Məhkəmə qərarları › İş №2-1(114)-1093/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1093/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1093/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə qarşı sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.2022ci il tarixli 9-R-93 nömrəli məktubunda qeyd edilən sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Mamırlı kənd sakini X4 müraciəti (şikayət ərizəsi) ilə bağlı İddiaçı tərəfindən inzibati nəzarət icraatı qaydasında araşdırmaya başlanılmış və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün Tərtər rayonu Mamırlı Bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir. Lakin qeyd edilən bildiriş məktubu xx.xx.2022-ci il tarixdə Mamırlı Bələdiyyəsinin sədri Seymur Məmmədova təqdim edilməsinə baxmayaraq hazıradək inzibati araşdırma üçün zəruri olan sənədlər İdarəyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Mamırlı kənd sakini X2 Regional Ədliyyə İdarəsinə müraciət edərək Tərtər rayon Mamırlı bələdiyyəsinin qanunsuzluğuna son qoyulması və 20 kv.m torpaq sahəsinin ona ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. -surəti işə əlavə edilmiş İddiaçı Tərtər rayon Mamırlı bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 9-R-93 nömrəli məktubundan görünür ki, Tərtər rayonu Mamırlı kənd sakini X4 bələdiyyə sədrinin hərəkətlərindən İddiaçınə ünvanladığı müraciəti İdarə tərəfindən inzibati nəzarət icraatı qaydasında araşdırıldığına görə müvafiq sənədlərin (Bələdiyyənin 2022-ci ilin fevral-may, habelə iyul, sentyabr və oktyabr ayları üzrə iclas qərarları, İdarənin xx.xx.2022-ci il tarixli 13-210-in T nömrəli və xx.xx.2022-ci il tarixli 13- 276-in T nömrəli tövsiyə məktublarının müzakirəsinə dair bələdiyyənin iclas qərarları, 2021-ci və 2022-ci illər üçün bələdiyyənin cari hesabından çıxarışlar, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin xəritəsindən eksplikasiya çıxarışı, icarə müqavilələrinin qeydiyyatı kitabı, müraciətlərin qeydiyyatı kitabı, göndərilən məktubların qeydiyyatı kitabı, bələdiyyə mülkiyyətinə aid sahibkarlıq məqsədilə ayrılan torpaq sahələrinə dair ümumi məlumat, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan sahibkarlıq fəaliyyəti obyektlərinə dair ümumi məlumat) 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. -surəti işə əlavə edilmiş Tərtər Poçt filialının xx.xx.2022-ci il tarixli 16/9 nömrəli arayışından görünür ki, İddiaçı göndərdiyi SS 820927073AZ saylı məktub xx.xx.2022-ci il tarixdə Mamırlı kənd bələdiyyəsinin sədrinə çatdırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Tərtər rayonu Mamırlı kənd sakini X4 müraciəti ilə bağlı İddiaçı tərəfindən inzibati nəzarət icraatı qaydasında araşdırmaya başlanılmış və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün Tərtər rayonu Mamırlı Bələdiyyəsinə məktub göndərilmişdir. Lakin zəruri olan sənədlər İdarəyə təqdim edilməmişdir. İddiaçı hazırda inzibati nəzarət icraatı qaydasında araşdırma üçün müvafiq sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 146-cı maddəsinin İ hissəsinə görə bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 146-cı maddəsinin İİİ hissəsinə görə dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun:- - 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. - 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. - 6-cı maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. - 8.1-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. - 8.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir. İstinad olunan qanunvericilik normalarının tələblərinə görə inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən müvafiq sənədlərin və ya məlumatların ona göndərilməsi barədə bələdiyyəyə müraciət edir və bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində həmin orqana təqdim etməlidir. İşin faktiki hallarından da göründüyü kimi, bələdiyyə qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozaraq iddiaçının müvafiq sorğusunu almasına baxmayaraq sorğuda qeyd olunan sənədləri təqdim etməmişdir. Odur ki, bələdiyyənin həmin sənədləri təqdim etməməsi qanunvericiliyin qeyd olunan tələblərinə ziddir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 9-R-93 nömrəli məktubunda qeyd edilən sənədlərin təqdim edilməsi öhdəliyi Tərtər rayon Mamırlı Bələdiyyəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli 9-R-93 nömrəli məktubunda qeyd edilən sənədlərin (Bələdiyyənin 2022-ci ilin fevral-may, habelə iyul, sentyabr və oktyabr ayları üzrə iclas qərarları, İdarənin xx.xx.2022-ci il tarixli 13-210-in T nömrəli və xx.xx.2022-ci il tarixli 13- 276-in T nömrəli tövsiyə məktublarının müzakirəsinə dair bələdiyyənin iclas qərarları, 2021-ci və 2022-ci illər üçün bələdiyyənin cari hesabından çıxarışlar, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin xəritəsindən eksplikasiya çıxarışı, icarə müqavilələrinin qeydiyyatı kitabı, müraciətlərin qeydiyyatı kitabı, göndərilən məktubların qeydiyyatı kitabı, bələdiyyə mülkiyyətinə aid sahibkarlıq məqsədilə ayrılan torpaq sahələrinə dair ümumi məlumat, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan sahibkarlıq fəaliyyəti obyektlərinə dair ümumi məlumat) təqdim edilməsi öhdəliyi Tərtər rayon Mamırlı Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar