Məhkəmə qərarları › İş №2-1(114)-1090/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1090/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1090/2024 23.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və nümayəndəsi olan vəkili Vəkil, cavabdehin nümayəndəsi X9 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Tovuz rayon Böyük Qışlaq bələdiyyəsi və X8) qarşı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X1 adına olan təsərrüfatda 0,35 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 36 kv.metr olan daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi ilə əlaqədar reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun atası Şamil Quliyev 1943-cü il taixdə müharibədə həlak olmuşdur, ata yurdunda anası ilə o qalmışdır, anası isə 1994-cii ildə vəfat etmişdir. O, arxiv arayışı əsasında vərəsəlik qaydasında evi və torpağı adına rəsmiləşdirmək istəmiş,lakin atasından və anasından ona miras qalmış sadə bir kənd evini və 0.30 ha torpaq sahəsini rəsmiləşdirə bilməmişdir.Daşınmaz əmlakdan ona bildirilir ki həmin torpaq sahəsi bələdiyyə mülkiyətinə keçirilmişdir. O, Tovuz Rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək, X1 barəsində arxiv məlumlarının olub-olmamasını maraqlanmış, Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2023-ci il tarixli məktubuna əsasən Tovuz rayonu Böyük Qışlaq kənd İcra Nümayəndəliyinin Tovuz Rayon Dövlət Arxivində saxlanılan 1991- 1995-ci il tarixli 07 saylı təsərüffatbaşına kitabın 427-ci şəxsi hesabında təsərüffat X1 adına olmaq təsərüffatda 0.35 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 36 kv.metr, o cümlədən yaşayış sahəsinin 36 kv.metr olması göstərilmişdir. Mərhumun xx.xx.1994-cü ildə vəfat etdyi qeyd edilib və mərhumun adının üzərindən xətt çəkildiyini bildirmişdir. O, vərəsəlik şəhadətnaməsi almaq üçün Tovuz Regional "ASAN Xidmət” mərkəzinin natoriat ofisinə müraciət etmiş, ona bildirilmişdir ki, anasından miras qalmış əmlaka dair natoriat ofisində xx.xx.2023-ci il tarixdə mərhumun oğlu o, İddiaçı müraciəti ilə V-797 (2023) nömrəli vərəsəlik işi açılmışdır, açılmış vərəsəlik işi ilə əlaqədar mərhum Xatın Zeynalovadan miras qalmış daşınmaz əmlak barədə sorğunu təqdim edən oğlu İddiaçı vasitəsi ilə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. X1 adına keçmiş DTİ və MHQİ-si tərəfindən Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən fərdi yaşayış evinə 503-06/134 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Onun cavabdeh orqana müraciətinə sonuncu tərəfndən imtina cavabı verilmişdir. Üçüncü şəxslərdən Tovuz rayon Böyük Qışlaq bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən mərhum anası X1 adına olan təsərrüfatda 0,35 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 36 kv.m olan daşınmaz əmlakın mərhum anası X1 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxslərdən X8 məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, o, nənəsi X5 ilə birlikdə yaşamış, hətta ailə qurduqdan, nənəsi rəhmətə getdikdən sonra da orada yaşamış, təsərrüfatı idarə etmişdir. Ona görə də təsərrüfatbaşı kitabında çıxarışda onun adı yazılıb. Hal-hazırda da orada yaşayaraq, təsərrüfatı idarə edir. İddiaçı olan əmisi tələbə vaxtından Bakı şəhərinə köçmüş orada yaşamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Tovuz RİHB-nın Böyük Qışlaq kənd İƏD-si üzrə icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, 1991-1995- ci illərin Böyük Qışlaq kənd İƏD-si üzrə təsərrüfatbaşına kitabda mərhum X7ma məxsus təsərrüfat xx.xx.1994-cü ildə vəfat etdikdən sonra təsərrüfatbaşına kitabda adının üzərindən xətt çəkilərək FOT( fəaliyyətdə olmayan təsərrüfat) göstərilmişdir. 1996-2000 ci illərə dair təsərrüfatbaşına kitabda X1 oğul nəvəsi X3 adına olan təsərrüfatda ev və torpaq sahəsi göstərilməmişdir. 2001-2005 ci illərin təsərrüfatbaşına kitabda X3 təsərrüfatına ata nənəsi X4 məxsus olmuş 1948- ci ildə tikilmiş ümumi sahəsi 32 kv.m olan ev göstərilmişdir. 2006-2010-cu illərin və 2011-2015- ci illərə dair təsərrüfatbaşına kitablarda X3 adına olan təsərrüfatada ev və torpaq sahəsi göstərilməmişdir. 2016 -2020- ci illər və 2020-2025-ci illərə dair təsərrüfatbaşına kitabda X3 adına olan təsərrüfatda ümumi sahəsi 35 kv.m ev və 0.40 ha torpaq sahəsi göstərilmişdir. Göründüyü kimi, iddiaçının anası vəfat etdikdən sonra anası X2 məxsus olan ümumi sahəsi 35 kv.m ev və 0.35 ha torpaq sahəsi X1 nəvəsi X8 tərəfindən təsərrüfat idarə edildiyindən təsərrüfat başına kitabdada qeyd edildiyi kimi üçüncü şəxs X6 məxusdur. İddiaçı isə izahatında tələbə vaxtı Bakı şəhərinə köçərək orada oxuyub, işlədiyini hər yay anasının təsərrüfatına baş çəkərək orada abadlıq işlərini apardığını qeyd etsədə sözügedən ev və torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsi (təsərrüfatın) hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı iddia etdiyi ev və torpaq sahəsinə ( təsərrüfata) dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən mərhum anası X1 adına olan təsərrüfatda 0,35 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 36 kv.m olan daşınmaz əmlakın mərhum anası X1 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar