Məhkəmə qərarları › İş №2-1(114)-1104/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1104/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1104/2022 01.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində atası X2 adına qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 1Q, mənzil 8 ünvanında yerləşən ev 06 fevral 1968-ci il tarixli, 48 №li order əsasında məhrum atası X4 verilmişdir. Həmin vaxtdan da ailələri ilə birlikdə sözügedən mənzildə yaşamışlar. Mənzildə yaşadıqları müddət ərzində bir neçə dəfə əsaslı təmir işləri aparmış, evin bütün kommunal xərclərini ödəmişlər. Atası 29 yanvar 1987-ci il tarixdə vəfat etmişdir. Yaşadıqları binada demək olar ki, bütün sakinlər yaşadıqları mənzilləri özəlləşdirmişlər. O, da yaşadığı mənzilin atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilatda mənzilin atasının adına qeydə alınmasından imtina edilmişdir. Bu barədə ona rəsmi məktub da verilmişdir. Cavabdeh təşkilatın ona verdiyi imtina məktubundan belə çıxır ki, uzun illərdən bəri yaşadıqları mənzili qeydiyyata aldırmaq ixtiyarları yoxdur. Hesab edir ki, cavabdeh təşkilatın onun ərizəsinə imtina cavabı verməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə də hüquqlarını müdafiə etmək məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, uzun illərdən bəri yaşadıqları mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilata həvalə edilməsi barədə məhkəmədə qaldırdığı iddia tələbi qanunun müddəalarına tam müvafiqdir. Şifahi məhkəmə baxışı iclası 01 sentyabr 2022-ci il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaş X2 vərəsəsi İddiaçı Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1Q ünvanında yerləşən 8 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 27 yanvar 2022-ci il tarixli, **********S-0061 nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı X2 vərəsəsi İddiaçı müraciətinə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı və mənzilin özəlləşdirilməsi üçün əsas olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı müraciətə əlavə edilmiş orderin yararsız vəziyyətdə olduğu (möhürün olmadığı və ya oxunaqlı olmadığı), həqiqiliyinin təsdiqlənmədiyi, orderin mövcudluğu barədə arxiv arayışının əlavə edilmədiyi, həmçinin təqdim edilmiş Dövlət X5 xx.xx.2020-ci il tarixli, 626/4 nömrəli arxiv arayışında “mühafizə olunan Gəncə Şəhər İcra Hakimiyyəti mənzillərin paylanması, uçotu, istismarı, təmiri idarəsi (Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzil Təsərrüfatı İdarəsi) arxiv fondunun sənədlərinin yoxlanıldığı, X2 adına qeyd olunan mənzil verilmə barədə sənəd aşkar olunmadığı bildirilmişdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********80 nömrəli cavab məktubu ünvanlanmışdır. İş materiallarına xx.xx.1968-ci il tarixli, 48 nömrəli orderin təsdiqlənmiş surəti, xx.xx.1987-ci il tarixli, İİİ-JQ 354438 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.1972-ci il tarixli, İ-JQ 357923 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli və xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubları, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2956 nömrəli məktubu, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayış, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, Ə-115 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli, 479(323)/4 nömrəli və xx.xx.2022-ci il tarixli, 501(119)/4 nömrəli məktubları və xx.xx.2022-ci il tarixli, 033 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinəşamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin; 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyini crası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil 06 fevral 1968-ci il tarixli, 48 nömrəli order əsasında iddiaçının mərhum atası X4 verilmişdir. 21 aprel 2022-ci il tarixli, 033 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən mənzil hazırda İddiaçı istifadəsindədir və o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı həmin mənzil üzərində mərhum atasının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzil sahəsinin özəlləşdirilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsini əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinin əsası kimi 06 fevral 1968-ci il tarixli, 48 nömrəli orderi təqdim etmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Arxivinin 21 aprel 2022-ci il tarixli, 479 (323)/4 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən ev 1968-ci ildə Kirovabad Alüminium zavodunun Həmkarlar Komitəsinin qərarı ilə o zaman zavodda çilingər işləmiş X4 verilmişdir. Gəncə (Kirovabad) Alüminium zavodunun arxiv sənədləri filiala təhvil verilməmişdir. Bu səbəbdən mənzilvermə qərarı haqqında məlumat vermək mümkün olmamışdır. Gəncə Alüminium zavodu tərəfindən müxtəlif illərdə paylanmış mənzillərin orderlərinin kötükləri Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsində saxlanılırdı. Həmin idarənin filialda 370 nömrəsi ilə arxiv fondu mövcuddur. Əvvəlki illərdə filiala təhvil verilmiş orderlər 370 saylı fondda mühafizə olunur. 2019-cu ildə isə Alüminium zavod tərəfindən müxtəlif illərdə paylanmış mənzillərin orderləri pərakəndə halda Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsindən filiala qəbul edilmişdir. 370 saylı fondda mühafizə olunan mənzillərin orderləri yoxlanılmış, X2 adına order tapılmamışdır. 01 oktyabr 2009-cu il tarixdək qüvvədə olan Mənzil Məcəlləsinin 46-cı maddəsinə əsasən ictimai mənzil fonlu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 aprel 2022-ci il tarixli, Ə- 115 nömrəli məktubunun məzmunundan aydın olur ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 1Q nömrəli bina hazırda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Məhkəmə hesab edir ki, iddiaçının atasının mənzilə hər-hansı hüquqmüəyyənedici sənədi-orderi olmadığından və hazırda mənzil Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar