Məhkəmə qərarları › İş №2-1(114)-1101/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1101/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1101/2025 01.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 6000 manat sığorta pulu olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2019-cu il tarixdə Cavabdehnə işə qəbul olunmuşdur. İşə qəbul olunduqdan sonra normal olaraq öz fəaliyyətini iş yerində polis nəfəri olaraq vicdanla yerinə yetirmişdir. 2023-cü ilin oktyabr ayının 3-də xidmətdə olan zaman o, yıxılaraq ağır xəsarət almışdır. Bundan sonra əmək fəaliyyəti işdə olan zaman aldığı ağır xəsarətə görə dayandırılmışdır. Həmin müddətdə ona işdə aldığı xəsarətlə bağlı sığorta pulu olaraq kompensasiya təyin edilməmişdir. Bununla bağlı cavabdehə işdən azad olunarkən sığorta olaraq kompensasiyanın ödənilməsi barədə müraciət etsə də, müraciəti təmin edilməmiş və yalnız onun işdən azad olunmağı barədə sənədlər ona təqdim edilmişdir. Verilmiş sorğuya cavabdeh tərəfindən hərəkətsizlik edilərək cavab verilməmişdir. İddiaçı hesab edir ki, onun Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Cavabdeh 08 iyun 2024-cü il tarixli, 3-13-57/Ə(ş/h) 151/2024 №-li əmrindən çıxarışdan görünür ki, Cavabdeh Konvoy hissəsinin polis nəfəri-konvoyu Polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh sabiq polis əməkdaşı İddiaçı 2023-cü ildə xidməti vəzifəsinin icrası zamanı xəsarət alması barədə BPİ-yə müraciət etməmiş, bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh sabiq polis əməkdaşı İddiaçı 2023-cü il tarixdə xidməti vəzifəsinin icrası zamanı xəsarət alması ilə bağlı kompensasiya ödənilməsi barədə xidmət etdiyi dövrdə şəxsən müraciət etməmiş, anası X1 müraciəti əsasında aparılmış araşdırma zamanı İddiaçı sığorta pulunun ödənilməsi ilə bağlı heç bir tələbi olmadığını bildirdiyindən və müraciət maddi yardım edilməsi ilə bağlı olduğundan BPİ-nin rəhbərliyi tərəfindən ona maddi yardım göstərilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi ona xəsarət alması ilə bağlı sığorta pulunun ödənilməsidir. Məhkəmə tərəfindən verilmiş sorğuya Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş cavab məktubundan görünür ki, sığorta hadisələri ilə əlaqədar olaraq sığorta ödənişi almaq hüququ olan şəxs müvafiq sənədlərin əlavə olunduğu ərizə ilə sığorta ödənişinin verilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun müvafiq bölmələrinə müraciət edirlər. Bu səbəbdən hazırkı iş üzrə iddiaçının xəsarət alması ilə bağlı sığorta ödənişi verilməsi tələbi üzrə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu olmalı idi. Həmçinin iddiaçı qeyd olunan tələblə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, tələbi təmin edilmədikdə və ya cavabdeh hərəkətsizlik göstərdikdə, müraciət etməsini və (və ya) cavabdeh orqanın tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməli idi. Bununla əlaqədar olaraq, iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin qeyd olunan müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi zərurəti olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilmiş, nöqsanların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı Cavabdehnə qarşı “sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar