Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1098/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məzuniyyətə görə kompensasiyanın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məzuniyyətə görə kompensasiyanın verilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona hərbi xidmət dövrünün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın verilməsi və kompensasiyanın məbləğinə ödənişin gecikdiyi dövrə görə inflyasiya faizinin hesablanmasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 1NN4-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları barədə qərarına əsasən kompensasiyanın alınması üçün tələb olunan sənədlər iddiaçı tərəfindən Müdafiə Nazirliyinin müvafiq komissiyasına təqdim olunmuşdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən kompensasiyanın ödənilməsi üçün sənədlər (xatırladığı qədər 2017-ci ildə) xx.xx.2002-xx.xx.2023-cü illər ərzində iddiaçının xidmətdə olduğu həmin dövrdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilib. Sonradan N saylı hərbi hissənin nümayəndəsi tərəfindən iddiaçıya zəng olunaraq kompensasiyanın hesablandığını və ödəniləcəyini bildirmişdir. Lakin müraciət dövründən keçən 6 (altı) il ərzində kompensaiya ödənilməmişdir. 2023-cü ildə yenidən kompensasiyanın ödənilməsi üçün o, Müdafiə Nazirliyinin İşlər İdarəsinə müraciət etmiş (xx.xx.2023-cü il tarixində poçt göndərişi/tranzaksiya №SS815638723AZ qəbz əlavə olunur) və müraciətinə cavab məktubunda kompensasiyanın ödənilməsi üçün sənədlərin N saylı hərbi hissəyə göndərildiyi qeyd olunmuşdur. Lakin xeyli müddət keçdiyi üçün müvafiq ödəniş olunmamışdır. Ona görə də o, 2 (iki) dəfə müəyyən aralıqlarla rəsmi formada N saylı hərbi hissəyə müraciət etmişdir (xx.xx.2023-cü il tarixində poçt göndərişi/tranzaksiya NOSS861N25N3AZ; xx.xx.2023-cü il tarixində poçt göndərişi/tranzaksiya o SS86217N62N qəbzlər əlavə olunur). Lakin ona heç bir cavab verilməmiş və bugünə qədər kompensasiya ödənilməmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-10N8/2024 nömrəli qərardadı ilə cavabdeh N saylı hərbi hissə əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
5. Tərəflərə bu barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı heç bir məlumat verməmişlər. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Məhkəmə aidiyyatla bağlı iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri).
9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
10. İddiaçının hazırkı tələbi hərbi qulluqçu kimi ona hərbi xidmət dövrünün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın verilməsi və kompensasiyanın məbləğinə ödənişin gecikdiyi dövrə görə inflyasiya faizinin hesablanmasının təmin edilməsindən ibarətdir ki, bu da onu göstərir ki, onun iddiası hərbi qulluqçu kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Bu halda mübahisənin aidiyyatı İPM-nin 8.1.3-cü maddəsinin təsiri altına düşməklə, həmin normada müəyyən edilmiş qaydada müəyyən edilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
12. Həmin normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə; 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə; 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir.
13. Məhkəmə tərəfindən iddiaçının xidməti yaşayış sahəsi ilə təmin edilibedilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış sorğuya Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli 5N43 nömrəli və N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 165 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan ordusunda, o cümlədən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində xidməti yaşayış sahəsi ilə təmin edilməmişdir.
14. Belə olan halda, yəni iddiaçının xidməti yaşayış sahəsi olmadığı üçün aidiyyat qaydalarına görə hazırkı mübahisədə səlahiyyətli məhkəmə iddiaçının yaşayış yeri üzrə müəyyən edilir.
15. İş materialları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yer İsmayıllı şəhəri, ünvan 2 ünvanıdır.
16. Belə olan halda iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə Şəki İnzibati Məhkəməsidir.
17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 10N-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
18. Cavabdehin qeydiyyat yeri olan İsmayıllı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 201N-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
19. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məzuniyyətə görə kompensasiyanın verilməsi tələbinə dair işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
20. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məzuniyyətə görə kompensasiyanın verilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva