Məhkəmə qərarları › İş №2-1(114)-1088/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1088/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1088/2021 25.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Cavabdeh) qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, müavinətlərin hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.08.2018-ci il tarixli, Ə630- 001-18 nömrəli əmrinin təsdiqlənmiş surətindən görünür ki, “Polis haqqında” Qanunun 13 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 12, 15, 17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsinin” 3.2 və 3.9-cu bəndlərinin, DİNin 24.02.2007-ci il tarixli 110 nömrəli əmrinin tələblərini pozaraq rəsmi nikahda və övladı olduğu halda ailəli olan qonşusu K.Əsgərova ilə yaxın münasibətlər qurmaqla cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və ailə-məişət normalarına riayət etmədiyinə, 27.11.2017-ci il tarixdə əxlaqsız hərəkətlərini əks etdirən videogörüntülərin yayılmasına şərait yaratdığına, cari ilin may ayının 27 və 28-də müvafiq qaydada icazə almadan Bakı şəhərinə getdiyinə, tapşırılan sahənin işini təmin etməməklə xidməti fəaliyyətinin qeyri-qənaətbəxş olduğuna, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Qazax RPŞ İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun inspektoru polis leytenantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı Cavabdehnə qarşı 26.04.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh ictimai təhlükəsizlik bölməsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı vəzifəsinə bərpa edilməyi və 10.08.2018-ci il tarixdən bu günədək iş buraxmaya görə əmək haqqının, müavinətlərin hesablanması və işə bərpa edildikdən sonra həmin vəsaitin ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini, Cavabdeh üçüncü şəxs qismində saxlanılmasını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.08.2018-ci il tarixli, Ə630-001-18 nömrəli əmrinin ləğv edilməsini, vəzifəyə bərpa olunmasını, əmək haqqının, müavinətlərin hesablanması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 21 dekabr 2016-cı il tarixli müvafiq əmrinə əsasən Cavabdeh ictimai təhlükəsizlik bölməsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkilini qrupunun inspektoru, polis leytenantı vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə nizam intizamla vəzifəsini icra etmişdir. Bir qədər sonra Cavabdeh rəisi dəyişərək yeni rəis X2 təyin edilmiş, sonuncu işə başladıqdan sonra işçilərdən hədiyyə tələb etməyə başlamışdır. Həmin vaxt da, Ədalət Əliyevin qaynatasının qardaşı Mərdan adlı şəxs ona yaxınlaşıb söyləmişdir ki, əvvəlki rəis Natiq Həsənova 30.000 (otuz min) manat məbləğində pul veribmi? Mərdan adlı şəxs ona təkidlə tələb edərək rəisə 5000 (beş min) manat dəyərində hədiyyə olaraq hörmət etmək lazım olduğunu bildirirmiş. O, Mərdan adlı şəxsə qaçqın və məcburi köçkün olduğunu söyləyib, onun cənab nazirin bir başa əmri ilə pulsuz işlə təyin olunduğunu söyləsə də, onunla razılaşmamışdır. Bundan sonra Ədalət Əliyevin onunla düşmənçiliyi başlamışdır. Həmin vaxtdan sonra onun qonşuluğunda yaşayan Könül adlı xanımla adi qaydada telefon əlaqəsi ilə danışırmış. Həmin qadının etdikləri qurma əməllər imiş. Bu işdə nəinki Ədalət Əliyev, hətta, öz ailəsinin içində həyat yoldaşı və qaynı da bu oyunun iştirakçıları olmuşlar. 10 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Baş Təşkilat- İnspeksiya İdarəsinin əməkdaşları tərəfindən heç bir düzgün araşdırma aparılmamış, onun əmək fəaliyyətinə xələl gətirilmişdir. Həmin vaxt onu sakitləşdirmişlər ki, “şikayət etmə, cənab nazir buna pis baxar. Sənə biz kömək edəcəyik”. Bu günə kimi də, həmin vədlərlə uzadırlar. Artıq hiss etmişdir ki, bunların hamısı şikayət müddətinin ötürülməsi üçün bir oyundur. Ədalət Əliyev o, işdən çıxandan sonra onu otağına çağırıb söylədi ki, “gördün bir knopkanı basmaqla səni necə bədbəxt etdim, şikəst etdim. Sən gərək deyilənlərə vaxtında riayət edərdin”. Bu sözdən sonra Ədalət Əliyevdə şikayət etmiş, həmin vaxt nazirliyin əməkdaşları, köhnə iş yoldaşları, yaxınları hamısını Ədalət Əliyev xahişçi kimi yollamış və ona söz vermişdir ki, onu işə bərpa edəcək. O, ərizəsini geri götürən kimi yenə sözünə sahib çıxmayıb onu aldatmışdır. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işdən çıxarılma əmrini bugünkü günə qədər almamışdır. Eyni zamanda dəfələrlə DİN-nin əməkdaşı Nizaməddin Ömərov və Qazax RPŞ-nin rəisi Ədalət Əliyev bildirmişlər ki, tez bir zamanda onu öz vəzifəsinə bərpa edəcəklər. Bu səbəblərdən məhkəməyə gec müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmiş, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, DİN-in Daxili Təhqiqatlar İdarəsində iddiaçı barəsində araşdırılma aparılmış və ona işdən azad olunması barədə məlumat verilmiş, iddiaçının xidməti vəsiqəsi və tabel silahı ondan təhvil alınmışdır. Ona işə bərpa ediləcəyi barədə heç bir vədlər verilməmişdir. Əmək kitabçası isə iddiaçının müraciəti əsasında ona təqdim edilməlidir. İddiaçı DİN-in 08.08.2018-ci il tarixli, Ə/630- 001-18 nömrəli əmrinə əsasən işdən azad olunmuş və bu barədə onun həmin vaxtdan məlumatı olmuşdur. Əmr ona qanunamüvafiq qaydada elan edilmiş və o, işdən azad olunduğunu bilmişdir. İki ildən çox müddət keçmişdir və müddətin bərpası üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi və iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Cavabdeh 12.06.2021-ci il tarixli 173-11067-1221 nömrəli məktubundan görünür ki, İddiaçı təhkim olunmuş KP-1327 nömrəli xidməti tabel silahı 19.07.2018-ci il tarixdə onun tərəfindən Qazax RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı əmrin qəbul edildiyi 08.08.2018-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edərək əsas kimi işdən çıxarılma əmrini almamasını, eyni zamanda dəfələrlə ona vəzifəyə bərpa ediləcəyi ilə bağlı vədlər verildiyini göstərmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi qeyd etdiyi 08.08.2018-ci il tarixli əmrin ona təqdim edilmədiyinə dair dəlilinə münasiət bildirərək hesab edir ki, iddiaçı həmin əmrdən məlumatlı olmuş, işdən azad edildiyi gündən bununla bağlı dəqiq məlumat əldə etmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, işdən çıxarıldıqdan sonra onu sakitləşdirməyə çalışaraq şikayət müddətinin ötürülməsi üçün ona yalan vədlər vermişlər. Yəni iddiaçı özü də inzibati aktdan şikayət müddətinin ötürülməsinin mahiyyətini başa düşmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün ona işə bərpası ilə bağlı vədlər verildiyini əsas gətirmişdir. Lakin iddiaçının gətirdiyi dəlillər heç bir halda öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, işə bərpa olunması, iş buraxmaya görə əmək haqqının, müavinətlərin hesablanması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Cavabdeh) qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, müavinətlərin hesablanması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar