Məhkəmə qərarları › İş №2-1(114)-110/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-110/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-110/2025 14.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, İddiaçının(nümayəndəsi) vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin (nümayəndəsi) vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X8)qarşı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinin, evin və torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinin, evin və torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X10 və anası X3 vəfat etmişlər. Onlardan qalan miras əmlakı o və digər övladları qəbul etmişlər, lakin cavabdeh orqan müvafiq çıxarış verməkdən imtina edir. Əsas kimi qeyd edir ki, onların təqdim etdiyi texniki pasportda göstərilmiş ev bir hissəsinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə JN- 222F nömrəli şəhadətnamə ilə qeydə alınmış torpaq sahəsinin zəbtindən ayrılmışdır. Eyni zamanda qeyd olunan torpaq sahəsinin giriş-çıxışı X8 məxsus hissədədir. Qeyd edilənləri əsas gətirən iddiaçı mərhum atası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinin, evin və torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 adi qaydada üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi(vəkili) ayrıayrılıqda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməmasini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi(vəkili) izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-Q- 0113-8/2023 nömrəli məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 468 inventar nömrəli texniki pasportda qeyd olunan fərdi yaşayış evinin bir hissəsinin də yerləşdiyi 0,06 ha torpaq sahəsinə JN-222F nömrəli şəhadətnamə əsasında X4 adına xx.xx.2019-cu il tarixli **********49 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evinin bir hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə yerləşir. Torpaq sahəsi JN-222F nömrəli şəhadətnamənin zəbtindən ayrılmışdır. Eyni zamanda rorpaq sahəsinin giriş-çıxışı X8 məxsus çıxarışa aid hissədəndir. Qeyd edilənləri əsas gətirən cavabdeh orqan iddiaçının müraciətinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində X4, X2, X5 mülkiyyət hüquqları qeyd alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında mütəxəssis rəyi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-Q-244/2024 nömrəli məktub ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının X1 miras qaldığını iddia etdiyi Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsi 103 ünvanda yerləşən 151,81 kv.m-dək fərdi yaşayış evinin 50,42 kv.m-dək hissəsi xx.xx.2023-cü il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarışla X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə sorğusu əsasında məhkəməyə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2934/2024 nömrəli məktubdan və ona əlavə edilmiş adlı siyahıdan müəyyən olunur ki, X9 və onun ailə üzvlərinə, yəni X8, X6 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 60 nömrəli qərarı əsasında 0,06 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçının üzərində hüquqlarının tanınması tələb etdiyi evin bir hissəsi də torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən iddia tələbi ilə müraciət etmək üçün onun subyektiv hüququ yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinin, evin və torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar