Məhkəmə qərarları › İş №2-1(114)-109/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-109/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-109/2025 27.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Quşqara bələdiyyəsi) qarşı Göygöl rayonu, Quşqara kəndində yerləşən 561.5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2012-cı il tarixli 12 nömrəli qərarı əsasında Quşqara bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən ayrılıb 17 nəfər vətəndaşın hər birinə, o cümlədən Muxtarova (Həsənova) Qərənfil Vəli qızına 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermişdir.

4. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 660 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2013-cü il tarixdə 723 nömrə ilə qeydiyyata alınmışdır.

5. İddiaçı həmin torpaq sahəsinə dair koordinat arayışının verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli **********64 və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1911/2023 nömrəli məktubları ilə bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi kompleks yerquruluşu planına və bələdiyyənin dövlət aktına əsasən bələdiyyənin kənd təsərrüfatı təyinatlı ehtiyat fondu (BEF) torpaqlarına düşdüyündən koordinat arayışının hazırlanması mümkün olmamışdır.

6. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********47 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən texniki sənədin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsi Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı qərarı ilə ona satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2023-cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Lakin torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 22 nömrəli qərarı ilə, İddiaçıa verilmiş 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədi, daxil olmuş mülki iş materialları və arxiv sənədlərində aşkarlanmadığından sualın cavablandırılması mümkün deyildir. 2) İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 561.5 kv.m təşkil edir. 3) İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, Xanlar rayonu Damazlıq Camışçılıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə və Xanlar rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (KOD ********) əsasən, X10 kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan əkin sahəsidir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X4 X8ndə (TEKUİS), həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, mülkiyyəti-bələdiyyə, islahat uqodiyası-əkin, açıqlaması-prespektiv inkişaf olaraq göstərilmişdir. Qeyd. Rəy hazırlanarkən, Xanlar rayonu Damazlıq Camışçılıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Xanlart rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X4 X8nə (TEKUİS) əsaslanılmışdır.

8. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Quşqara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 216 nömrəli arayışında X2 adının xx.xx.2023-cü il tarixdə verilmiş Torpaqların alqı-satqısına dair aktda texniki səhv olaraq "X5" kimi yazıldığı və düzgün yazılışın X6 olduğu qeyd edilmişdir.

9. Torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, iddiaçı tərəfin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi torpaq sahəsi 561.5 kv.m-dir və naturada hər hansı digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilmir. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Quşqara bələdiyyəsi xx.xx.2012-ci il tarixli 12 saylı qərarla nümayəndəsi olduğu Həsənova (o zaman Muxtarova) Qərənfil Vəli qızına həmin bələdiyyənin ərazisindən həyətyanı sahə kimi 0.06 ha torpaq sahəsi satıb, bu sövdəni xx.xx.2013-cü il tarixli Torpağın alqı-satqısına dair aktla rəsmiləşdirmişdir. Həmin akt elə həmin gün Göygöl rayon Torpaq şöbəsində 723 nömrə ilə qeydiyyata alınmışdır. Torpağın alqı-satqısından əvvəl rayon torpaq şöbəsi torpaqların sxemini (xəritəsini) və öz rəyini vermişdir. Lakin həmin torpaqda ev tikintisi məqamı gələndə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi (bundan sonra: Ərazi İdarəsi) torpağa Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alımağı problemə çevirib, əvvəlcə xx.xx.2022-ci il tarixli məktubla araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən texniki sənədin, eləcə də notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsinin ərizəyə əlavə edilməməsini, eləcə də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.6-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirməsi, istifadəyə və icarəyə verilməsinin müvafiq müqavilə ilə rəsmiləşdirilməsini bildirmişdir. Həmin maddədə "notariat" sözü yazılmadığından alqı-Ssatqı aktının özü müqavilə olduğundan yəqin ki, bələdiyyə alqı-satqı məsələsini notariat qaydasında həll etməmişdir. Təkrar edir ki, yenə də gec deyil, o, müqaviləni notariusda təsdiqlədə bilər, təki Ərazi İdarəsi bunun üçün forma arayış versin. Amma Ərazi İdarəsi onu hər tərəfdən mühasirəyə almışdır. xx.xx.2023-cü il tarixli məktubla onlara sözügedən torpaq sahəsinin kompleks yerqurluşu planına və bələdiyyənin dövlət aktına əsasən bələdiyyənin ehtiyat fondu (BEF) torpaqlarına düşdüyünü, buna görə də koordinat arayışının hazırlanmasının mümkün olmamasını bildirmişdir. Müraciətlərinə verilmiş bu əsassız cavab məktubları onları çıxılmaz vəziyyətə qoymuşdur. Əvvəla, onlar bu bələdiyyədən torpağı alanda alqı-satqılar Torpağın alqı-satqısına dair akt adlanan sənədlə rəsmiləşdirilirmişdir. Alqı-satqı notariusda təsdiqlənsəydi, dəsdiqlədərdilər. Bu gün də alqı-satqı üçün nəzərdə tutulan forma-arayış verməlidir. "Torpağın bələdiyyənin ehtiyat fonduna düşür” kəlməsi ilə belə forma-arayış vermədiyi halda onlar bunu necə edə bilər? İkincisi, onların torpaq sahəsinin hər iki ətrafı onlara necə satılmışdırsa, başqalarına da elə satılmışdır. Ərazi İdarəsi həmin alıcılara Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir. Vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi necə ola bilər? Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (İ, V) maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlarını təmin edilir. Bələdiyyə torpaqlarının alqı-satqısı müvafiq rayon torpaq şöbələrinin, hazırda isə onların hüquqi varisi olan Ərazi İdarəsinin razılığı ilə həyata keçirilir. Onların alqı-satqı aktı Göygöl rayon Torpaq şöbəsində 723 nömrə ilə qeydiyyata alınmışdır. Habelə aldıqları torpağın hər iki tərəfində olan torpaq sahələrinə müvafiq çıxarışlar verildiyi halda onlara qarşı ayrıseçkiliyə yol yol vermək qanunsuzluq, ədalətsizlikdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu, Quşqara kəndində yerləşən 561.5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl rayonu Quşqara bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

22. İddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən texniki sənədin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsi Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 saylı qərarı ilə satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2013-cü il tarixli "Torpaqların alqı-satqısına dair" akt tərtib edilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Həmçinin torpaq sahəsinin yerini və ölçülərini göstərən sənəd (koordinat arayışı və yaxud yerquruluşu plan) vətəndaşın ərizəsinə əlavə edilməmişdir. Əlavə olaraq bildirilir ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən, təyinatı yaşayış məntəqələri torpağı olan 10.0 ha torpaq sahəsinə dair Göygöl rayonu Quşqara bələdiyyəsinin adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Vətəndaş tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli, 723 nömrəli "Torpaqların alqısatqısına dair" aktda alıcının adının "X5" kimi yazıldığı müəyyən edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Quşqara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 216 nömrəli arayışında isə X2 adının qeyd olunan aktda texniki səhv olaraq "X5" kimi yazıldığı və düzgün yazılışın X6 olduğu qeyd edilmişdir. Lakin təqdim edilmiş arayışın qanunamüvafiq olmadığı, belə ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün fakt təsdiqi ilə bağlı məhkəmə qərarının təqdim olunması məqsədəuyğun idi. Bu səbəbdən müraciətin icrası tərəflərindən mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli **********47 nömrəli cavab məktubu ünvanlanmışdır. Həmçinin, Göygöl rayonu, Quşqara bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair koordinat arayışının hazırlanması barədə Göygöl rayonu, Quşqara bələdiyyəsinin müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsi kompleks yerquruluşu planına və bələdiyyənin dövlət aktına əsasən bələdiyyənin ehtiyat fondu (BEF) torpaqlarına düşdüyündən koordinat arayışının hazırlanması mümkün olmamışdır. Bu səbəbdən müraciətin icrası tərəflərindən mümkün olmamış və vətəndaşa xx.xx.2023-cü il tarixli **********11 nömrəli cavab məktubu ünvanlanmışdır.

24. İddiaçının nümayəndəsi X9 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdeh orqanın nümayəndəsi X3 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2012-cı il tarixli 12 nömrəli qərarı; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi; - xx.xx.2013-cü il tarixli 723 nömrəli Torpaqların alqı-satqısına dair akt; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********64 və xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-1911/2023 nömrəli cavab məktubları; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 nömrəli imtina məktubu; - Mütəxəssis rəyi; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Quşqara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 216 nömrəli arayışı; - Torpaq sahəsinin ortofoto görüntüsü; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 7773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7835/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7878/2024 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2012-cı il tarixli 12 nömrəli qərarı əsasında Quşqara bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən ayrılıb 17 nəfər vətəndaşın hər birinə, o cümlədən Muxtarova (Həsənova) Qərənfil Vəli qızına 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XKnin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermişdir. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 660 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2013-cü il tarixdə 723 nömrə ilə qeydiyyata alınmışdır.

29. İddiaçı həmin torpaq sahəsinə dair koordinat arayışının verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli **********64 və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1911/2023 nömrəli məktubları ilə bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi kompleks yerquruluşu planına və bələdiyyənin dövlət aktına əsasən bələdiyyənin kənd təsərrüfatı təyinatlı ehtiyat fondu (BEF) torpaqlarına düşdüyündən koordinat arayışının hazırlanması mümkün olmamışdır.

30. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********47 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən texniki sənədin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsi Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı qərarı ilə ona satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2023-cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Lakin torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir.

31. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

32. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

33. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

34. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

35. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

36. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

37. Məhkəmə torpaq sahəsinin kompleks yerquruluşu planına və bələdiyyənin dövlət aktına əsasən bələdiyyənin kənd təsərrüfatı təyinatlı ehtiyat fondu (BEF) torpaqlarına düşməsi ilə bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyində Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X4 X8ndə (TEKUİS), həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, mülkiyyəti-bələdiyyə, islahat uqodiyası-əkin, açıqlaması-prespektiv inkişaf olaraq göstərilmişdir. Digər tərəfdən, ortofoto görüntü ilə sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə faktiki olaraq əkin sahəsi olmaması, fərdi yaşayış evlərinin inşa edildiyi, yəni ərazidən yaşayış məntəqələrinin torpaqları kimi istifadə edildiyi müəyyən edilir.

38. Məhkəmə onu da qeyd edir ki, bələdiyyə qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılsa da, onun faktiki istifadəsində olan sahənin ölçüsü 561.5 kv.m müəyyən edilmişdir. İddiaçı da tələbində 561.5 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.

39. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

40. “Azərbaycan Respublikasında X4 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

41. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X4 X8nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

42. Azərbaycan Respublikasında X4 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

43. Göründüyü kimi, X4 X8 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

44. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl rayonu, Quşqara kəndində yerləşən 561.5 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu, Quşqara kəndində yerləşən 561.5 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar