Məhkəmə qərarları › İş №2-1(114)-1097/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1097/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1097/2024 06.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli bələdiyyəsinə qarşı qərarın qismən ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətindən ayrılaraq ona verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 noyabr 2023-cü il tarixli 14 saylı iclas qərarının onun ərizəsinə aid hissədə ləğv edilməsi və Bərdə rayon X1 Müəsissəsi İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 04 nömrəli iclas qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətindən ayrılıb ona verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon X1 Müəsissəsi İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 04 saylı iclasının qərarına əsasən iddiaçıya Bərdə rayonu Qarayusifli kəndinin perspektiv inkişaf fonduna aid olmayan yerindən, yəni kəndarası yolla köhnə parkarası boş torpaq sahəsindən 0,10 ha torpaq sahəsi fərdi aşayış evi tikmək üçün ayrılıb verilmişdir. Daha sonra isə səlahiyyətli dövlət və yerli hakimiyyət orqanlarının nümayəndələrinin iştirakları ilə Qarayusifli kəndinin kəndarası yolla köhnə park arasındakı bos torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ölçülüb ayrılaraq ona yerində tanıdılıb verilmiş və bu barədə həmin şəxslərin və onun iştirakı ilə xx.xx.1999-cu il tarixli Akt tərtib edilmişdir. Lakin iddiaçı səhlənkarlıq edərək həmin vaxt bu torpaq sahəsinin ona ayrılıb verilməsini təsdiq edən əsas hüquq müəyyənedici sənəd olan "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə almamış, ümumiyyətlə isə belə Şəhadətnamə almalı olduğunuu da bilməmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsi 1999-cu ilin aprel ayından hal-hazıradək, yəni 25 ildən çoxdur ki, iddiaçının istifadəsindədir, onun kənarlarına hasar çəkmiş, əkib-becərir və çox illik meyvə ağacları əkmişdir. Həmin torpaq sahəsini istifadə və sahiblik etdiyim 25 ildən çox müddət ərzində heç bir dövlət, hakimiyyət və yerli idarəetmə orqanı, o cümlədən də Qarayusifli bələdiyyəsi tərəfindən ona bildirilməmişdir ki, bu torpaq sahəsi onun qanunsuz istifadəsində və sahibliyindədir, bu torpaq bələdiyyənindir, ondan istifadəni dayandır və s. Bu günlərdə isə iddiaçıya məlum olmuşdur ki, bələdiyyələrin yaranması ilə əlaqədar həmin torpaq sahəsi naməlum səbəbdən Qarayusifli bələdiyyəsinin mülkiyyətinə verilmiş, xəritədə Qarayusifli bələdiyyəsinin mülkiyyəti olan torpaq sahəsi kimi qeydə alınmışdır. Odur ki, iddiaçı anlaşılmamazlığın aradan qaldırılması üçün ərizə ilə Qarayusifli bələdiyyəsinə müraciət edərək xahiş etmişdir ki, həmin 0,10 ha torpaq sahəsinin ona Qarayusifli bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsi kimi və əvəzsiz olaraq ayrılmasına dair qərar qəbul edilsin. Qarayusifli bələdiyyəsinin sədri nyaz Əliyevin imzası ilə ona verilmiş 04 noyabr 2023-cü il tarixli 41 nömrəli cavabla bildirilmişdir ki, "Bələdiyyənin qərarı ilə Sizə həyətyani torpaq sahəsi kimi və əvəzsiz olaraq ayrılıb verilməsini istədiyiniz 0.10 ha torpaq sahəsinə dair vaxtında hüquq müəyyənedici sənəd, yəni Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə almadığınızdan həmin torpaq sahəsi bələdiyyə xəritəsində Qarayusifli bələdiyyəsinin mülkiyyəti kimi göstərilmişdir. Bununla belə həmin torpaq sahəsinin 25 ildir ki, sizin istifadənizdə olaması və onu əkib-becərdiyiniz Qarayusifli bələdiyyəsinə məlumdur. Göründüyü kimi sizə verilməsini istədiyiniz 0.10 ha torpaq sahəsinə dair mübahisəli məqam olduğu üçün Qarayusifli bələdiyyəsinin 03 noyabr 2023-cü il tarixli 14 saylı iclas qərarı ilə ərizənizin təmin edilməsi mümkün hesab edilməmişdir”. İddiaçı Qarayusifli bələdiyyəsinin həmin qərarını yuxarıda şərh etdiyim səbəblərdən qanunsuz hesab edir. Odur ki, bu qərar ləğv edilməli və sözügedən 0,10 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi ona ayrılmasına və əvəzsiz olaraq verilməsinə dair qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədən hazırda da istifadə edir, orada meyvə bağı salmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Bərdə rayon X1 Müəsissəsi İslahat Komissiyasının 31 mart 1999cu il tarixli 04 saylı iclas qərarından görünür ki, İddiaçı Bərdə rayonu Qarayusifli kəndinin perspektiv inkişaf fonduna aid olmayan yerindən, yəni kəndarası yolla köhnə parkarası boş torpaq sahəsindən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılıb verilməsi qərara alınmışdır. -işə əlavə edilmiş Bərdə rayonu Qarayusifli bələdiyyəsinin 03 noyabr 2023-cü il tarixli 14 nömrəli qərarından çıxarışdan görünür ki, İddiaçı 0.10 ha torpaq sahəsinin əvəzsiz verilməsi qanunauyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Bərdə rayon X1 Müəsissəsi İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 04 saylı iclas qərarına əsasən Bərdə rayonu Qarayusifli kəndinin perspektiv inkişaf fonduna aid olmayan yerindən, yəni kəndarası yolla köhnə parkarası boş torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin fərdi aşayış evi tikmək üçün ona verildiyini, lakin xəritədə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərildiyini bildirərək, həmin torpaq sahəsinin ona bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi və əvəzsiz olaraq ayrılmasına dair qərar qəbul edilməsini tələb etsə də, cavabdeh 03 noyabr 2023-cü il tarixli 14 saylı iclas qərarı ilə onun ərizəsinin təmin edilməsini mümkün hesab etməmişdir. İddiaçı hazırda bələdiyyənn sözügedən qərarını mübahsələndirərək ona aid hissədə ləğv edilməsini və həmin torpaq sahəsinin ona bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi və əvəzsiz olaraq ayrılmasına dair qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun:- -2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. -27.2-ci maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. İşin hallarından məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda Cavabdeh mülkiyyətindədir. Yəni cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.3-cü maddəsində xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının hansı subyektlərə verilə biləcəyi sadalanmışdır və iddiaçı tərəfindən hazırda mübahisələndirilən qərarda da mövcud qanunvericiliyin tələbləri ona izah edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.1. maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1. maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 58.1. maddəsinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 62.1. maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin faktiki halarından da göründüyü kimi, iddiaçının müraciəti ilə bağlı hər hansı maddi hüquq normalarının pozulması halı baş verməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli bələdiyyəsinə qarşı qərarın qismən ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətindən ayrılaraq ona verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar