Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1089/2021 03.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 28.12.2019-cu il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, onun sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25.12.2019-cu il tarixli iclasında baxılmış və Mərkəzi Arxivin 18.12.2019-cu il tarixli 9/2-20144 nömrəli arayışına əsasən hərbi xidməti və qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından barəsində müsbət qərar qəbul edilməmişdir. İddiaçı 26.04.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.11.1977-ci il tarixdən 01.12.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında, 01.04.1992-ci il tarixdən 09.12.1992ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında N () nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Ermənistanla sərhəd olan kəndlərinin, o cümlədən Qazax rayonunun erməni silahlı birləşmələri və quldur dəstələrinin hücumlarından müdafiəsinə qalxmış döyüşçülərdən biridir. Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarının müdafiəsi uğrunda o, da yaxından iştirak etmiş, döyüşmüş, hətta düşmən tərəfindən açılan atəş və mərmilər partlaması nəticəsində müxtəlif xəsarətlər də almışdır. 01.04.1992-ci ildə könüllü olaraq torpaqlarının müdafiəsi üçün Qazax rayonu və Ermənistanla həmsərhəd olan yaşayış məntəqələri düşmən tərəfindən işğal olunmasın deyə könüllü müdafiə dəstələrinə qoşulmuşdur. 12 mart 1992-ci il tarixdə yaranmış N nömrəli hərbi hissənin tərkibində döyüşərkən və xidmət keçərkən 16.11.1992-ci il tarixdə həmin N nömrəli hərbi hissənin bazasında N nömrəli hərbi hissə yaradıldı. Bir ay çəkmədi ki, artıq çağırışçılar hərbi xidmətə gəlirdi, o zaman iddiaçı və onun kimi könüllü döyüşçülər hərbi xidmətdən azad edilərək buraxılmışdır. Qeyd olunanlar səbəbindən müharibə veteranı adının verilməsi üçün müraciət etmişdir. N və N nömrəli hərbi hissənin şəxsi heyət üzrə vəzifləri şəxslərinin iddiaçının ad və soyadının hərbi hissənin əlifba qeydiyyatı kitabına və nizami hissə üzə əmrlər kitabına salmaması səbəbindən bugünədək müharibə veteranı adını ala bilmir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı, məhkəmənin “tərkibində vuruşduğu hərbi hissələrin komandirlərinin kimlər olması barədə” sualına cavab verə bilməmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 2 zəruri şərtin gözlənilməsi imperativdir: 1) şəxsin xidmət keçməsi; 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Qeyd olunan şərtlərdən birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina üçün əsasdır. Nazirliyin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş 19.05.2021-ci il tarixli 9/2-3967 nömrəli Arxiv arayışına əsasən N () nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və 1992-ci ilə aid hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəllərində iddiaçının xidməti və pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçının hərbi xidmət keçməsi ilə bağlı Mərkəzi Arxiv tərəfindən arxiv sənədlərinə istinad edilməklə təqdim etdiyi məktubda onun hər hansı xidməti və yaralanması barədə məlumatlar aşkarlanmamışdır. Ona görə də iddiaçı Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 28.12.2019-cu il tarixli 1/C-18817 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 28.12.2019-cu il tarixli 9/2-20144 nömrəli arayışının surəti, cavabdehin 25.05.2021-ci il tarixli 11/2522 nömrəli etirazı, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 08.05.2021-ci il tarixli 9/2-3835 nömrəli məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin 27.11.2019-cu il tarixli, 999 nömrəli arayışı və iddiaçının qeydiyyat kartasının ksero-surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtləri onun döyüşən hərbi hissənin tərkibində iştirakı və onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. İddiaçının 01.04.1992-ci il tarixdən 09.12.1992-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və N nömrəli hərbi hissə komandirinin 09.12.1992-ci il tarixli 346 nömrəli əmrinə əsasən ehtiyata buraxılması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin 27.11.2019-cu il tarixli 999 nömrəli arayış məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutu mötəbər saymamışdır. Belə ki, sözügedən arayış НЗ ******* nömrəli hərbi bilet əsasında tərtib edilmişdir. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin 6-cı səhifəsində sonuncunun 01.04.1992ci il tarixli 35 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması və 09.12.1992-ci il tarixli 346 nömrəli əmrlə isə təxris olunması qeyd olunsa da, həmin əmrlərin məhkəməyə təqdim olunması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu edilərkən bu qurum N () nömrəli hərbi hissə komandiri tərəfindən ümumiyyətlə belə əmrlərin verilmədiyini bildirmişdir. Həmçinin, iddiaçıya məxsus hərbi biletdəki bu qeydlər kiril əlifbası ilə tərtib edilmiş olsa belə, latın əlifbalı möhür ilə təsdiqlənmişdir. Bununla yanaşı, iddiaçının 01.04.1992-ci il tarixdən 09.12.1992-ci il tarixədək N () nömrəli hərbi hissənin tərkibində olması sonuncunun qeydiyyat kartasında da öz əksini tapmamışdır. Hazırkı işdə isə iddiaçı döyüşən hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməsini sübut edə bilməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1089/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1089/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver