Məhkəmə qərarları › İş №2-1(114)-1085/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1085/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1085/2023 07.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və xx.xx.2009-cu il təvəllüdlü X4 xx.xx.2010-cu il 38 nömrəli Tərtər rayon Qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinə, eyni zamanda xx.xx.2011-ci il 02 nömrə ilə Tərtər rayon Qeydiyyat şöbəsində tərtib edilmiş övladlığa götürmə haqqında akt qeydində, ata adının Mehdi, ata qrafasında isə X9 yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(021)-148/2011 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 övladlığına verilmiş, azyaşlı İdris Mehdilinin doğum haqqınsa şəhadətnaməsində müvafiq dəyişiklik aparılaraq ata qrafasında atası kimi X12, ana qrafasında anası kimi İddiaçı qeyd olunmuşdur. X6 övladlığa götürməyi barədə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 02 nömrəli qeyd sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X10 onun və X2 adına övladlığa verilərək övladlığa götürmə haqqında şəhadətnamə verilmiş və xx.xx.2009-cu il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsi dəyişdirilərək xx.xx.2011-ci il tarixdə АZ-İİ 620614 saylı doğum haqqında şəhadətnamə verilmiş, doğum haqqında şəhadətnamədə ata adı İdris olaraq, ata qrafasında X12, ana qrafasında isə İddiaçı olaraq yazılmışdır. Hal-hazırda Mehdiyev İdris Аlı oğlu xx.xx.2022-ci il tarixdə beyindaxili qansızma nəticəsində vəfat etmişdir. İddiaçı övladlığına verilmiş X4 xx.xx.2010-cu il 38 nömrəli Tərtər rayon 05-də təkzib edilmiş doğum haqqında akt qeydinə, eyni zamanda xx.xx.2011-ci il 02 nömrəli Tərtər rayon Qeydiyyat şöbəsində təkzib edilmiş övladlığa götürmə haqqında akt qeydində, ata adının Mehdi, ata qrafasında isə X9 olmasını istəyir. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-148/2011 nömrəli, xx.xx.2011ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş, X10 ərizəçi İddiaçı övladlığına verilməsi və azyaşlı İdris Mehdilinin doğum haqqında şəhadətnaməsində müvafiq dəyişiklik aparılaraq «ata» qrafasında atası kimi X12, «ana» qrafasında anası kimi İddiaçı qeyd olunması qərara alınmışdır. -işə əlavə edilmiş AZ-İİ 620614 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə anadan olmuş, ata qrafasında “X12”, ana qrafasında “İddiaçı” qeyd olunmuşdur. -işə əlavə edilmiş AZ-İ 000617 nömrəli “Övladlığa götürmə haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 İdris Alı oğlu və İddiaçı tərəfindən övladlığa götürülmüş və ona “Mehdili” soyadı, “İdris” adı, “İdris” ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 2011 ilin aprel ayının 06 günündə 02 nömrə ilə qeyd edilmişdir. -işə əlavə edilmiş AZ-İİ 248120 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. -işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 38 nömrəli “doğum haqqında” akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, akt qeydinə düzəliş edilərək «ata» qrafasında atası kimi X12, «ana» qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 624-05/15 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-148/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə anadan olmuş, X10 iddiaçının (onun bibisi) və X7 (iddiaçının atası) övladlığına verilmişdir. Bundan sonra iddiaçı atası X7 ölməsini əsas gətirərək doğum akt qeydindən yenidən dəyişiklik edilərək ata qrafasında X5 bioloji atası X3 (iddiaçının qardaşı) qeyd edilməsini xahiş edir. İddiaçı doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İşin faktiki hallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-148/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X11 övladlığa verilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunan maddi hüquq normalarından da görünür ki, iddiaçının doğum akt qeydində dəyişiklik edilməsi əsası kimi göstərdiyi halın (X7 ölməsi) doğum akt qeydində dəyişikliklər edilməsinə səbəb olan hal kimi müəyyən olunmamışdır. Bu səbəbdən də iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar