Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1091/2024 24.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" adına kəndli( Fermer) X1 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" adına kəndli (Fermer) X1 Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış 481,68 manat borcun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının sorğusuna xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixə 481,68 manat borcunun olmasına dair bildiriş göndərilmişdir. O, icarə üzrə ona verilmiş torpaq sahəsindən fevral ayındandır ki istifadə edə bilməmişdir. Qeyd edilmiş müqavilənin məcburi icrası ilə bağlı təsisçi olaraq onun tərəfindən Daşkəsən Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə qətnaməsi icra edilməmişdir. Onun torpaq sahəsindən istifadə edə bilmədiyi halda ona hesablanmış 481,68 manat borcunun silinməsi və borcunun olub-olmaması barədə müraciətinə cavabdeh tərəfindən 481,68 manat borcunun olması bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı etiraz edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı "xxxx" adına Kəndli X1 Cəmiyyətinin rəhbəri təqdim etdiyi ərizədə növbəti məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki tələb üzrə inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati-Prosessual Məcəllə ilə tənzimlənir. Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. Normanın məzmununa əsasən, inzibati icraat qaydasında işlərə baxılması üçün ilk növbədə tələb inzibati hüquq münasibəti ilə bağlı olmalı, daha sonra bununla bağlı İPM-in 2.2-ci maddəsində sadalanan müvafiq iddia növü ilə inzibati məhkəmələrə müraciət edilə bilər. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Hazırkı işdən isə göründüyü kimi iddiaçının niyyəti torpaq sahəsinin icarəsi üzrə hesablanmış borcun silinməsi ilə bağlıdır. Ona görə də, bu mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadığı üçün onun inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İddiaçı hazırkı tələbini mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi təqdim etdiyi vəsatətdə iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi mümkün olduğu təqdirdə vəsatətə münasibət bildirilə bilər, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü bəndinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə mövcuddur. Mülki Prosessual Məcəllənin 26.1 maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmçinin iddiaçı "xxxx" adına kəndli( Fermer) X1 Cəmiyyəti ( VÖEN: **********) sahibkarlıq fəaliyyəti subyektidir, yuxarıda da qeyd edilmiş normanın tələbindən də müəyyən olunduğu kimi sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edilir. İddiaçı "xxxx" adına kəndli ( Fermer) X1 Cəmiyyəti ( VÖEN: **********) sahibkarlıq fəaliyyəti subyekti olduğu üçün hazırkı tələblə məhkəmə aidiyyəti üzrə cavabdehin olduğu yer üzrə kommersiya məhkəməsinə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkü nlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 15.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" adına kəndli( Fermer) X1 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış 481,68 manat borcun ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1091/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1091/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver