Məhkəmə qərarları › İş №2-1(114)-1092/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1092/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1092/2022 23.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 21 nömrəli binanın 33 nömrəli mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə rəsmi olaraq ailə həyatı qurmuş və evliliklərindən 2 övladları doğulmuşdur. Mərhum əri Çernobıl əlili olmuş və xx.xx.2014-cü il tarixdə ölmüşdür. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün inşa edilmiş hazırda yaşadıqları Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2ci mikrorayon, ev 21, 33 saylı mənzil verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmiş və məhkəməyə müraciəti tövsiyyə olunmuşdur. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə yaradılmış komissiyanın qərarından çıxarışda ailə tərkibi, mənzil şəraiti, ayrılan otaqların sayı və sahəsi, mərtəbəsi və mənzilin nömrəsi barədə məlumatlar qeyd edilmişdir. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərancamı ilə yaşayış binası əvəzsiz olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İddiaçı qeyd edir ki, onun müraciətindən cavabdeh orqan tərəfindən əsassızsız olaraq imtina edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Gəncə Şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən müraciətə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxsə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Vİİ-ЖГ 365903 nömrəli, xx.xx.2001-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X3 və İddiaçı xx.xx.2001-ci ildə nikah bağlamışlar. -surəti işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş yaşayış binasındakı mənzilllərin bölgüsünün həyata keçirilməsi məqsədilə yaradılmış komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarından çıxarışdan görünür ki, X2 33 nömrəli mənzilin ayrılması nəzərdə tutulmuşdur. -surəti işə əlavə edilmiş AZ-İ 676329 nömrəli xx.xx.2014-cü il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 62 nömrəli sərəncamından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhəri, Yeni Gəncə ərazisində əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binası əvəzsiz olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına qəbul edilməsi və ünvanın Yeni ünvan 1 alınmışdır. -surəti işə əlavə edilmiş Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -surəti işə əlavə edilmiş DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin icrasının təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum ərinə Çernobıl əlili olması səbəbilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə yaradılmış komissiyanın xx.xx.2012ci il tarixli iclasının qərarı ilə mənzil verilmiş və iddiaçı hal-hazırda həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı qeyd olunan qərara istinad edərək həmin mənzilin onun adına qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. -146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. -146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. -146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2009-cu il tarixli 153 nömrəli Fərmanının 26 avqust 2019-cu il tarixli 818 nömrəli Fərmanla 2.1-ci bəndə edilmiş dəyişikliyə görə Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilməlidir ki, iddiaçının mərhum ərinə verilmiş mənzil xüsusi təyinatlı mənzillərə aid olmaqla Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və sözügedən mənzil iddiaçının mərhum ərinə yaşamaq üçün ayrılmışdır. Qeyd olunan fakt həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, 27 avqust 2019-cu il tarixdə Mənzil Məcəlləsinə əlavə edilmiş 146.4-cü maddəyə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar