Məhkəmə qərarları › İş №2-1(114)-1101/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1101/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1101/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona və uşaqları X4 və X8 “məcburi köçkün” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildə Ağcabədi şəhərində anadan olmuş və Ağcabədi şəhərində anadan olmasına baxmayaraq Ağdam rayonu Yusifcanlı kənd sakini olmuş və orada yaşamışdır. X2 və ailə üzvləri olaraq onlar, yəni anası X6, bacıları və özü 1990-cı ildə Ağcabədi rayonunun Aran kəndindən pasport və hərbi qeydiyyatdan çıxaraq Ağdam rayonu Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyata götürülmüşlər. 1991-1992-ci illərdə Ağdam rayonu Novruzlu kənd ərazi nümayəndəliyi bölünərək Novruzlu və Yusifcanlı kənd ərazi dairəsi üzrə nümayəndəlikləri yaradılmışdır. Onlar Yusifcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyata götürülmüşdür. 1993-cü ildə yaşadıqları Ağdam rayonu Yusifcanlı kəndindən məcburi köçkün düşmüş və bundan sonra Ağcabədi rayonunun türk çadır şəhərciyində məskunlaşmışlar. 1996-cı ilin dekabr ayında Ağcabədi polis şöbəsi tərəfindən çağırılmış və Ağcabədi hərbi komissarlığına göndərilmişdir. Ağcabədi hərbi komissarlığı tərəfindən hərbi xidmətə yola salınmışdır. 2000-ci ildən Ağdam rayon hərbi komissarlığında qeydiyyatdadır. Həyat yoldaşı X9 da məcburi köçkün statusuna malikdir. Yaxın vaxtlarda o və uşaqlarına məcburi köçkün vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ona məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin Türk Qızılay çadır şəhəriciyində icra nümayəndəsinin xx.xx.2005-ci il tarixli, 2025 nömrəli arayışının surətindən görünür ki, iddiaçı Türk Qızılay çadır şəhərciyində qeydiyyatdadır. - işə əlavə edilmiş X12 Filialının xx.xx.2019-cu il tarixli, 115 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X12 filialında mühafizə olunan Ağdam rayon Yusifcanlı kənd ərazi nümayəndəliyinin 1991-1995-ci illəri əhatə edən 8 nömrəli təsərrüfatbaşına uçot kitabının 605-ci səhifəsinə əsasən 22 fevral 1974-cü ildə anadan olmuş Şıxıyev X1 X2nun qeydiyyatında qeydə alınmışdır. -işə əlavə edilmiş AA seriyalı 18001 nömrəli, xx.xx.2000-ci il tarixli vəsiqədən görünür ki, iddiaçının əvvəllər məcburi köçkün statusu olmuşdur - işə əlavə edilmiş V-ЖГ 400038 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası kimi X10 qeyd edilmişdir. -işə əlavə edilmiş Ağdam Rayon İcra Hakimiyyətinin başçısının Aparatının xx.xx.2019-cu il tarixli, 3507 nömrəli arayışının surətindən görünür ki, iddiaçı 1993-cü ilin iyul ayında Ağdam rayonunun Yusifcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Yusifcanlı kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət alır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 2341 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci ildə Ağcabədi rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. xx.xx.1997-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1997-ci ildə xəstəliklər cədvəlinin 1 qrafasının 2 “b” maddəsinə MN-nin xx.xx.1997-ci il tarixli 30 saylı əmrinə əsasən sülh dövrü hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilmişdir. xx.xx.2000-ci ildə Ağdam rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatdadır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/6464 nömrəli məktubundan görünür ki, Ağdam rayonunun işğalından əvvəl Ağdam rayonunda hərbi və pasport qeydiyyatında olmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Ağdam Rayon İcra Hakimiyyətinin başçısının Yusifcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 216 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 1993-cü ildən Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşmüşdür. Hal-hazırda özü və ailə üzvləri məcburi köçkün olaraq beş nəfər 300 manat vahid aylıq müavinət alır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırda məcburi köçkün statusuna malik deyil, lakin qeydiyyatı daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayondur (Ağdam rayonu). İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının Ağdam rayonunun işğalından əvvəl Ağdam rayonunda hərbi və pasport qeydiyyatında olmaması səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1305-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın:- -1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 4.1.1-ci bəndində qeyd olunmuşdur ki, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materiallarından görünür ki, iddiaçı Ağdam rayon Yusifcanlı kənd ərazi nümayəndəliyinin 1991-1995-ci illəri əhatə edən 8 nömrəli təsərrüfatbaşına uçot kitabının 605-ci səhifəsinə əsasən 22 fevral 1974-cü ildə anadan olmuş Şıxıyev X1 X2nun qeydiyyatında qeydə alınmışdır. Bundan əlavə Ağdam Rayon İcra Hakimiyyətinin başçısının Aparatının xx.xx.2019-cu il tarixli, 3507 nömrəli arayışının surətindən görünür ki, iddiaçı 1993-cü ilin iyul ayında Ağdam rayonunun Yusifcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Yusifcanlı kəndindən məcburi köçkün düşmüşdür, həmçinin iddiaçının əvvəllər məcburi köçkün statusuna malik olması ilə bağlı vəsiqə də verilmişdir. İş materiallarından da görünür ki, iddiaçı Ağcabədi rayonunda anadan olmasına baxmayaraq sakini olduğu rayon işğal olunanadək daimi yaşayış yeri Ağdam rayonu olmuşdur. Odur ki, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan şərt ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlayışlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericiliklə müəyyən əsasa malik olmalıdır. Həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və bunun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimlənməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar