Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-109/2022 04.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı (üçüncü şəxslər X5, X9, X6 və X7) qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2 (keçmiş Muxtariyyat) X4 0.0425 ha və 0.232 ha torpaq sahələrinin satılmasına dair xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli 08 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsini bələdiyyə qanunsuz olaraq üçüncü şəxsə satmış, nəticədə gediş-gəliş yolu bağlanmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə iddiası icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X5 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1961-ci ildən valideynlərinin istifadəsində olmuş, 2016-cı ildə isə bələdiyyədən sahəni almışdır. Üçüncü şəxsin vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi şəxsin torpaq sahəsi ilə iddiaçıya məxsus sahələr üst-üstə düşmədiyindən iddia əsaslı sayıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ******* nömrəli, xx.xx.2016-cı il tarixli və ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, 0.0232 ha və 0.0425 ha torpaq sahələri üzərində Şəmkir rayon Muxtariyyat bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Şəmkir rayon Muxtariyyat (indiki Qədimqala) Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclasının 08 nömrəli Protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış 0.0425 ha və 0.0232 ha torpaq sahələrinin dəyəri ödənilməklə X1 qərara alınmışdır. -surəti işə əlavə edilmiş JN-027A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 0.0425 ha və 0.0232 ha torpaq sahələri JN-027A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı verilmiş 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edildi ki, Şəmkir rayon Qədimqala (Muxtariyyat) Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan və alqı-satqı predmeti olan 0.0425 ha və 0.0232 ha torpaq sahələrinin X1 qərara alınmışdır. İddiaçı həmin sahənin onun gediş-gəliş yolu olmasını, həmçinin bələdiyyə tərəfindən sahənin qanunun tələblərinə riayət olunmadan satılmasını əsas gətirərək, bələdiyyənin sözügedən qərarını mübahisələndirir. Göründüyü kimi iddianın əsasını üçüncü şəxsə satılmış torpaq sahəsinin gediş-gəliş yolu olması və sahənin qanunsuz satılması təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: -6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -6.5-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinin birinci bəndinə görə, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Oxşar norma “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fiziki şəxslərin mülkiyyətinə verilməsi üçün müvafiq prosedur qaydaları müəyyən edilmişdir. Mübahisələndirilən bələdiyyə qərarı ilə bələdiyyənin ehtiyat fondunda olan və alqısatqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış və sonradan üçüncü şəxsə satılmışdır. Həmçinin müvafiq mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, qeyd olunan sahə iddiaçıya məxsus sahə ilə üst-üstə düşmür. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxsə satılmış torpaq sahəsinin gediş-gəliş yolu olması, eyni zamanda sahənin alqı-satqı predmeti olmaması həmin sahənin dövlət reyestrində qeydə alınmasından imtinaya səbəb ola bilərdi. Lakin təqdim edilmiş sənədlərdən göründüyü kimi sahə üzərində ilkin olaraq bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, göründüyü kimi mübahisələndirilən bələdiyyə qərarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-109/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-109/2022
04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver