Məhkəmə qərarları › İş №2-1(114)-1096/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1096/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1096/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Gəncə şəhər Nizami rayon bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli 03/21 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə şəhər Nizami rayon bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 09513690 nömrəli bələdiyyə bildirişi və xx.xx.2022-ci il tarixli 714 nömrəli rəsmi xəbərdalıqdan görünür ki, borclu İddiaçı borcun ödənilməsi tələb edilmişdir.

2. Gəncə şəhər Nizami rayon bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 36 nömrəli bildiriş-xəbərdarlığından görünür ki, borclu İddiaçı 594,78 manat borcun ödənilməsi tələb edilmişdir.

3. Gəncə şəhər Nizami rayon bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03/21 nömrəli qərarından (iclas protokolundan çıxarışdan) görünür ki, İddiaçı ünvan 1 ünvanındakı (yaşayış) və Ə.Mehmandarov küçəsi 2 saylı notariat kontorunun arxa tərəfində yerləşən (qeyri-yaşayış) əmlak və torpaq sahəsinə görə ödənilməmiş 594,78 manat vergi borcunun tutulması qərara alınmışdır.

4. Həmin qərar Gəncə şəhər Nizami rayon bələdiyyəsi tərəfindən poçt rabitəsi vasitəsilə İddiaçı xx.xx.2023-cü il tarixdə göndərilmiş və “Kərimov” soyadlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir (SS832300312AZ nömrəli poçt xəbərnaməsi). II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayon Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03/21 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2012-ci il tarixli 535 nömrəli sərəncamına əsasən Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi Ə.Mehmandarov küçəsində yerləşən 2 nömrəli Notariat kontorunun arxa tərəfindəki 250.0 kv.m torpaq sahəsində birinci mərtəbəsi avtomobillərə təmir emalatxanasından və ikinci mərtəbəsi iaşə obyektindən ibarət olmaqla qeyri-yaşayış binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə almışdır. O, tikintiquraşdırma işlərinə başlamış və 2015-ci ildə avtomobillərə təmir emalatxanasınının işlərini tamamlayaraq işə başlamışdır. 2015-ci ildən başlayaraq, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin tədiyyə bildirişlərinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək tədiyyə bildirişində qeyd edilən 80 (səksən) manat məbləğində torpaq vergisini - 2015-ci ildə 100 manat, 2016-cı ildə 10 manat, 2017-i ci ldə 70 manat, 2018-ci ildə 80 manat, 2019-u ildə 80 manat və 2021-ci ilin birinci yarısında 50 manat-ümumilikdə 480 manat vergi tam ödənilmiş, lakin Gəncə şəhəri Nizami rayon bələdiyyəsi tərəfindən 26 may 2021-ci il tarixli, 64 nömrəli bildiriş xəbərdarlıq göndərilmiş və Gəncə şəhəri N.Məmmədov 7 ünvanında yerləşən fərdi yaşayış evi və Ə.Mehmandarov 2 saylı notariat kontorunun arxa tərəfindən yerləşən qeyri-yaşayış sahəsinə 82,08 manat cari ilə əmlak vergisi, 30,92 cari ilə torpaq vergisi, 250,56 manat ötən illər üçün vergi borcu, 113,53 manat faiz və maliyyə sanksiyası olmaqla 2015-2021-ci illər üzrə cəmi 477,09 manat vergi borcu hesablanmış və Gəncə şəhər Nizami bələdiyyəsinin hesabına ödənilməsi tələb olunmuşdur. Yaranmış vəziyyət ilə bağlı ilk dəfə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə İnzibati Məhkəməsinə daha sonra Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Nizami bələdiyyəsinin 13/21 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-280/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsininxx.xx.2022-ci il tarixli, 2-1(114)- 146/2022 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Gəncə şəhər Nizami bələdiyyəsinin 13/21 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi qət edilmişdir. Qərardan nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və proses iştirakçıları tərəfindən şikayət geri götürülmədiyindən, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minmiş və icraya yönləndirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarının qüvvəyə minməsindən artıq bir ildən çox müddət keçməsinə baxmayaraq əfsuslar olsun ki, qərar hələ də icra olunmamış və 2015-2021-ci il aralığı üçün yazılmış borc məbləği hələdə silinməmiş qalmışdır. İddiaçının yaranmış məsələ ilə bağlı dəfələrlə icra orqanına və Gəncə şəhər Nizami bələdiyyəsinə müraciət etməyinə baxmayaraq, bütün müraciətləri nəticəsiz olaraq qalmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-280/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı icra olunmadığından ötən bir il ərzində həmin borc üzrə dəfələrlə SMS bildiriş və poçt vasitəsi ilə iddiçıdan həmin borc məbləğinin ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixində məlum olmuşdur ki, Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən heç bir məlumat və xəbərdarlıq olunmadan 03/21 nömrəli 08 fevral 2023-cü il tarixli qərar qəbul olunmuş və icraya yönləndirilmişdir. Həmin qərar barədə ilk dəfə iddiaçıya xx.xx.2023-cü il tarixində e-icra tərəfindən göndərilən SMS bildiriş vasitəsilə məlumat almağı mümkün olmuşdur. Gəncə şəhər Nizami bələdiyyəsi 03/21 nömrəli 08 fevral 2023-cü il tarixli qərar ilə heç bir əsaslandırma etmədən və Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)- 280/2022 saylı, 20 may 2022-ci il tarixli qərarının icrasından boyun qaçıraraq 2015- 2022-ci illər üzrə hesablanmış əmlak və torpaq vergisi borcunu tələb etmişdir, baxmayaraq ki, həmin dövürlər üzrə yaranmış əsassız borcun silinməsi barədə məhkəmə qərarı vardır. İddiaçı yaranmış vəziyyət ilə bağlı xx.xx.2023-cü il tarixində Gəncə şəhər Nizami bələdiyyəsinə şifahi müraciət etmiş və həmin dövlər üzrə yaranmış borcun əsasız olduğunu və iş ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olduğunu bildirsə də, bələdiyyənin nümayəndəsi X2 bizə "İlk qərar məhkəmənin səhvidir 30 gün müddət gözlənilməyib, bu qərardan razı deyilsənsə məhkəməyə müraciət et.", X3 isə "Biz qərarın icrası ilə bağlı vergi orqanına müraciət etmişik onlar sistemdən silməyiblər deyə borc görünür ona görə qərar çıxarılıb" kimi absurd ifadələr işlədilmiş və heç bir əsaslı səbəb göstərilməmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

8. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, bələdiyyənin qərarı ona rəsmi təqdim olunmamışdır, ona görə də, iddia müddətini ötürməmişdir.

12. Cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

13. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

15. İş materiallarından görünür ki, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03/21 nömrəli qərarı ilə (iclas protokolundan çıxarış) İddiaçı ünvan 1 ünvanındakı (yaşayış) və Ə.Mehmandarov küçəsi 2 saylı notariat kontorunun arxa tərəfində yerləşən (qeyri-yaşayış) əmlak və torpaq sahəsinə görə ödənilməmiş 594,78 manat vergi borcunun tutulması qərara alınmışdır.

16. Hazırda iddiaçı həmin qərarın qanunsuz olduğunu bildirməklə, onu mübahisələndirərək, ləğv edilməsini xahiş edir.

17. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və iddianın mümkün sayılması üçün bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

18. Bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

21. İddiaçı bələdiyyənin qərarının ona rəsmi təqdim olunmadığını, ona görə də, iddia müddətini ötürmədiyini bildirsə də, SS832300312AZ nömrəli poçt xəbərnaməsi ilə müəyyən olunur ki, mübahisələndirilən qərar Gəncə şəhər Nizami rayon bələdiyyəsi tərəfindən poçt rabitəsi vasitəsilə İddiaçı xx.xx.2023-cü il tarixdə göndərilmiş və “Kərimov” soyadlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.

22. Məhkəmə iclası zaman iddiaçı poçt xəbərnaməsindəki imzanın ona məxsus olduğunu bildirmişdir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Lakin iddiaçı müddətin bərpasına dair ərizə verməmişdir.

25. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və müddəti ötürmüşdür.

26. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

27. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar