmri, ilə 02 may 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında Əmri ilə, N nömrəli hərbi hissənin hərbi qulluqçularının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına və verilmiş tapşırıqların icra edilməsinə cəlb edilmiş, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, madditexniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlərin tam həyata keçirilməsi əmr edilmiş, cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin 3-cü divizonunun şəxsi heyəti olmuşdur. N nömrəli hərbi hissənin “Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən X3 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, İddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak edən quru qoşunlarını havadan dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində divizionu düşmənin atəş zərbələrinin altından çıxarılmasında, start mövqeyinin düşmənin diversiya qrupunun qəfl basqınından müdafiə edilməsində, döyüşün arxa cəbhə təminatında iştirak etmişdir. Göründüyü kimi iddiaçının müharibə dövründə hərbi xidmət keçməsi, döyüş əməliyyatları ilə bağlı təminata daxil edilməsi, nəticə etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan sənədlər - hərbi bilet, hərbi hissənin müvafiq əmrləri, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva