Məhkəmə qərarları › İş №2-1(114)-1099/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1099/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1099/2024 12.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı əsasında İddiaçı MMC-yə 2023-cü ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 6.991,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.

2. Həmin qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur. II. Məhkəmədə icraat

3. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarın ləğv edilməsi və onun vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli İddiaçı MMC barəsində Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 7.475,57 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 14.467,2 manat, yəni 6.991,63 manat əlavə hesablama etmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 6.991,63 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Vergi orqanının sistemdə olan işçiləri əsas götürərək sistemdən çıxarış əsasında hamıya hesablama aparması tamamilə yanlışdır. Sistemdə muzdlu müqavilə olsa da, 2-ci rübdən bir çox işçi öz hesabına məzuniyyətdə olub. Bir qisim işçi isə xəstəliyə görə hətta oktyabr ayına kimi müalicədə olduğundan nə işə gəlməyi, nə də tibb arayışı təqdim etmədiyinə görə heç bir hesablama aparılmayıb. Nəticədə həmin işçilər tutduğu vəzifəsindən azad edilərək əmək müqavilələrinə xitam verilib. İddiaçı hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablama hərəkətləri qanunsuz hesab edilərək, tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********954600 saylı qərar ləğv edilməli, artıq hesablanmış 6.991,63 manat şəxsi hesab vərəqəsindən silinməlidir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixli **********679200 nömrəli vəsatət məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Vəsatət onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə fəaliyyət növü “Buğdanın becərilməsi” olmaqla uçota alınmış və həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçının ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan "Restoran" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m, olan "X5 KOMPLEKSİ" adlı təsərrüfat subyektinin (obyektinin) (cbyektin kodu: **********-36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahesi 21703 kv.m. olan "AQROPARK YEMƏKΧΑΝΑ" adlı təsərrüfat subyektinin (oliyektinin) (obyektin kodu: **********-36002) və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan "AQROMARKET" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir. İddiaçı 2023-cu ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci "Gəlirlər sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11,058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilen kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 21 avqust 2023-cü il tarixli **********719300 saylı məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 2-ci rübü üzrə ümumilikdə 6.991,63 manat əlavə MDSS, İşsizlik və İTS məbləğləri hesablanmış və Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 20 sentyabr 2023-cü il tarixli **********954600 saylı qərar qəbul edilərək iddiaçının elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq 21 sentyabr 2023-cü il tarixdə saat 15:11-də oxunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci və 38.3-cü maddələrində göstərilmiş əsaslarla, iddiaçı 20 sentyabr 2023-cü il tarixli **********954600 saylı qərardan şikayət vermə müddətini ötürmüşdür.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

8. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

9. İddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. İddiaçının nümayəndəsi X2 hazırlıq iclası zamanı iddia müddətinin ötürülməsi məsələsinə münasibət bildirərək, göstərmişdir ki, mübahisələndirilən qərardan 2023-cü ilin noyabr ayında məlumat tutmuşlar və dərhal məhkəmədə iddia qaldırmışlar. Həmin qərarı onlar MMC-nin elektron kabinetində oxumamışlar. Oxumuş olsaydılar, 30 gün müddəti gözləmədən iddia qaldırardılar.

11. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia müddətinin ötürülməsi məsələsinə münasibət bildirərək, göstərmişdir ki, iddiaçı MMC ilə vergi orqanı arasında elektron sənəd mübadiləsi barədə müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən, iddiaçı vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq tanış olmaq barədə üzərinə vəzifə götürmüşdür və sənəd vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin kabinetinə göndərildikdə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab edilir. Odur ki. iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

12. Məhkəmə proses iştirakçısını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

14. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

16. İşin müəyyən edilmiş hallarına görə, iddiaçıya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı əsasında 2023-cü ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 6.991,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.

17. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarın ləğv olunmasını xahiş edir.

18. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

19. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

20. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

21. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

22. Tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilədə aşağdakılar təsbit olunmuşdur: Bənd 2.5. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Bənd 2.7. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Bənd 4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var: 4.1.7. Vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq)tanış olmaq və lazımi tədbirlər görmək.

23. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

24. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.

25. İddiaçının nümayəndəsi mübahisələndirilən qərardan 2023-cü ilin noyabr ayında məlumat tutduqlarını və dərhal məhkəmədə iddia qaldırdıqlarını, həmin qərarı MMC-nin elektron kabinetində oxumadıqlarını bildirsə də, məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 15:11-də oxunmuşdur.

26. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

27. Yəni, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüş və ötürmədiyini iddia edərək, müddətin bərpasına dair ərizə verməmişdir.

28. Məhkəmə onu da qeyd edir ki, iddianın qərarın ləğvi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələb – vergi borcunun silinməsi tələbi üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır. Çünki həmin borc sözügedən qərarla hesablanmışdır.

29. Buna görə də, iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar