Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-110/2023 14.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1989-cu il tarixdə Gülüstan rayonunda anadan olmuş, 2019-cu ilədək Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 241C nömrəli rəyə əsasən 14 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 0,84 hektar olmaqla, Quşqara bələdiyyəsinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi İ keyfiyyət qrupu olmaqla satılması qanunamüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov, Xanlar rayonu Quşqara bələdiyyəsinin (bundan sonra mətndə - üçüncü şəxs) üzvü Ş.İbrahimov və iddiaçının iştirakı ilə xx.xx.2007-ci il tarixdə akt tərtib edilərək bələdiyyənin Perspektiv inkişaf fond torpağından 0,84 hektar ayrılıb 14 nəfər vətəndaşa hər birinə 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. Üçüncü şəxsin xx.xx.2007-ci il tarixli 44 nömrəli qərarı ilə 14 nəfər vətəndaşa bələdiyyənin Perspektiv inkişaf fond torpağından 0,84 hektar ayrılıb hər birinə 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılmışdır. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə üçüncü şəxsin hesabına 51,84 manat ödənilmiş, bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə 1206 nömrə ilə Xanlar rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2008-ci il tarixdə A seriyalı 052181 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və 782 nömrə ilə X10 kitabında uçota alınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X6 “Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, ərizə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 0,06 ha torpaq sahəsinin yol və qonşu torpaq sahələri ilə sərhəddir, icazəsiz tikililət yoxdur, istifadəyə yararlıdır, torpaq sahəsi elektron baza və DWG məlumatlarında başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpaq sahəsinə düşür. DWG məlumatlarında torpaq sahəsinin bir hissəsi KPİ-na, bir hissəsi kənd təsərrüfatlı torpaqlara düşür. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********67 nömrəli məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin, torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrasından imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 44 nömrəli qərarına əsasən Xanlar (indiki Göygöl) rayonu, Quşqara kəndi ərazisində bələdiyyənin perspektiv inkişaf fond torpağından iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Bununla bağlı Xanlar rayon Quşqara bələdiyyəsi ilə aralarında torpaqların alqısatqısına dair akt tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri Xanlar rayon Quşqara bələdiyyəsinin bank hesabına ödənilmişdir. Daha sonra sözügedən 0,06 hektar həyətyanı torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 052181 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək X9 kitabında xx.xx.2008-ci il tarixdə 782 nömrə ilə uçota alınmışdır. İddiaçı sözügedən 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli məktubla elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü, həmçinin torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyini əsas gətirərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydə alınmasından imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 44 nömrəli qərarı qəbul edilməzdən əvvəl Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisinin də iştirakı ilə yaradılmış bələdiyyə komissiyası tərəfindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilərək akt tərtib edilmiş, həmçinin həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid alqı- satqı predmeti olan torpaq sahəsi olmasına və həmin torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəs mitəsinin Xanlar rayon şöbəsi tərəfindən rəy verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubunda bildirmişdir ki, İdarənin arxiv sənədlərinin və elektron baza məlumatlarının (DWG) araşdırılması zamanı, xx.xx.2008-ci il tarixli, 782 nömrəli (A 052181) "Torpaq sahəsinin planı və ölçüsü"də göstərilən 600 kv.m torpaq sahəsinin bir hissəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin pespektiv inkişafı üçün cəlb olunan torpaq sahəsi, bir hissəsinin isə X7 və onun ailə üzvlərinin mülkiyyətində olan JN-187 nömrəli Dövlət Aktında qeyd olunmuş kənd təsərrüfatı təyinatı torpaq sahəsi olduğu müyyən edilmişdir. Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 600 kv.m torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatların Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən X4 mülkiyyətində olan (xx.xx.2008-ci il tarixli, **********40 reyestr nömrəli çıxarışa əsasən) torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********37 nömrəli etirazını təqdim etmişdir. Həmin etirazda imtina əsasları yenidən təkrarlanmış və əlavə olaraq bildirilmişdir ki, faktiki torpaq sahəsi X5 məxsus xx.xx.2012-ci il tarixli, **********740 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Həmçinin, yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpağına düşür, torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının nümayəndəsinin naturada təqdim etdiyi 600.0 kv.m torpaq sahəsinin 492.0 kv.m hissəsi, A seriyalı 052181 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Üçüncü şəxsin xx.xx.2007-ci il tarixli 44 saylı qərarı ilə iddiaçıya satılmış, A seriyalı 052181 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsi hal-hazırda, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahədir. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmamışdır. Məhkəmə iclasında dinlənilən Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi Sevindik Həsənov rəylə bağlı bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi 6 sot torpaq sahəsinin 492 kv.m hissəsi plan və ölçü sənədi ilə üst-üstə düşür. Plan və ölçü sənədində qeyd edilən qalıq torpaq sahəsi qonşu tərəfindən çəpərlənmiş olsa da, onun çıxarışında qeyd edilən torpaq sahəsinə aid deyildir. Başqa sözlə, qonşu iddiaçının texniki sənədində qeyd edilən torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. İddiaçının faktiki istifadə etdiyi və texniki sənəddə göstərilən 6 sot torpaq sahələri bələdiyyə torpaqları olmaqla, onların üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 saylı qərarı ilə bələdiyyənin Perspektiv inkişaf fond torpağından 0,06 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına 51,84 manat ödəmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1206 sıra nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə iddiaçıya bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (23 oktyabr 2007-ci il tarixə qədər olan redaksiya). Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan faktiki torpaq sahəsinin X5 məxsus xx.xx.2012-ci il tarixli, **********740 reyestr nömrəli çıxarışla üst-üstə düşməsi həmçinin, torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsinə, bununla yanaşı, yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpağına düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin halları təsdiq edən sənədlər, sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh nə imtinasında, nə də məhkəməyə təqdim etdiyi etirazında və məktublarında mübahisəli torpaq sahəsinin hansı ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, başqa şəxsin torpaq sahəsi ilə üstüstə düşən hissənin ölçüsü, koordinatları barədə məlumat verməmişdir. Həmçinin, işdəki mütəxəssis rəyinə əsasən iddiaçıya verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin hazırda, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahə olması, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı, torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmadığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh imtina əsasları məhkəmə araşdırması zamanı müəyyən edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X1, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev