Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-110/2021 06.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi (təsisçisi) X10 və vəkili X14, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 17.06.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “xxxx” MMC barəsində qəbul olunmuş 11.03.2020-ci il tarixli **********6537 nömrəli, 11.03.2020-ci il tarixli **********6541 nömrəli, 11.03.2020-ci il tarixli **********6545 nömrəli, 11.03.2020-ci il tarixli **********6547 nömrəli və 18.03.2020-ci il tarixli **********7453 nömrəli qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” MMC 17.12.2015-ci il tarixdə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən kommersiya hüquqi şəxs qismində qediyyata alınmışdır. Cəmiyyətin fəaliyyəti ticarət sahələrinin icarəyə verilməsindən və dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. İddiaçının özünün aptek fəaliyyəti ilə məşğul ola bilməsi haqqında lisenziyası olmasına baxmayaraq aptekin yerləşdiyi qeyriyaşayış sahəsini 2018-ci ilin sentyabr ayında 3 illik icarə müqaviləsi əsasında “xxxx” MMCnin istifadəsinə vermişdir. Həmin şirkət əvvəllər “xxxx” MMC-nin öz aptekində işləmiş X4, X15, X2 və X16 müxtəlif tarixlərdə işə götürmüşdür. 0075/20 nömrəli 15.01.2020-ci il tarixli əmrlə Şəlalə Əliyeva, 0074/20 nömrəli 15.01.2020-ci il tarixli əmrlə Nərgiz Əliyeva, 0077/20 nömrəli 15.01.2020-ci il tarixli əmrlə Elvira İmamquliyeva və 0078/20 nömrəli 15.01.2020-ci il tarixli əmrlə Sahilə Qənbərova “xxxx” MMC tərəfindən işdən azad edilmişlər. Qeyd olunan şəxslərin əmək müqavilələrinə xitam verilməsi və “xxxx” MMC-nin kassa aparatının qeydiyyatdan çıxarılmasından sonra 22.01.2020-ci il və 23.01.2020-ci il tarixlərdə cavabdehin əməkdaşları operativ vergi nəzarəti qaydasında aptekdə yoxlama keçirmiş və hüquq pozuntuları barədə akt tərtib etmişlər. Belə ki, vergi orqanının əməkdaşları 22.01.2020-ci il tarixdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” VN seriyalı 003858 nömrəli akt və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” VN seriyalı 002814 nömrəli akt tərtib etmişlər. Bundan başqa vergi orqanının əməkdaşları 23.01.2020-ci il tarixdə təkrarən “xxxx” MMC-də operativ vergi yoxlaması aparmış və VN seriyalı 002120 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” akt və VN seriyalı 002619 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib etmişlər. Həmçinin vergi orqanının əməkdaşları aptekə gəlmədən və operativ vergi nəzarəti qaydasında heç bir yoxlama keçirmədən qərəzli olaraq təkrarən 31.01.2020-ci il tarixli VN seriyalı 003870 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib etmişlər. Bundan sonra cavabdehin 11.03.2020-ci il tarixli **********6537 nömrəli qərarı ilə iddiaçıya 8000 manat, 11.03.2020-ci il tarixli **********6545 nömrəli qərarı ilə 1000 manat, 11.03.2020-ci il tarixli **********6547 nömrəli qərarı ilə 4000 manat, 11.03.2020-ci il tarixli qərarı ilə 3000 manat və 18.03.2020-ci il tarixli **********7453 nömrəli qərarı ilə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd olunmuşdur ki, guya iddiaçı X4, X2, X6, X15 və X16 əmək müqavilələri olmadan qanunsuz işə cəlb etmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla bağlı qeyd edilir ki, iddiaçıya məxsus aptekdə hər zaman 4 nəfər işçi olmuş və artıq işçiyə ehtiyac olmamışdır. X6 çıxmaq şərtilə 18.01.2020-ci il tarixdən yuxarıda adları qeyd olunan şəxslər və onlardan başqa X25 müvafiq əmrlə rəsmən işə qəbul edilmişlər. Həmin işçilərin əmək müqavilələrinin qanunvericiliyin tələbinə əsasən vahid elektron informasiya sisteminə daxil edilməsi məqsədilə müəssisənin nümayəndəsi 18.01.2020-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə getmiş, işçi X25 ilə bağlanmış əmək müqaviləsi bildirişinin sistemdə qeydiyyatı aparıldıqdan sonra ümumilikdə sistemdə nasazlıq baş verdiyi üçün digər işçilərin müqavilələrinin bildirişi həmin gün qeydiyyata alınmamışdır. Yəni əmək müqavilələrinin bağlandığı gün bildirişlərin sistemdə qeydə alınmamağında iddiaçının təqsiri olmamış, eləcə də işçilərin gəlirlərinin gizlədilməsi məqsədi güdülməmişdir. X8, X7, X19 və X20 ilə bağlanmış əmək müqavilələrinin bildirişləri 24.01.2020-ci il tarixdə cavabdehin inzibati binasında onun öz əməkdaşları tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmışdır. Həmin bildirişlərdən də görünür ki, işçilərlə əmək müqavilələri 18.01.2020-ci il tarixdə bağlanmışdır və işçilərin əmək haqqı və müvafiq məcburi ödənişlər də 18.01.2020-ci il tarixdən ödənilmişdir. Bundan başqa adları akta yazılan 4 nəfər işçi 22.01.2020-ci il tarixədək iddiaçının aptekinin fəaliyyəti ilə bağlı heç bir işə faktiki olaraq cəlb olunmamışlar. 22.01.2020-ci il tarixli aktda adı qeyd olunan Gültəkin Əsgərova ümumiyyətlə iddiaçının aptekində və “xxxx” MMC-nin aptekində heç vaxt işləməmişdir, həmin şəxs aptekdə işləyən Şəlalə Əliyevanın tanışı olmuş və aptek işini öyrənmək üçün gedib-gəlmişdir. Bundan başqa 31.01.2020-ci il tarixli aktda adı qanunsuz olaraq işə cəlb olunan şəxs kimi qeyd olunmuş Nərgiz Bayramova isə Gürcüstan vətəndaşıdır və aptekə həmişə ağır xəstə olan qaynatası üçün dərman almağa gəlmişdir, həmçinin qeyd olunan şəxs də Şəlalə Əliyevanın tanışı olmuşdur. 22.01.2020-ci il tarixdə vergi işçiləri aptekə gələndə Nərgiz Bayramova aptekdə olmuş, onun apteklə heç bir əlaqəsi olmadığı araşdırıldıqdan sonra adı akta yazılmamış, lakin sonradan 31.01.2020-ci il tarixli aktda onun adı qeyd olunmuşdur, halbuki həmin gün nə vergi orqanının əməkdaşları nə də ki, Nərgiz Bayramova aptekdə olmamışdır. Bundan başqa 22.01.2020-ci il və 23.01.2020-ci il tarixlərdə vergi orqanının əməkdaşları aptekə gələndə heç bir dərman almamışdır, ona görə də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı haqda tərtib etdikləri aktı etiraz olaraq imzalamışlar. Aptekdə qanuni qaydada “xxxx” MMC-nin adına qeyd edilmiş kassa aparatı olub və bütün əməliyyatlar kassadan keçir. Odur ki, yuxarıda qeyd olunan aktlar əsasında iddiaçının məsuiyyətə cəlb edilməsi haqqında qərarlar qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmənin 28.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X21 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Sahilə Qənbərova 22.01.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının vəkili X26 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********9981 nömrəli, 22.01.2020-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən “xxxx” MMC-yə məxsus aptekdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə 22.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 22.01.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı vergi ödəyicisi “xxxx” MMC-yə məxsus aptekdə keçirilən operativ vergi nəzarəti nəticəsində 4 nəfər fiziki şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində 22.01.2020-ci il tarixli 003858 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli **********6537 nömrəli qərarı ilə vergi ödəyicisinə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlama zamanı həmçinin, vergi ödəyicisinə məxsus obyektdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar olunmuş, 22.01.2020-ci il tarixli, 002814 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********6545 nömrəli 11.03.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 23.01.2020-ci il tarixində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********9981 nömrəli, 22.01.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən, Vergi ödəyicisinin obyektində təkrar yoxlama keçirilmiş, 1 nəfər işçinin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində 23.01.2020-ci il tarixli 002120 nömrəli akt tərtib olunmuş və həmin aktın əsasında vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6547 nömrəli 11.03.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 23.01.2020-ci il tarixli yoxlama zamanı təkrar əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydasının pozulması faktı aşkar edilmiş, bu barədə 23.01.2020-ci il tarixli 002619 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında Vergi orqanın **********6541 nömrəli 11.03.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisi Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 31.01.2020-ci il tarixində keçirilmiş növbəti operativ vergi nəzarəti zamanı təkrarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq 1 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsi 31.01.2020-ci il tarixli 003870 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında Vergi orqanının **********7453 nömrəli, 18.03.2020-ci il tarixli Qərarı ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin özü iddia ərizəsində 5 nəfər işçi ilə əmək müqaviləsi bağladığını bildirir, digər tərəfdən də həmişə 4 nəfər işçisinin olduğunu, artıq işçiyə ehtiyac olmadığını qeyd edir. Bundan başqa əmək müqaviləsi elektron informasiya sisteminə işəgötürən tərəfindən daxil edilməlidir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmçinin operativ vergi nəzarət tədbiri zamanı Gültəkin Əsgərovanın və Nərgiz Bayramovanın faktiki olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bu isə iddianın əsassız olduğunu göstərir. Yoxlama zamanı X9 Respublikası vətəndaşı olması faktı müəyyən olunmuş və bununla bununla bağlı materiallar araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinin Gəncə regional miqrasiya idarəsinə göndərilmişdir. X27 regional miqrasiya idarəsinə verdiyi izahatında təcrübə əldə etmək üçün “xxxx” MMC-də işlədiyini, vergi əməkdaşları aptekə gəldiyi zaman ağ xalatda olduğunu, yoxlamadan sonra aptekə getmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı MN №0362655 li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa vergi orqanı tərəfindən 22.01.2020-ci il və 23.01.2020-ci il tarixli aktlarda da qeyd olunduğu kimi aptekdən müştəri tərəfindən dərman pereparatları üçün ödəniş edilmiş, lakin ödənilmiş pulun müqabilində nəzarət-kassa aparatından çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Uçotdan yayındırılmış məbləğlər nəzarət-kassa aparatında bərpa edilmiş, bərpa çeki və X hesabatı akta əlavə olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 22.01.2020-ci il tarixli, **********9981 nömrəli qərarından görünür ki, “xxxx” MMC-yə məxsus aptekdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə 22.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 22.01.2020-ci il tarixli 003858 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı “xxxx” MMC-yə məxsus aptekdə əmək müqaviləsi bağlamadan 4 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş 22.01.2020-ci il tarixli 003858 nömrəli akta əlavədən görünür ki, “xxxx” MMC-yə məxsus aptekdə operativ vergi nəzarəti nəticəsində X3, X12, X1 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli, **********6537 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23.01.2020-ci il tarixli 002120 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı “xxxx” MMC-yə məxsus aptekdə əmək müqaviləsi bağlamadan 1 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş 23.01.2020-ci il tarixli 002120 nömrəli akta əlavədən görünür ki, “xxxx” MMC-yə məxsus aptekdə operativ vergi nəzarəti nəticəsində X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli, **********6547 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31.01.2020-ci il tarixli 003870 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı “xxxx” MMC-yə məxsus aptekdə əmək müqaviləsi bağlamadan 1 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş 31.01.2020-ci il tarixli 003870 nömrəli akta əlavədən görünür ki, “xxxx” MMC-yə məxsus aptekdə operativ vergi nəzarəti nəticəsində Nərgiz Bayramovanın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.03.2020-ci il tarixli, **********7453 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 22.01.2020-ci il tarixli 002814 nömrəli aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı “xxxx” MMC-yə məxsus aptekdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli, **********6545 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23.01.2020-ci il tarixli 002619 nömrəli aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı “xxxx” MMC-yə məxsus aptekdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli, **********6541 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -18.01.2020-ci il tarixli 02 nömrəli əmrlərin surətindən görünür ki, X8, X19, X7 və X20 18.01.2020-ci il tarixdən “xxxx” MMC-də müvafiq vəzifələrə təyin edilmişlər. -22.01.2020-ci il tarixli 04 nömrəli əmrin surətindən görünür ki, X20 22.01.2020-ci il tarixdən etibarən öz ərizəsinə əsasən işdən azad edilmişdir. -24.01.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, X8, X19 və X20 ilə bağlanmış əmək müqaviləsi ilə bağlı bildirişlər 24.01.2020-ci il tarixdə imzalanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********9981 nömrəli, 22.01.2020-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən “xxxx” MMC-yə məxsus aptekdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə 22.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi “xxxx” MMC-yə məxsus aptekdə keçirilən operativ vergi nəzarəti nəticəsində 22.01.2020-ci il tarixli 003858 nömrəli, 22.01.2020-ci il tarixli 002814 nömrəli, 23.01.2020-ci il tarixli 002120 nömrəli, 23.01.2020ci il tarixli 002619 nömrəli və 31.01.2020-ci il tarixli 003870 nömrəli aktlar tərtib edilmiş və sözügedən aktlar əsasında iddiaçı “xxxx” MMC-yə vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli **********6537 nömrəli qərarı ilə 8000 manat, 11.03.2020-ci il tarixli **********6545 nömrəli qərarı ilə 1000 manat, 11.03.2020-ci il tarixli **********6547 nömrəli qərarı ilə 4000 manat, 11.03.2020-ci il tarixli **********6541 nömrəli qərarı ilə 3000 manat və 18.03.2020-ci il tarixli **********7453 nömrəli qərarı ilə 6000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 22.01.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı vergi ödəyicisinə məxsus aptekdə keçirilən operativ vergi nəzarəti nəticəsində 4 nəfər fiziki şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində 22.01.2020-ci il tarixli 003858 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli **********6537 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə tələbin “11.03.2020-ci il tarixli **********6537 nömrəli qərarın ləğvi” hissəsini əsaslı hesab etmir və bunu aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar təsdiq edilmişdir. Həmin Qaydaların 3-cü hissəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İstinad olunan normaların məzmunundan da göründüyü kimi əmək müqaviləsi elektron informasiya sisteminə işəgötürən tərəfindən daxil edilməlidir və əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Deməli elektron informasiya sistemində qeydiyyata alınmamış müqavilənin hüquqi qüvvəsi yoxdur. İş materiallari ilə müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən X8, X19, X7 və X23 18.01.2020-ci il tarixdə “xxxx” MMC-də müvafiq vəzifələrə təyin edilsə də, həmin şəxslərlə bağlanmış əmək müqaviləsi bidirişləri elektron informasiya sistemində 24.01.2020-ci il tarixdə qeydiyyata alınmış, eləcə də Elvira İmamquliyeva və Sahilə Qəmbərova ilə bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdir. Həmçinin iddia ərizəsinin məzmununda da iddiaçı 4 nəfər işçisi olduğunu etiraf etmişdir. Göründüyü kimi sözügedən aptekdə yoxlama aparılan zaman X8, X19, X7 və X23 ilə bağlanmış əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınmadığına görə hüquqi qüvvəsi olmamışdır. Deməli həmin şəxslər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, yalnız yoxlama keçiriləndən sonrakı gün onlarla bağlanmış əmək müqavilələri ilə bağlı bildiriş işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı həmin şəxslərə münasibətdə haqlı olaraq vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 23.01.2020-ci il tarixli 002120 nömrəli aktda adı qeyd olunmuş X20 ilə bağlı qeyd olunmalıdır ki, həmin şəxs 18.01.2020-ci il tarixli müqavilə ilə işə götürülsə də, 22.01.2020ci il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan başqa 31.01.2020-ci il tarixində keçirilmiş növbəti operativ vergi nəzarəti zamanı təkrarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq 1 nəfər işçinin (Nərgiz Bayramovanın) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsi 31.01.2020-ci il tarixli 003870 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında vergi orqanının **********7453 nömrəli, 18.03.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən Nərgiz Bayramova yoxlama tədbirləri keçirilən zaman aptekdə olsa da, 20.02.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatdan da bəlli olur ki, o həmin aptekə yalnız təcrübə keçmək məqsədilə gedibgəlmiş, bu səbəbdən də o aptekin işçiləri kimi ağ xalatda olmuş, lakin ümumilikdə aptekin işçisi olmamışdır. Göründüyü kimi Nərgiz Bayramovanın da sözügedən obyektdə əmək fəaliyyəti ilə məşğul olması yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bundan əlavə vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan Sahilə Qənbərova və Nərgiz Bayramovanı işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən də məhkəmə mübahisələndirilən 11.03.2020-ci il tarixli, **********6547 nömrəli və 18.03.2020-ci il tarixli **********7453 nömrəli qərarları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bundan başqa məhkəmə tələbin “11.03.2020-ci il tarixli, **********6545 nömrəli və 11.03.2020-ci il tarixli, **********6541 nömrəli qərarların ləğvi” hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 22.01.2020-ci il və 23.01.2020-ci il tarixli aktlarda da qeyd olunduğu kimi iddiaçıya məxsus aptekdə müştəri tərəfindən dərman pereparatları üçün ödəniş edilmiş, lakin ödənilmiş pulun müqabilində nəzarət-kassa aparatından çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Uçotdan yayındırılmış məbləğlər nəzarət-kassa aparatında bərpa edilmiş, bərpa çeki və X hesabatı akta əlavə olunmuşdur. Göründüyü kimi vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydaları pozulmuş və vergi orqanı tərəfindən qanunvericiliyə müvafiq olaraq onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə tələbi həmin qərarların ləğvi hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli, **********6547 nömrəli və 18.03.2020-ci il tarixli **********7453 nömrəli qərarları ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.03.2020-ci il tarixli, **********6547 nömrəli və 18.03.2020-ci il tarixli **********7453 nömrəli qərarlar ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-110/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-110/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver