Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1093/2025 23.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı İmran oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, az təminatlı ailə kimi ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətinə imtina qərarı verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Bərdə rayonu, Həsənqaya kəndində anadan olmuş və hazırda orada yaşayır. Ailə təmsilçisi kimi ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq birinci dəfə xx.xx.2023-cü il tarixdə, ikinci dəfə xx.xx.2023-cü il tarixdə Vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə № **********551). Sənəd VEMTAS-a ötürülən zaman cavab bildirişində qaydalara uyğun olaraq 15 iş günü ərzində müraciətə cavab veriləcəyi bildirilsə də, 1-ci dəfə 1 aydan (30 gündən) sonra heç bir aidiyyəti olmayan səbəbə görə, “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq eden MDSS ödənişləri olmadığına görə”, 2-ci dəfə isə 1 ay 10 gündən (40 gün) sonra imtina olunmasına heç bir səbəb qeyd edilmədən sosial yardım təyin edilməsindən imtina edilmişdir. İddiaçının ailəsi 4 nəfərdən, özü, həyat yoldaşı və iki az yaşlı övladından ibarətdir. Onun Bərdə rayonu, Həsənqaya kəndində 0,44 hektar 2-ci qrup pay torpağı vardır. Pay torpağını becərərək güc bəla ilə ailəsini dolandırır. Pay torpağına görə MDSS ödənişini edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində pay torpağı olan şəxslərin məşğul şəxs olduğu qeyd edilmişdir. Onun ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətinə hansı səbəbdən imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” saylı qaynar xəttinə müraciət etdikdə əsaslı cavab vermək əvəzinə qeyri müəyyən cavablar verirlər. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda hansı hallarda sosial yardımın təyin eddilməsindən imtina olunması barədə ətraflı yazılmışdır. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir. İddiaçı pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərarı qanunsuz hesab edir. Çünki, bu barədə ona nə Dövlət Vergi Xidmətindən, nə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-655/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının təmsil etdiyi ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, məhkəmənin qararında ifadə olunan mövqelər nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı İmran oğlunun ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətinə dair zəruri vahid inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-409/2024 nömrəli qərardadı ilə təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-655/2024 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı İmran oğlunun “ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə qərarın ləğvi və ünvanlı dövlət sosial yardımın xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli. **********51601 nömrəli müraciətinə xx.xx.2023-cu il tarixində ailə üzvünün muzdlu işlə əlaqədar gelirlerini təsdiq eden MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İş materiallarına əsasən, İddiaçı ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı və iki azyaşlı övladı. Ailənin mülkiyyətində Bərdə rayonu Həsənqaya kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,44 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar qrafasında təmsilçinin özü İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğ qeyd edilir (VÖEN **********). VEMTAS-a baxış zamanı təmsilçi İddiaçı ÜDSY hüququnun yaranması üçün məşğulluğunun torpaq mülkiyyəti ilə təmin edilməsi və təyinat dövründə mülkiyyətə bağlı VÖEN (**********) üzrə MDSS ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Belə ki, MEİS-in “Sığorta AS” (Birbaşa daxil olan ödənişlərin uçotu) programında İddiaçı məxsus VÖEN üzrə aparılan yoxlama zamanı təyinatdan əvvəl sonuncu MDSS ödənişin xx.xx.2020-ci il tarixdə 30 (otuz) manat məbləğində olması, həmçinin ailəyə sosial yardımın verilməsindən imtina edildikdən sonra xx.xx.2023-cü il tarixdə 7 (yeddi) manat, xx.xx.2023-cü il tarixdə 7 (yeddi) manat və xx.xx.2023-cü il tarixdə isə 7,60 manat məbləğində MDSS ödənişinin edilməsi müəyyən edilmişdir. İddiaçı adına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatlara uyğun olaraq iddiaçı 12 aya nəzərən toplamda 3 ay ödəniş həyata keçirmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinə ünvanlanan sorğunun xx.xx.2024-cü il tarixli, **********960400 nömrəli cavab məktubunda İddiaçı tərəfindən sabit vergi üzrə ödənişin olmaması və sabit məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş edilməsinə baxmayaraq, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmadığı bildirilmişdir. İddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli, **********51601 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olmağına baxmayaraq xx.xx.2023-cü il tarixədək əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2023-cü il tarixli, **********51601 nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş ailə üzvunün muzdlu işlə alaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması imtinası qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi cavabdeh orqan tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı məhkəməyə daxil olmuş etiraza əlavə belə əsaslandırılmışdır ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli **********51602 nömrəli müraciətinə xx.xx.2024-cü il tarixdə ailə üzvü X2 haqqında ərizə-bəyannamədə qeyd edilmiş muzdla işləyəndir öz təsdiqini tapmadığından qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İş materiallarına əsasən, iddiaçı Z. Məhərrəmovun ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı və iki azyaşlı övladı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən əldə edilən məlumata əsasən, ailə üzvü X1 “Hal-hazırda muzdla işləyəndir” seçimi barədə məlumatın öz təsdiqini tapmaması beləliklə “Ərizə-bəyannamə”də “Halhazırda muzdla işləyəndir” seçimi üzrə “Bəli” qeyd edilmiş və bu seçim öz təsdiqini tapmamışdır. İddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli **********51602 nömrəli müraciətinə ailə üzvü X2 haqqında ərizə bəyənnamədə qeyd edilmiş muzdla işləyəndir öz təsdiqini tapmadığından qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. Belə ki, iddiaçı Z. Məhərrəmovun ailə üzvü X2 haqqında ərizəbəyannamədə göstərilən məlumatlarla rəsmi məlumatlar arasında uyğunsuzluq mövcud olmuş və bu uyğunsuzluq səbəbindən qanunvericiliyin tələblərinə uyğun şəkildə imtina verildiyi cavabdeh orqan tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli çıxarışa əsasən, Bərdə rayonu, Həsənqaya kəndində yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı İmran oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişdən görünür ki, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə İddiaçı İmran oğlunun sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixli, **********55101 nömrəli müraciətindən imtina edilmişdir. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişdən görünür ki, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə İddiaçı İmran oğlunun sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixli, **********55102 nömrəli müraciətindən imtina edilmişdir. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişdən görünür ki, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə İddiaçı İmran oğlunun sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixli, **********51601 nömrəli müraciətindən imtina edilmişdir. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən əldə edilən məlumata əsasən, ailə üzvü kimi X1 “Hal-hazırda muzdla işləyəndir” seçimi barədə məlumatın öz təsdiqini tapmaması. “Ərizə-bəyannamə”də “Halhazırda muzda işləyəndir” seçimi “Bəli” qeyd edilmişdir. Bu seçim öz təsdiqini tapmayıb səbəbi ilə İddiaçı İmran oğlunun sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2024-cü il tarixli, **********51602 nömrəli müraciətindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı İmran oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sonuncu müraciəti əsasında xx.xx.2024-cü il tarixli qərarla ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Bununla əlaqədar olaraq, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilmiş, bununla əlaqədar vaxt verilmiş, lakin İddiaçı İmran oğlu tərəfindən sərəncama əməl edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva