Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1105/2021 07.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi İdarəsinin Tərtər rayon şöbəsinə qarşı 1982-ci il aprel ayı tarixindən 1988-ci il dekabr ayı tarixinə qədər Tərtər rayonun keçmiş “Pravda” kolxozunda işlədiyi illərin naməlum səbəblərdən əmək kitabçasına yazılmamasına baxmayaraq sığorta stajı hesab edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 29.04.2021-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 1982-ci il aprel ayı tarixindən 1988-ci il dekabr ayı tarixinə qədər Tərtər rayonun keçmiş “Pravda” kolxozunda işlədiyi illərin sığorta stajı hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 may 2021-ci il tarixli sərəncamı ilə iddiaçıya yanlış iddia tələbi ilə məhkəməyə müraciət etdiyi, onun əsas məqsədi pensiya təyin edilməsi olduğu üçün işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbi olması bildirilmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, iş materiallarına X1 adına verilmiş ** AA ***9438 nömrəli etibarnamə əlavə olunsa da, nümayəndə ilə qardaş olmasını təsdiq edən doğum haqqında şəhadətnamələrin (hər ikinisinin) əsli və ya notariat qaydada təsdiq edilmiş surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə iddia ərizəsində hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqana (Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi İdarəsinin Tərtər rayon şöbəsinə) müraciət etməyi və həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməsi, tələbinə cavab verməli orqana müraciət etməklə həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət olunması izah edilməklə iddianın qanunun tələblərinə uyğunlaşdırması üçün 30 gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı və onun nümayəndəsi ərizəni qanunvericiliyin tələbinə uyğunlaşdırmadıqlarından məhkəmənin eyni məzmunlu 26.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya və iddiaçının nümayəndəsinə təkrar xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi göstərilən nöqsanları aradan qaldırmamışlar. İddiaçının nümayəndəsi 07.06.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi İdarəsinin Tərtər rayon şöbəsinə qarşı 1982-ci il aprel ayı tarixindən 1988-ci il dekabr ayı tarixinə qədər Tərtər rayonun keçmiş “Pravda” kolxozunda işlədiyi illərin sığorta stajı hesab edilməsi tələbinə dair iddiası geri götürülümüş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1105/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1105/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver