Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1098/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 11.02.2021-ci il tarixli məktubun surətində məlum olur ki, İddiaçı2 (bundan sonra İddiaçı2 MMC) tərəfindən 10.02.2021-ci il tarixdə təqdim olunmuş bəyənnamədə, ümumilikdə 115732,80 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarı ilə İddiaçı2 MMC-yə 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 28193,19 manat hesablanmışdır. İddiaçı2 MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə 12 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2021-ci il tarixdə **********521600 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 31.03.2021-ci il tarixli **********521600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu il üçün 28193,18 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanının qərarı qərar ləğv olunmalıdır. Belə ki, 10.02.2021-ci il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin 31.03.2021-ci ildə mübahisələndirilən qərar qəbul edilənədək 30 iş günü müddəti bitmişdi. Bu səbəbdən kameral vergi yoxlamasını keçirilməsi qadağandır. Bundan başqa qərarda qeyd edilmişdir ki, guya təsdiqedici sənədlər əlavə edilmədiyi üçün dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmamışdır. Halbuki bütün təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir. Cəmiyyət neft məhsullarının alınması üçün "xxxx" QSC ilə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən neft məhsullarının daşınması MMC tərəfindən həyata keçirilməlidir. Ona görə də cəmiyyət neft məhsulları daşıyan maşınlarla müqavilə bağlamış və daşınmış mallara görə daşınma haqlarını özü ödəyir. Müqavilə əsasında malları daşınma xərcləri daxil olmadan “Socar PETROLİUM" QSC-dən almışlar və daşınma xərclərini də təqdim etdikləri bəyannamələrdə qeyd etmişlər. Ödədikləri daşınma xərcləri Tarif Şurasının daşıma xərcləri ilə təxminən üst-üstə düşür. Hətta məsafə nəzərə alınmaqla müqayisə etsələr, onlar daha aşağı daşıma xərci göstərmişlər. Tarif Şurası orta hesabla daşıma xərcini müəyyən etmişdir. Lakin Bakı-Gəncə arasında olan məsafə orta məsafədən daha uzaqdır. Bundan əvvəl aparılmış səyyar vergi yoxlaması zamanı da həmin məsələ müzakirə olunmuş, müqavilələr və digər sənədlər Vergilər Nazirliyinə və yerli vergi orqanına təqdim edildikdən sonra həmin xərc maddələri nəzərə alınmışdır. Lakin vergi orqanı qərar qəbul edən zaman daşınma xərclərini nəzərə almamışdır. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisləndirilən qərarla iddiaçı tərəfindən mövcud vergi öhdəliyi düzgün müəyyən edilmədiyi üçün cavabdeh inzibati orqan tərəfindən 2019-cu il üzrə 28193,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İddia ərizəsində göstərilmişdir ki, “Vergi Məcəlləsinin 37.2-ci maddəsinə zidd olaraq 31.03.2021-ci il tarixli qərar qəbul edilənədək 30 iş günü bitmişdir.” İddiaçının bu dəlilinə etiraz olaraq bildirilir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyində əks olunmuş müddətlər daxilində qəbul edilmişdir. İddiaçı tərəfindən 10.02.2021-ci il tarixində 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Həmin bəyannamə əsasında iddiaçının fəaliyyəti ilə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə 11 fevral 2021-ci il tarixdə **********991000 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi Məcəlləsinin 68-1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. İddiaçı tərəfindən 10 fevral 2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edildiyi nəzərə alınsa, kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günlük müddət 11 fevral 2021-ci il tarixdən başlamışdır. 29-cu iş günündə, yəni 31 mart 2021-ci il tarixdə **********521600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Göründüyü kimi, 31 mart 2021-ci il tarixli **********521600 nömrəli qərar Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət daxilində qəbul edilmişdir İddiaçının növbəti dəlili neft məhsullarının daşınması üçün çəkilmiş xərclərin nəzərə alınmaması ilə bağlı olmuşdur. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri daxil edilmişdir. Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi qərarın 2.5-ci bəndində əks olunmuşdur. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhsulların qiymətləri tənzimlənən təsərrüfat subyektləri qiymətlərin tənzimlənməsinə dair qərarları yerinə yetirməyə borcludur. Göstərilənlərə əsasən neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alındığı üçün təchizat xərcləri satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir. Buna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının X8 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəalar mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda qeyd edilən yanacaq və nəqliyyat xərclərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi tənzimlənmə vasitəsi cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətin çəkdiyi yanacaq və nəqliyyat xərclərinin nəzərə alınmaması ilə bağlı mövqeyində əsaslı hüquqi nəticəyə gəldiyini əks etdirir. İddiaçının qeyd etdiyi “bundan əvvəlki səyyar vergi yoxlaması zamanı daşıma üzrə xərclərin nəzərə alınmışdır” dəlili ilə də razılaşmırlar. Qüvvədə olan vergi qanunvericiliyinə əsasən vergilərin hesablanması zamanı əvvəlki yoxlama materiallarına istinad edilməsi ilə bağlı hər hansı normativ tənzimləmə vasitəsi mövcud deyil. Qeyd edilməlidir ki, iddiaçı cəmiyyətdə aparılmış kameral vergi yoxlaması konkret vergi dövrünü əhatə etmiş, vergi öhdəliyinin düzgün müəyyən edilməsi məqsədi ilə aparılmışdır. Bundan əvvəlki aparılmış səyyar vergi yoxlaması isə müəyyən tədiyyələr üzrə digər dövrləri əhatə etmişdir. İddiaçının nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndələri X3 və X9 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək tərəflərindən təqdim olunmuş etirazın dəlillərinə uyğun izahat verdilər və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən 10 fevral 2021-ci il tarixdə 2019-cu il üzrə mənfəət vergisinin bəyannaməsini cavabdeh inzibati orqana təqdim edilmişdir. Həmin bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2718338,45 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.68 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (2698499.65 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafıq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (2698500,33 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (95894,68 manat) çıxılması nəticəsində yaranan (2602605,65 manat) məbləğin müqayisəsi nəticəsində 115732,80 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının vergi bəyannaməsində gəlirdən çıxılan, sənədlərlə təsdiq edilməyən xərcləri – 115732,80 manat xərci təsdiqləyən sənədlərin vergi orqanına təqdim edilməsi ilə bağlı iddiaçıya 11.02.2021-ci il tarixli **********991000 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərsə də, iddiaçı tərəfindən xərclərin mənbəyi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı etirazda bildirmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən daşınma xərcləri ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının müəyyənləşdirilən satış qiymətinə daşınma xərcləri də daxil edilir. Ona görə daşınma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsi qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın daşınma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsinin qanunsuz olmasına dair dəlilləri aşağıda qeyd olunanlara əsasən qanuni sayıla bilməz. Belə ki, iş materiallarında olan 01.01.2019-cu il tarixli 06/286 nömrəli “Alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" QSC ilə alıcı İddiaçı2 MMC arasında neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X8 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İş materiallarında olan 15.10.2016-cı il tarixli “Neft məhsullarının daşınması barədə” 01 nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi İddiaçı2 MMC ilə icraçı X6 (VÖEN **********) arasında neft məhsullarının Bakı şəhərindən daşınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən hər bir reys üçün sifarişçi icraçıya 700 (yeddi yüz) manat xidmət haqqı ödəyir. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, 01.01.2019-cu il tarixli 06/286 nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən satıcı "xxxx" QSC ilə alıcı İddiaçı2 MMC arasında neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilə bağlanmış və həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X8 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İddiaçı aldığı neft məhsulların daşınması ilə bağlı fərdi sahibkar X6 (VÖEN **********) ilə xidmət müqaviləsi bağlamışdır. Odur ki, daşınma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsi əsassız hesab oluna bilməz. Lakin məhkəmə hazırki qənaətə gəlsə də, hesab edir ki, iş üzrə iddiaçı olan vergi ödəyicisinin məhkəməyə və inzibati orqana təqdim etdiyi xərc sənədlərinin qanunamüvafiqliyinin yoxlanılması zəruridir. Belə ki, hazırki məsuliyyətə cəlb edilmə qərarının əsasını da məhz sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsidir. Bundan başqa, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.05.2021-ci il tarixli məlumatın təqdim olunması barədə məktubundan da göründüyü kimi hesablanmış vergilər vergi ödəyicisinin 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyənnaməsində yaranmış elektron uyğunsuzluq (sənədlərlə təsdiqini tapmayan xərc) əsasında aparılmış və hesablama Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İşdə olan 15.10.2016-cı il tarixli “Neft məhsullarının daşınması barədə” 01 nömrəli xidmət müqaviləsindən məlum olduğu kimi tərəflərin (sifarişçi və icraçının) hər ikisinin də vergi ödəyicisi olmasına baxmayaraq göstərilən xidmətə görə sifarişçi İddiaçı2 MMC tərəfindən icraçı X4 ödənilən məbləğlər elektron-qaimə faktura ilə sənədləşdirilməli olduğu halda, heç bir elektron-qaimə faktura tərtib edilməmiş, sadəcə olaraq X6 tərəfindən iddiaçıya ödənilən məbləğlərə müvafiq olaraq mədaxil qəbzləri təqdim edilmişdir. Məhkəmə araşdırılması zamanı vergi ödəyicisi İddiaçı2 MMC-nin nümayəndəsinə 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlara dair, yəni xərcini təsdiqləyən sənədlərin təqdim edilməsi təklif olunmuş və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə X2 (VÖEN **********) adına qeyd olunan 12 ədəd mədaxil qəbzi təqdim edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102560 nömrəli, 30.01.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 7000 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102561 nömrəli, 24.02.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 7000 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102562 nömrəli, 25.03.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 7700 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102563 nömrəli, 20.04.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 8400 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102564 nömrəli, 22.05.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 9800 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102565 nömrəli, 27.06.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 11900 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102566 nömrəli, 29.07.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 11900 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102567 nömrəli, 30.08.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10500 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102568 nömrəli, 28.09.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 9800 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102569 nömrəli, 26.10.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10200 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102570 nömrəli, 28.11.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10500 manat ödənildiyi qeyd edilmişdir. X2 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102571 nömrəli, 25.12.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10500 manat ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.11-7. maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. - 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. - 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. - 71-1.5.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Göründüyü kimi təqdim olunmuş vergi bəyannaməsində iddiaçının xərcləri qeyd edilsə də, iddiaçı həmin xərcləri dair qanunvericilikdə nəzərdə tutulan sənədlə, yəni qanunvericiliklə qaydası müəyyən edilmiş elektron-qaimə fakturalarla rəsmiləşdirməmişdir. Məhkəmə iddiaçı tərəfindən xərclərin əsası kimi təqdim edilən mədaxil qəbzlərinin qanunauyğunluğunu yoxlamaq məqsədilə müvafiq sorğular vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 01.11.2021-ci il tarixli **********224500 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş sadələşdirilmiş vergi bəyannamələrindən görünür ki, X6 tərəfindən vergi orqanına 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmiş, təqdim edilmiş 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində isə hər hansı dövriyyə (gəlir) məbləği bəyan edilməmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.11.2021-ci il tarixli **********498400 nömrəli məktubundan görünür ki, X2 13.04.2019-cu il tarixli **********678500 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” əsasında fəaliyyəti dayandırılmış, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə vergi orqanına vergi bəyannamələri təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun olsa da, həmin sənədlərin həqiqəti əks etdirməsi, iddiaçının vergi bəyannaməsi üzrə qeyd etdiyi nəqliyyat xərclərini təsdiq etməsi sübuta yetirilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, xidmət müqaviləsi üzrə həm iddiaçı, həm də göstərilən xidmətə görə ödəniş edilən icraçı X6 vergi ödəyiciləri olduğundan xidmətlərin yerinə yetirilməsinə görə sənədləşmələr məhz elektron qaimə-faktura əsasında həyata keçirilməli və iddiaçı gəlirləri kimi xərclərini də qanunauyğun qaydada rəsmiləşdirməli idi. Lakin hazırkı iş üzrə iddiaçı nəqliyyat xərclərinin təsdiqi kimi icraçı X6 tərəfindən verilən 2019-cu ilin 12 ayını əhatə edən mədaxil qəbzlərini məhkəməyə təqdim etmiş, məhkəmə araşdırması zamanı da X6 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində hər hansı dövriyyə (gəlir) məbləği bəyan etməməsi, habelə 2019cu ilin aprel ayından fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət etməsi müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə həm iddiaçı, həm də göstərilən xidmətə görə ödəniş edilən icraçı vergi ödəyiciləri olduğundan və xidmətlərin yerinə yetirilməsinə görə sənədləşmələr də məhz elektron qaimə-faktura əsasında aparılmalı olduğunudan, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzlərində göstərilən məbləğlər həmin qəbzlərin verildiyi şəxsin (X2) vergi bəyannamələrində öz əksini tapmadığından, eyni zamanda, 2019-cu ilin aprel-dekabr aylarında verilən mədaxil qəbzləri vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrə təsadüf etdiyindən həmin mədaxil qəbzlərinin iddiaçının xərclərini təsdiq edən sənəd kimi qəbul edilməsi istisna olunur. Məhkəmə iddia ərizəsinin kameral vergi yoxlamasının 30 iş günü müddəti ötürülməklə həyata keçirilməsi dəlili ilə bağlı qeyd edir ki, işdə olan sənədlərlə iddiaçı tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 10.02.2021-ci il tarixində vergi orqanına təqdim edildiyi, həmin bəyannamə əsasında iddiaçının fəaliyyəti ilə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə 11 fevral 2021-ci il tarixdə **********991000 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubunun göndərildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən 10 fevral 2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edildiyindən kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günlük müddət 11 fevral 2021-ci il tarixdən başlamış və müddətin 29-cu iş günündə, yəni 31 mart 2021-ci il tarixdə **********521600 nömrəli qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 31 mart 2021-ci il tarixli **********521600 nömrəli qərar Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət daxilində qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, vergi dövlətin ən önəmli gəlir qaynağı olmaqla dövlət suverenliyinin əsas təzahür formalarından biridir. Vergilərdən qazanılan vəsaitlər dövlətdə müxtəlif məqsədlər üçün istifadə olunur. Onlara müharibə xərcləri, qanunların həyata keçirilməsi, ictimai nizam-intizamı qoruyub saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur, tenderlər və s. həyata keçirmə, ictimai işlər və dövlətin saxlanılmasını aid etmək olar. O cümlədən vergilərdən əldə olunan gəlir xalqın rifahına və ictimai xidmətlərə sərf edilir ki, bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, sosial təminat, ictimai nəqliyyat, enerji təchizatını sadalamaq olar. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ 4 hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, “vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Vergiləri vaxtında ödəmək vergi ödəyicisinin vəzifəsi olduğu kimi, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək də vergi orqanlarının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1098/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1098/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver